Naxçıvan muxtariyyət statusundan məhrum edilir?
Bölgənin konstitusiyasında edilən dəyişikliklər ciddi maraq doğurur
04 Fevral 2026
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının preambulasına dəyişiklik edilir: mətndən Moskva və Qars müqavilələrinə istinadlar çıxarılır. Müvafiq düzəlişlər Milli Məclisin iclasında ikinci oxunuşda müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” konstitusiya qanunu layihəsində əksini tapıb.
İndiyədək qüvvədə olan Konstitusiyanın preambulasında qeyd edilirdi ki, Naxçıvanın muxtariyyətinin əsasları 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi və 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi ilə qoyulub.
Yeni redaksiyada isə vurğulanır ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasının hazırkı Konstitusiyasının əsasını 30 avqust 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə, 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında təsbit olunmuş prinsiplər, eləcə də 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir.
Müzakirələrdən sonra qanun layihəsi parlamentdə ikinci səsvermədə qəbul edilib.
Bu dəyişikliklərin nəyi nəzərdə tutduğu maraq doğurur. Söhbət Naxçıvan Muxtar Respublikasının hüquqi statusunun dəyişməsindən gedir? Muxtariyyətin tam ləğvi və ərazinin Azərbaycan Respublikasının adi inzibati rayonu (və ya bir neçə rayonu) kimi formalaşdırılması gözlənilir? Bu addım regiondakı yeni reallıqların nəticəsidir, yoxsa sovet irsi ilə vidalaşma cəhdi? Bakı tərəfindən qəbul edilən bu qərara qonşu dövlətlərin reaksiyası necə ola bilər?
Mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşən beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadənin sözlərinə görə, Konstitusiyaya edilən dəyişikliklər bölgənin muxtariyyət statusunun ləğvi anlamına gəlmir. Çünki Naxçıvan, ən azı hələlik, Azərbaycan Respublikasının tərkibində respublika olaraq qalır.

“Azərbaycan Respublikasının bu hissəsinin öz Konstitusiyasının olması inzibati vahidin yüksək statusunun saxlanıldığını göstərir. Müəyyən şərtlər qüvvədə qalmaqdadır və buna görə də bu gün bölgənin qeyd-şərtsiz şəkildə muxtariyyət statusundan məhrum edilməsindən danışmaq olmaz. Söhbət ondan gedir ki, respublikanın tərkib hissəsi olan bu ərazi əsas hissə ilə quru əlaqəsinə malik deyil və məhz buna görə burada müvafiq icra hakimiyyəti sistemi formalaşıb.
Bu sistemin yaxın zamanda qəbul edilmiş qərarlar çərçivəsində ləğvinə ehtiyac yoxdur. İnzibati-ərazi bölgüsü islahatı mürəkkəb və çoxşaxəli məsələdir və belə bir addım atılarsa, böyük ehtimalla yalnız Naxçıvanı deyil, Azərbaycanın bütün ərazisini əhatə edəcək. Gələcəkdə inzibati vahidlərin birləşdirilməsi də istisna edilmir, lakin bu artıq sabahın məsələsidir”, – analitik hesab edir.
Naxçıvan Konstitusiyasına dəyişikliklərin səbəblərinə gəlincə, o xatırladıb ki, zamanında Qars və Moskva müqavilələri muxtar respublikanın statusunun qorunmasına zəmanət verən xarici aktorların iştirakı ilə imzalanıb. “Bu müddəaların Konstitusiyanın preambulasından çıxarılması onu göstərir ki, Azərbaycan bundan sonrakı addımlarında ötən dövrün beynəlxalq sənədlərini əsas götürməyəcək. Ölkə qərarlarını xarici oyunçuların deyil, öz maraqlarının prizmasından əsaslandıracaq.
Azərbaycan bu diyarın gələcək taleyini Naxçıvan əhalisinin fəal iştirakı ilə özü müəyyən edəcək. Məncə, əsas mesaj da məhz bundan ibarətdir və bu qərar regionumuzda dəyişmiş geosiyasi şəraitin diktəsi ilə qəbul olunub”, – Vəlizadə yekunlaşdırıb.
Rauf Orucov