“Mütləq Qətiyyət”: ABŞ-ın Venesuelada hərbi müdaxiləsi dünyaya nə deyir?
Ekspert: Baş verənlər müxtəlif ölkələrdəki diktatorları və tiranları narahat etməyə bilməz
06 Yanvar 2026
ABŞ 2026-cı il yanvarın 3-də gözlənilmədən Venesuelanın faktiki rəhbərinə qarşı “Mütləq Qətiyyət” adlı genişmiqyaslı hərbi əməliyyat həyata keçirib.
Əməliyyat çərçivəsində ABŞ-ın xüsusi təyinatlı qüvvələri (“Delta” qrupu) Karakasda Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi saxlayıb. Onlar ölkədən çıxarılaraq narkoterrorçuluq və kokain qaçaqmalçılığı ittihamları ilə üzləşmək üçün Nyu-Yorka aparılıblar.
ABŞ prezidenti Donald Tramp əməliyyatın uğurla başa çatdığını təsdiqləyərək Maduronun hakimiyyətdən kənarlaşdırıldığını bəyan edib.
2026-cı il yanvarın 5-nə olan məlumata istinad etsək, Venesuela hökumətinin ölkədə vəziyyətə tam nəzarət edib-etmədiyi hələ də aydın deyil.
Bəs Venesuelada baş verənlər dünyaya hansı mesajı verir? Bu hadisəni digər diktator və avtoritar rejimlər üçün açıq xəbərdarlıq kimi qiymətləndirmək olarmı? Nəzərə alaq ki, Donald Tramp artıq Kubayla bağlı da açıqlama verərək bildirib: “Kuba maraqlı haldır. Ölkə hazırda çox yaxşı vəziyyətdə deyil. Sistem lazımi qaydada işləmir və insanlar əziyyət çəkir. Düşünürəm ki, sonda Kuba məsələsini də müzakirə edəcəyik, çünki Kuba dövlət kimi uğursuzluğa düçar olur”. Eyni zamanda, onun İran hakimiyyətinə ünvanladığı xəbərdarlıq da yaddaşlardadır: etirazçılara atəş açılacağı təqdirdə ABŞ ölkədəki proseslərə müdaxilə edəcək.
Bu kontekstdə, hazırda planetdəki bütün diktator rejimlərinin özlərini ən azı rahat hiss etmədiklərini demək olarmı?
Pressklub.az-ın suallarını Latın Amerikası üzrə mütəxəssis, diplomat, Rusiya Federasiyasının 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru, fəlsəfə elmləri namizədi Tatyana Poloskova cavablandırıb.

Onun sözlərinə görə, Venesuela onun həyatına 2006-cı ildə, hələ Uqo Çavesin hakimiyyəti dövründə daxil olub. “Həmin vaxtdan bu ölkəyə müxtəlif statuslarda kifayət qədər tez-tez səfər etmişəm: həm rəsmi nümayəndə heyətlərinin rəhbəri kimi, həm ekspert qismində, həm də Rusiya informasiya agentliyinin Latın Amerikası redaksiyasının baş redaktoru kimi. Ölkə üzrə səfərlərim yalnız paytaxtla məhdudlaşmayıb – Venesuelanın müxtəlif şəhər və regionlarında olmuşam və Maduronun dövründə ölkənin necə dəyişdiyini öz gözlərimlə görmüşəm. Təəssüf ki, yaxşılığa doğru yox. Karib dənizinin incisi sayılan Marqarita kurort adası da bu sıraya daxildir. Xatırladım ki, sosialistlər hakimiyyətə gəlməzdən əvvəl Venesuela avropalıların və şimali amerikalıların qocalıqlarını keçirmək üçün üz tutduqları ölkə idi. Ölkə iri xarici biznes üçün cəlbedici idi. Lakin artıq bir neçə onillikdir ki, neftlə zəngin Venesuela canlı kabusa çevrilib: nəhəng inflyasiya, dəhşətli cinayətkarlıq, işsizlik.
