Logo
news content
User
Kateqoriyalar

Analitika

Nəticəsiz görüş

İyunun 16-da İsveçrənin Cenevrə şəhərində ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüş dünya mediasının əsas gündəmidir. Liderlər dar heyətdə 2 saata yaxın, nümayəndə heyətlərinin iştirakı ilə 1,5 saat - ümumilikdə 3,5 saat müzakirə aparıblar. Görüş və danışıqlardan sonra prezidentlər ayrı-ayrılıqda jurnalistlərin qarşısına çıxaraq sualları cavablandırıblar. 

ABŞ Atlantik Şurasının böyük elmi işçisi, sabiq səfir Metyu Brayza görüşün nəticələrini şərh edərkən bildirib ki, Bayden və Putin Cenevrədə özləri üçün gözlədikləri nəticələri əldə ediblər. Söhbət Rusiyanın qlobal səviyyəsinin və strateji əhəmiyyətinin artırılmasından gedir ki, bu, həm də daxili siyasətdə (Putin üçün) faydalı ola bilər:

“Prezident Bayden ciddi məsələləri qaldıracağını demişdi və bu fikirləri çatdırmağı bacardı. Görüşdən çıxarkən o, fikir mübadiləsinin nə dərəcədə konstruktiv keçdiyini bir neçə dəfə vurğuladı. Putin də eyni sözləri dedi. Bu səbəbdən, nəticə Bayden üçün də uğurludur”.

Zirvə görüşündən öncə Baydenin Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlərin təmin olunması ilə bağlı qarşıya qoyduğu məqsədə gəlincə, Brayza hesab edir ki, Cenevrə görüşünün bu münasibətlərə gətirib çıxaracağından danışmaq üçün hələ çox tezdir. Onun fikrincə, ilk baxışdan iki ölkə arasında münasibətlər kənardan sakit görünsə də, lakin müəyyən gərginlik qalır: “Düşünürəm ki, prezidentlər arasında cəmi bir görüş ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını heç cür yumşalda bilməz. Hesab edirəm ki, zirvə görüşü zahiri gərginliyi bir qədər azalda bilər”. 

Siyasi təhlilçi Rauf Mirqədirov isə "Press Klub"a şərhində bildirdi ki, əvvəldən də Baydenlə Putinin Cenevrə görüşündən ciddi gözləntisi olmayıb. O, nəticəsizliyi ABŞ və Rusiya prezidentlərinin daxildə ciddi təzyiq altında olması ilə əlaqələndirib: 

"Baydenin Putinlə görüşdən əvvəl verdiyi bəzi bəyanatlar, atdığı addımlar, o cümlədən "Şimal axını-2" kəməri operatorunu sanksiyalardan azad etməsi ABŞ-da sərt tənqid edilir. Hətta demokratlara yaxın mətbut onu kəskin qınamağa başlayıb". 

Ekspertin sözlərinə görə, bundan başqa, ABŞ-da aralıq seçkilər olacağını, Konqresin tərkibinin bir hissəsinin təzələnəcəyini də nəzərə almaq lazımdır: 

"Bu seçkilər ərəfəsində Bayden hökuməti kifayət qədər fəal xarici siyasət həyata keçirməlidir. Xatırladım ki, demokratlar Trampı prezident olduğu dövrdə Putinə loyallıqda və onunla sövdələşməyə getməkdə ittiham edirdilər. Nəzərə almaq lazımdır ki, ABŞ isteblişmentində demokratlarla respublikaçılar arasında Rusiyaya münasibətdə fikir ayrılıqları yoxdur. Hər iki siyasi qüvvə Rusiyaya qarşı güc nümayişi mövqeyindən çıxış edilməsinin tərəfdarıdır".

R. Mirqədirov xatırlatdı ki, Rusiya prezidenti Putini də Dövlət Dumasına seçkilər gözləyir:

"Ölkədə vəziyyət kifayət qədər gərgindir. Hakimiyyət ona qarşı effektli mübarizə aparan müxalif qurumları, institutları dağıtdı. Söhbət Navalnının rəhbərlik etdiyi təşkilatlardan gedir, məlumdur ki, onun özü də həbs edildi. Amma bu, o demək deyil ki, Putin seçkiləri rahatlıqla udmaq imkanına malikdir. Ona görə də o, sosial bazasını - yəni radikal, şovinist millətçiləri, Rusiyanın dünya işlərindəki hegemonluğunu istəyən qüvvələri aktivləşdirmək istəyir. Bu halda onun da manevr etmək imkanları kifayət qədər azdır. Putin aqressiv xarici siyasətini davam etdirmək məcburiyyətindədir. Bu kontekstdə onun əsas hədəfi postsovet məkanındakı dövlətləri daha çox öz təsir dairəsinə cəlb etməkdən ibarətdir". 

Siyasi şərhçi bu səbəblərdən ABŞ və Rusiya arasında münasibətlərdə irəliləyişlərin baş verəcəyinə əvvəlcədən də ümidlərin çox az olduğunu vurğuladı: 

"Hər iki prezident görüşdən sonra buna aydın işarə vurdular. İstisna deyil ki, ölkələr arasında müəyyən qruplar yaradılacaq və bəzi fəaliyyətləri imitasiya edəcəklər. Bir müddətdən sonra hər şey əvvəlki məcrasına qayıdacaq. Yalnız onu istisna etmirəm ki, kütləvi qırğın silahlarının məhdudlaşdırılmasında razılaşa bilərlər. Qalan regional, qlobal problemlərlə bağlı tərəflərin razılığa gəlmək imkanları minimumdur".

Turqut