Logo
news content
User
Kateqoriyalar

Analitika

Müttəfiqlər Ukraynaya ordu göndərməyə razılaşdı
ABŞ ilk dəfə Ukraynaya təhlükəsizlik zəmanətlərini dəstəklədi

ABŞ ilk dəfə olaraq Ukraynanın əsas müttəfiqlərinin yer aldığı geniş koalisiyanın Kiyevə təhlükəsizlik zəmanətləri verilməsi təşəbbüsünü açıq şəkildə dəstəkləyib. Bu barədə Parisdə keçirilən və əsasən Avropa ölkələrinin qatıldığı “İstəklilər koalisiyası”nın sammitində bəyan edilib.

“Reuters” agentliyinin məlumatına görə, sammitdə liderlər Rusiyanın mümkün növbəti hücumu halında Ukraynaya yardım göstərilməsini nəzərdə tutan, hüquqi baxımdan öhdəlik yaradan təhlükəsizlik təminatlarının formalaşdırılmasına razılaşıblar. Qeyd olunur ki, bu zəmanətlər Rusiya ilə atəşkəs əldə edildikdən sonra qüvvəyə minəcək.

Sammit, əvvəlki görüşlərdən fərqli olaraq, ABŞ nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbirdə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, eləcə də Avropadakı ABŞ qüvvələrinin baş komandanı general Aleksus Qrinkeviç iştirak edib. General Qrinkeviç bir gün əvvəl Avropa ölkələrinin hərbi rəhbərləri ilə təhlükəsizlik zəmanətlərinin detalları üzərində müzakirələr aparıb.

Sammitdən sonra çıxış edən Stiv Uitkoff bildirib ki, prezident Donald Tramp təhlükəsizlik protokollarını “qətiyyətlə dəstəkləyir”.

“Bu təhlükəsizlik protokolları istənilən hücumun qarşısını almaq və belə hücum baş verərsə, Ukraynanı müdafiə etmək məqsədi daşıyır. Onlar indiyədək görülən ən güclü mexanizmlərdən biridir”, – deyə Uitkoff Fransa, Almaniya, Böyük Britaniya və Ukrayna liderləri ilə birgə mətbuat konfransında bildirib.

Cared Kuşner isə vurğulayıb ki, Ukrayna hər hansı yekun razılaşmaya gedərsə, bundan sonra özünü təhlükəsiz hiss etməlidir: “Ukraynalılar bilməlidir ki, razılaşmadan sonra güclü çəkindirmə mexanizmi və bu vəziyyətin bir daha təkrarlanmamasına real təminatlar mövcuddur”.

Koalisiya liderlərinin yaydığı birgə bəyanatda müttəfiqlərin ABŞ-nin rəhbərliyi ilə yaradılması təklif olunan atəşkəsə nəzarət və onun yoxlanılması mexanizmində iştirak edəcəyi bildirilib. Rəsmilərin sözlərinə görə, bu mexanizm ABŞ qoşunlarının deyil, əsasən pilotsuz uçuş aparatları, sensorlar və peyk sistemləri vasitəsilə işləyəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski sammitdən sonra “Telegram” kanalında yazıb ki, əldə olunan razılaşmalar Avropanın və “istəklilər koalisiyası”nın real təhlükəsizlik naminə nə qədər ciddi işləməyə hazır olduğunu göstərir. Bununla belə, Zelenski atəşkəsə nəzarətin konkret mexanizmi, eləcə də Ukrayna ordusunun maliyyələşdirilməsi və dəstəklənməsi məsələlərinin hələ dəqiqləşdirilməli olduğunu bildirib.

O, ABŞ-a təhlükəsizlik zəmanətləri, atəşkəsə nəzarət və Ukraynanın bərpası məsələlərində “arxa dayağı” rolunu oynamağa hazır olduğuna görə təşəkkür edib və danışıqların davam edəcəyini qeyd edib.

“Reuters” yazır ki, birgə bəyanat ABŞ tərəfindən rəsmi şəkildə təsdiqlənməyib və Vaşinqtonun roluna dair bəzi müddəalar ilkin layihə ilə müqayisədə yumşaldılıb. Xüsusilə Ukraynada mümkün çoxmillətli qüvvəyə ABŞ imkanlarının birbaşa dəstəyi ilə bağlı bəndlər mətndən çıxarılıb. Buna baxmayaraq, Avropa rəsmiləri ABŞ nümayəndələrinin iştirakı və verdikləri açıqlamaları Vaşinqtonun bu təhlükəsizlik çərçivəsinin arxasında dayandığının sübutu kimi qiymətləndiriblər.

Bəyanatda həmçinin Avropa rəhbərliyində formalaşdırılacaq “Ukrayna üçün çoxmillətli qüvvə”nin yaradılması nəzərdə tutulur. Bu qüvvə Ukrayna Silahlı Qüvvələrinin bərpasına və çəkindirmə potensialının gücləndirilməsinə xidmət edəcək və ABŞ-nin dəstəyi ilə fəaliyyət göstərəcək.

Fransa və Böyük Britaniya atəşkəs əldə olunduqdan sonra çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar. Fransa Prezidenti Emmanuel Makron bildirib ki, bu çərçivədə minlərlə fransız hərbçisi Ukraynaya göndərilə bilər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer isə qeyd edib ki, bu sənəd britaniyalı, fransız və tərəfdaş qüvvələrin Ukrayna ərazisində fəaliyyətini, ölkənin hava və dəniz məkanının qorunmasını və Ukrayna ordusunun yenidən qurulmasını təmin edəcək hüquqi bazanın əsasını qoyur.

Qeyd olunur ki, Rusiya hələlik bu cür təhlükəsizlik zəmanətləri ilə sülh razılaşmasına razı olub-olmayacağına dair açıq mövqe bildirməyib. Moskva daha əvvəl NATO üzvü olan ölkələrin Ukrayna ərazisində qoşun yerləşdirməsini qəti şəkildə rədd edib.

Turqut