Başa düşürəm ki, ABŞ xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat beynəlxalq hüququn normalarına ziddir. Amma Venesuela reallıqlarını daxildən bilən bir insan kimi bu halda Trampa daş atmağa əlim qalxmaz. Təkcə ona görə yox ki, beynəlxalq hüquq çoxdan fiksiyaya, BMT isə boş danışıq meydanına çevrilib. Maduronun taleyinə görə “timsah göz yaşları” axıdanlar prezident seçkilərində Maduro əleyhinə təbliğat aparmağa cəsarət etmiş yüzlərlə tələbənin onun əmri ilə güllələnmiş meyitlərini görməyiblər. Maduronun göstərişi ilə peşəkarlar əvəzinə səriştəsiz qohumlarının rəhbər təyin edildiyi, bir vaxtlar çiçəklənən zavod və fabriklərin hansı vəziyyətə salındığını görməyiblər. Rəflərində nə ərzaq, nə də adi şampun tapılmayan boş mağazaları görməyiblər. Mən bunların hamısını görmüşəm. Öz xalqına qarşı bu zorakılıqların məsuliyyəti birbaşa Maduro rejiminin üzərindədir.
Rusiya bir neçə il əvvəl faktiki olaraq Venesuelada iqtisadi fəaliyyətini dayandırıb. Hazırda yalnız özəl şirkətlərin hidroenergetika layihələri qalır. Açıq desək, nə qədər kinayəli səslənsə də, bizim orada ciddi maraqlarımız yoxdur. Bizim dövrümüz praqmatizm dövrüdür: bu gün siyasət iqtisadi maraqlara xidmət edir, əksinə deyil. Əxlaqi şüarlarla, “hamı üçün ədalət” tələbləri ilə istənilən iyrəncliyi əsaslandırmaq olar və Venesuelada məhz bu baş verirdi. Eləcə də Suriyada – mən orada iki il olmuşam. Təsadüfi deyil ki, Venesuela cəmiyyəti parçalanıb. Əhalinin yarısı (əsasən büdcə işçiləri və hərbçilər) Maduronu dəstəkləyirdisə, digər yarısı bu gün onun devrilməsini ölkə küçələrində qeyd edir. Bəs niyə Rusiya öz xarici siyasət prioritetlərini müəyyən edərkən bu insanların mövqeyini nəzərə almamalıdır?
Venesuelaya, o cümlədən neft sektoruna iri investisiyalar yatırmış Çin üçün hazırkı vəziyyət o qədər də nikbin deyil. Trampın Maduronu aradan götürmək əməliyyatı ilk növbədə Çinin Latın Amerikasındakı investisiya hegemonluğuna qarşı yönəlib. Və təsiri də sarsıdıcı alındı”, – ekspert qeyd edir.
Onun sözlərinə görə, artıq uzun müddətdir Venesuelada neft satışlarının tənzimlənməsi ölkənin dövlət neft şirkətinə ezam olunmuş Kuba xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən həyata keçirilib. “Bu sxem sayəsində Kuba neft əldə edirdi. İndi isə neftsiz qalan Kuba uzun müddət tab gətirə bilməz. Xüsusilə nəzərə alsaq ki, orada inqilabi romantizm çoxdan tükənib. Kubanın bütün şəhərlərində baş verən son kütləvi etiraz aksiyalarının da kubalı hərbi lobbinin iştirakı ilə baş tutduğu aşkardır. Şübhəsiz ki, Venesueladakı hadisələr kubalıların artıq bezdiyi rejimin dəyişməsi prosesini sürətləndirəcək. Kubalılar daha yaxşı həyata layiqdirlər.
Maduronun narkotik dövriyyəsində iştirakı ilə bağlı ittihamlara gəldikdə, gəlirlilik baxımından narkobiznes neftdən geri qalmır və Latın Amerikası ölkələrində bu, ənənəvi sahədir. Belə olan halda buna hakimiyyətlər nəzarət etməli deyil? Mən bu regionda elə bir ölkə tanımıram ki, hazırkı və ya keçmiş liderlərin, yaxud onların ailə üzvlərinin narkobizneslə əlaqəsi olmasın. Yeri gəlmişkən, Kuba da istisna deyil” – diplomat vurğulayıb.
