Logo
news content
User
Kateqoriyalar

Analitika

Nüfuzlu Qərb mediasında üç prezidentin bəyanatını necə saxtalaşdırırlar

Müəllif: Cəmil Həsənli

 

 

 

 

 

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri Ermənistan-Azərbaycan müharibəsi ilə bağlı birgə bəyanatla çıxış etmişdilər. Rəsmi bəyanatda “iştirakçı tərəflərin silahlı qüvvələri arasında” hərbi əməliyyatların dayandırılmasına çağırılır, Ermənistan və Azərbaycan rəhbərlərinə “ATƏT-in Minsk Qrupu həmsədrlərinin yardımı ilə vicdanla və ilkin şərtlər irəli sürmədən nizamlanmanın mahiyyəti üzrə danışıqları bərpa etmək” təklif olunurdu.

Bu sənədə "Reuters" tərəfindən necə əl “gəzdirildiyi” barədə yazmışam. Sənəd çox qısa, aydın və dəqiq ünvanlı olduğu halda, onu ilk yayan "Reuters" üç ölkə prezidentinin açıqlamasına bəzi "əlavələr" etmişdi. Agentlik yuxarıdakı çaqırışların ünvanlandığı tərəflər sırasına "Dağlıq Qarabağ rəhbərliyi”ni də əlavə etmişdi.

Əlbəttə, burada söhbət Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın oyuncaq rejimini münaqişənin tərəfi kimi qəbul etdirmək cəhdlərinə informasiya "dəstəyindən" gedirdi. Nəticədə "Reuters"in sənəd üzərində "cərrahiyyə əməliyyatı" yalanın tirajlanmasına gətirib çıxarmışdı. Yəni, dünyanın bir çox nüfuzlu informasiya mənbələri sənədin əsl mətnini deyil, "Reuters" tərəfindən saxtalaşdırılmış mətnini yaymışdılar. Bu, dezinformasiyadan daha dərin, daha ziyanlı bir saxtakarlıqdır.

Saxtakarlıq ifşa olunduqdan sonra bir çox agentliklər bunu nəzərə alsalar da, “Amerikanın səsi” radiosunun rus redaksiyası nədənsə indiyə qədər lazımi düzəlişi etməyib. Onun rus redaksiyasının saytında qeyd edilir ki, "США, Франция и Россия потребовали незамедлительного прекращения огня между Азербайджаном и силами этнических армян в Нагорном Карабахе, призвав стороны как можно скорее вернуться за стол переговоров".

Axı hər kəs, o cümlədən “Amerikanın səsi” də çox gözəl bilir ki, müharibə Azərbaycanla Dağlıq Qarabağın etnik erməni qüvvələri arasında deyil, Azərbaycanla işğalçı Ermənistan ordusu arasında gedir. İkincisi, belə bir ifadə Putin, Tramp və Makronun bəyanatında olmadığı halda, “Amerikanın səsi”nin rus redaksiyası onu haradan götürüb? Halbuki məsələ ətrafında spekulyativ hallara yol verildiyi üçün qeyd edilən bəyanatın doğru-dürüst mətni Kremlin, Ağ Evin və Yelisey sarayının saytlarında yerləşdirilib.

Bu halda, Amerika büdcəsindən maliyyələşən və Ağ Evin beş addımlığında yerləşən “Amerikanın səsi”nin rus redaksiyası niyə təmsil etdiyi ölkənin rəsmi saytında yer alan bəyanatın əsl mətnini deyil, saxta mətnini yayır və prezidentlərin bəyanatında olmayan fikri onların adına yazır? Burada məqsəd nədir? Necə olur ki, belə təhriflər müxtəlif beynəlxalq agentliklərin daha çox rus redaksiyalarında baş verir?..