Logo
news content
User
Kateqoriyalar

Analitika

Novxanıda bəy-gəlinə toy çalındı, atalarına toy tutuldu. Baba necə?

Koronavirus sürprizləri davam edir: “boz kardinal” təxəllüsü xeyli təvazökar “akademik” titulu ilə əvəzlənmiş Ramiz Mehdiyevin kürəkəni karantin şərtlərini pozmağa görə 15 günlüyünə həbs olunub. Kürəkən qudası ilə birlikdə artıq təcridxanaya yerləşdirilib, onların qandallı qolları isə sosial şəbəkələrdə hələ də layklar toplayır.

Yaxın vaxtlara qədər Prezident Administrasiyasına, hazırda Milli Elmlər Akademiyasına rəhbərlik edən Mehdiyev, mövcud qadağaya baxmayaraq, qız nəvəsi üçün toy məclisi təşkil edəndə, bunun üzgün və əsəbi cəmiyyətdə hansı qıcıq doğuracağını bilməmiş deyildi. Ölkənin baş ideoloqu kimi, o, 25 il bu cəmiyyətin formalaşması üçün şəxsən külüng çalıb. Odur ki, Novxanıda keçirilən zəngin toy mərasimi bir ailənin sevinci olmaqla yanaşı, bir millətin hakimiyyətdən narazılığını artıracaq addım idi, hətta deyərdik ki, kimlər üçünsə mesaj, kimlər üçünsə açıq çağırış idi. Təsadüfi deyil ki, həmin çağırışla (18 avqust) ona cavab arasında (22 avqust) qalan 3 gün ərzində ictimai qəzəb nə akademikə, nə də kürəkənlə qudaya deyil, əsasən dövlət rəhbərliyinə qarşı yönəlmişdi: insanlar “sizə olar, bizə olmaz?”, “kimdir bu məmləkətdə söz sahibi?” deyə soruşurdular, ölkə başçısını vəzifəli şəxslərin qanundan üstün olmasına şərait yaratmaqda, qətiyyətsizlikdə qınayırdılar. Və heç təsadüfi deyil ki, həmin üç gündə bəzi dövlət orqanları “Novxanı tədbiri”nin ölçülərini kiçiltməyə, onun atəşfəşanlıqla bitməsinin, hətta səs-küyə gəlmiş polis işçilərinin də içəri buraxılmamasının üstünü malalamağa çalışırdılar. Prezidentin sədri olduğu hakim partiyanın – YAP-ın icra katibinin müavini cənab Novruzov isə “iştirak eləmişəm, düz eləmişəm” deyirdi.

“Qanunsuz toy” iştirakçılarının siyasi statusu, onilliklərlə ölçülən qanunvericilik və idarəçilik təcrübəsi onların nə yapdıqlarını yaxşı anladıqlarını göstərir. Məclisdən “videoklip”lərin şəbəkədə və mediada geniş yayılması da düşüncəsizliyin nəticəsi deyil. Ona görə, prezidentin bu çağırışa cavab verməməsi onun ən azı özü üçün yaxın gələcəkdə yeni problemlər yarada bilərdi.

Cəmi bir il əvvəl – 2019-un ilin yayında nə təzəcə “Şöhrət” ordeni almış Siyavuş Novruzovun növbəti dəfə töhmətlə mükafatlandırılacağını, nə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə cəza kəsiləcəyini (ictimai rəydə cəza onun kürəkəninə yox, məhz özünə verilib) təsəvvür etmək olardı. Görəsən, gələn ilin yayında bizi nələr  gözləyir? Axı hüququn aliliyini, ədaləti və insanların qanun qarşısında bərabərliyini təmin etmək üçün bu ölkədə hələ çox işlər görülməlidir.

Press Klub