Onun fikrincə, Trampın Venesuela neftinə nəzarəti ələ keçirmək istədiyi aydındır. “O bunu gizlətmir də. Narkotiklə mübarizə mövzusu isə yalnız diletantlara təsir göstərə bilər. Latın Amerikası narkobiznesinin ipləri ABŞ siyasətçilərinin yüksək kabinetlərinə və bankların mötəbər ofislərinə gedib çıxır. Vaşinqtonun regionda narkokartellərlə “mübarizə” təcrübəsi həmişə “öz” cinayət qruplaşmalarının maraqlarının lobbiləşdirilməsi ilə nəticələnib – Medellin karteli nümunəsində olduğu kimi. Bu sxemdə mənim üçün yeni heç nə yoxdur. Məni təəccübləndirən başqa şeydir: necə olur ki, savadlı və təhsilli insanlar hakimiyyət dəyişikliyinin Venesuela xalqına neft gəlirlərindən pay almaq imkanı verəcəyinə ciddi-cəhdlə inanırlar? Mən belə bir ssenariyə inanmıram. Venesuela ərəb ölkəsi deyil.
Daxili siyasi vəziyyətə dair isə tam obyektiv proqnoz verə bilmərəm. Bunun üçün ölkədə olmaq, müxtəlif sosial təbəqələrlə birbaşa ünsiyyət qurmaq lazımdır. Amma mənim üçün aydındır ki, Venesuela hakimiyyət strukturlarında, eləcə də Maduronu və onun həyat yoldaşını qoruyan kubalı güc strukturlarında “dəstək qrupu” olmadan belə bir əməliyyatı həyata keçirmək mümkün deyildi. Onu öz adamları satdı. Mən buna əminəm. Vitse-prezident Delsi Rodriqezlə bağlı vəziyyət də çox maraqlıdır. Mən Karakasda məşhur teleaparıcı Valter Martinesin proqramında bir saatlıq efirdən sonra bu ağıllı və ünsiyyətcil xanımla bir dəfə görüşmüşəm. Trampın seçkilər keçirilənədək prezident səlahiyyətlərini icra etmək üçün məhz onun namizədliyini razılaşdırması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun ola bilər. Onun Tramp ilə açıq polemikaları heç nə demək deyil. Siyasət həmişə oyun olub və olaraq qalır.
Ölkədə vəziyyət hələ də sabitlikdən uzaqdır. Amma Venesuela vətəndaşlarının əksəriyyəti rejim dəyişikliyini açıq-aşkar sevinc və coşqu ilə qarşılayır. Bu gün Karakasdan tanınmış sosialist siyasətçi mənə yazıb ki, guya “tezliklə Venesuela, Rusiya və Çin müqavilə imzalayacaq və Maduronu yenidən prezident kimi Karakasa gətirəcəklər”. Bu cəfəngiyatdır. Cəfəngiyyatı isə şərh etmirəm.
Baş verənlər müxtəlif ölkələrdəki diktatorları və tiranları narahat etməyə bilməz. İstək olsa, belə bir əməliyyatı istənilən yerdə təkrarlamaq olar. Amma düşünürəm ki, Kuba hətta bu cür ekstravaqant addımlar olmadan da, ABŞ-ın müəyyən dəstəyi ilə yaxın zamanda dəyişikliklərlə üzləşəcək. Orada bu dəyişikliklər çoxdan yetişib. İran barədə isə heç nə deyə bilmərəm. Kubada iyirmi dəfədən çox olmuşam və bütün ölkəni gəzmişəm. İrana, xüsusən Təbrizə getməyi çoxdan planlaşdırıram, amma hələ alınmayıb. Olmadığım yer barədə hökm vermək düzgün olmaz.
Trampın iştahı genişdir və əsl biznesmen kimi birbaşa kommersiya maraqları ilə bağlıdır. O, yanvarın 4-də əsas marağının Qrenlandiyaya yönəldiyini bəyan etdi.
Qarşıdakı il xarici siyasət hadisələri və təşəbbüslərlə zəngin olacaq. Amma yenə də istərdim ki, xalqlar öz talelərini özləri müəyyən etsinlər”, – Poloskova fikrini yekunlaşdırıb.
Rauf Orucov