Logo
news content
User
Kateqoriyalar

Analitika

“Müharibədir, mal-mülk gözümə görünmür, uşaqlar üçün darıxıram”

Müəllif: Seymur Kazımov

(fotolar müəllifindir)

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tərtər rayonunun Qazyan kəndini atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 10-dək Tərtərin Qazyan kəndində 100 evə ciddi ziyan dəyib, bunlardan 5-i tamamilə dağılıb.

Qazyan kəndi erməni ordusu ilə cəbhə xəttinə yaxın məsafədə yerləşdiyindən ilk dəfə deyil ki, qarşı tərəfin atəşi altına düşür. Eyni hal 2016-cı ilin aprelində də baş verib.

Dağıdılmış 5 evdən biri Niyaməddin Zeynalova məxsusdur. Niyaməddin evini yenicə tikib bitirmişdi. Bura mərmi oktyabrın 7-də düşüb. Hadisədən bir neçə saat öncə ailəliklə evdən çıxdıqlarına görə kimsə xəsarət almayıb. Niyaməddin təkcə evini itirməyib, həyət-baca da ziyan çəkib, saxladığı heyvanlar tələf olub.

“Uşaqları başqa evdə yerləşdirmişəm. Müharibədir, mal-mülk gözümə görünmür, uşaqlar üçün çox darıxıram. Yaxşı əl qabiliyyətləri var, oyuncaqlar düzəldirdilər, xeyli yığmışdılar, hamısı məhv oldu. Bir təsəllim var ki, övladlarım salamatdır”.

Kənd icra nümayəndəsi Azər Cabbarovun da evi yaşayış üçün tam yararsız haldadır. O, evin təmirini yeni qurtarmışdı, məişət avadanlığını təzələmişdi. Atışmanın ilk günündə yalnız ailə üzvlərini kənddən çıxarmağa müvəffəq olub. Özü isə vəzifə borcunu yerinə yetirmək üçün burada qalıb.

“Lap bütün kəndi, hətta bundan da yaxşısını yenidən tikmək olar, - Azər Cabbarov deyir. - Əsas odur ki, ordumuz zəfər çalsın”.