Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibədə ilk hədəf: 

Müəllif: Seymur Kazımov

2020-ci il sentyabrın 27-də səhər Tərtər istiqamətində Azərbaycan ordusuna məxsus helikopter Ağdamın işğal edilmiş Papravənd kəndində yerləşən Ermənistana məxsus hərbi hissədən vuruldu. Pilot polkovnik-leytenant Ramiz Qasımov ekipaja yanan maşını tərk etmək əmri verdi. Özü isə hündürlüyünü sürətlə itirən helikopterin yaşayış ərazisinə düşməsinin qarşısını almaq üçün onu boş sahəyə yönəltdi. Kabinəni gec tərk etdiyi üçün polkovnik-leytenant Qasımov ağır yaralandı və sentyabrın 27-dən oktyabrın 22-dək komada qaldı. Ölümündən sonra ona “Vətən müharibəsi qəhrəmanı” adı verildi. 

Bu da Papravənd kəndində vaxtilə Ermənistan ordusuna məxsus həmin hərbi hissə. İkinci Qarabağ müharibəsinin sentyabrın 27-də başlandığını nəzərə alaraq deyə bilərik ki, həmin gün erməni hərbçilərinin Azərbaycan ordusuna bilavasitə ilk hücumu məhz burada baş tutub. Ermənistan tərəfi hava hücumundan müdafiə məqsədilə Papravənddə OSA zenit-raket kompleksi də yerləşdirib. Kompleks motoatıcı hissələri aşağıdan uçan hava hücumu silahlarından qorumaq üçün tətbiq edilib. Ondan pilotsuz uçuş aparatlarına, döyüş helikopterlərinə və aviasiyaya qarşı istifadə olunub. 

Polkovnik-leytenant Qasımovun idarə etdiyi helikopterin vurulmasından dərhal sonra hərbi hissə zenit-raket kompleksi ilə birlikdə Azərbaycan ordusunun cavab atəşi nəticəsində darmadağın edilib. Müdafiə Nazirliyinin məlumatına görə, ümumiyyətlə, sentyabrın 27-də müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd OSA zenit-raket kompleksi məhv edilib. 

Papravənd kəndi 1993-cü il iyunun 26-da işğal olunub. İşğal 2020-ci ilin 20 noyabrınadək davam edib.