Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibə fonunda “Şimal–Cənub” dəhlizi - Overçukun Bakı səfərinin qaranlıq məqamları
Kreml AZAL böhranından sonra Azərbaycanla yeni razılaşma axtarışındadır?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Baş nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, görüş zamanı Rusiya tərəfi regionda mürəkkəb və gərgin vəziyyət fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsi ilə bağlı göstərilən operativ yardıma görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkür edib.

Görüşdə Azərbaycan–Rusiya münasibətlərinin gündəliyi üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində yaranmış problemlərin 2025-ci il oktyabrın 9-da Düşənbədə Azərbaycan və Rusiya liderləri arasında əldə olunmuş razılaşmalara uyğun olaraq həlli istiqamətində yaxın vaxtlarda kompleks praktiki addımların atılacağı qeyd olunub.

Tərəflər Azərbaycan və Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticarət, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi niyyətini vurğulayıblar.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişaf perspektivləri də müzakirə olunub. “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə işlərin davam etdirilməsi ilə bağlı ümumi niyyət təsdiqlənib.

Söhbət zamanı bir sıra humanitar məsələlərə də baxılıb.

Məlumatda qeyd olunur ki, görüş Azərbaycan ilə Rusiya arasında dövlətlərarası dialoqa xas olan ənənəvi dostluq və konstruktiv atmosferdə keçib.

Müsbət notlara baxmayaraq, Overçukun səfərinin motivləri suallar doğurur. Moskva nəhayət, Rusiya hərbçilərinin Azərbaycan sərnişin təyyarəsini vurmasından sonra ikitərəfli münasibətlərdə yaranmış problemlərin həlli ilə bağlı real qərar qəbul edib? Bu niyyət nə dərəcədə ciddi ola bilər?

Digər mühüm məqam isə “Şimal–Cənub” dəhlizi ilə bağlıdır. Bu layihə Rusiya ilə İran arasında Azərbaycanın ərazisi vasitəsilə dəmir yolu əlaqəsinin təşkilini nəzərdə tutur. Lakin həm Rusiya ABŞ və Avropa sanksiyaları altındadır, həm də İran ətrafında vəziyyət son dərəcə gərgindir. Belə şəraitdə bu marşrutun inkişafı nə dərəcədə məqsədəuyğundur?

Beləliklə, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıya əslində hansı məqsədlə gəlib?

Pressklub.az-ın suallarını müstəqil politoloq Xəqani Cəfərli cavablandırıb.

Onun fikrincə, Rusiya Federasiyası Baş nazirinin müavininin Azərbaycana səfəri Bakı ilə münasibətlərin tam pozulmasının qarşısını almağa və dialoqu qoruyub saxlamağa yönəlib.

Rusiyada bunu hələ tam dərk etməsələr də, postsovet məkanında böyük dəyişikliklər baş verir və Moskva artıq regionun hökmdarı və jandarmı deyil. Buna görə də əvvəlki münasibətlər modeli mümkün deyil, yeni münasibətlərə keçid üçün dialoqu saxlamaq zəruridir.

Mənim fikrimcə, Rusiya regionda baş verənləri hələ də tam anlamır. Məsələn, Overçukun Bakıda apardığı danışıqların əsas mövzularından biri “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə işlərin davam etdirilməsi olub. Yayılan məlumatda bu dəhlizin inkişafı üzrə işlərin davam etdirilməsinə dair ümumi niyyətin təsdiqləndiyi qeyd edilir. Aydındır ki, Moskva regionda baş verən ciddi siyasi dəyişiklikləri tam dərk etmir. Görünür, hansısa möcüzənin baş verəcəyinə inanır. O anlamır ki, geniş Avrasiya məkanında gedən proseslər Rusiyanın beynəlxalq münasibətlərdən və qlobal iqtisadiyyatdan təcridinə yönəlib. Bu proses ən azı bir neçə il davam edəcək. Belə şəraitdə “Şimal–Cənub”, eləcə də Rusiyanın iştirak etdiyi digər layihələrin perspektivi ola bilməz. Rusiya bu dəhliz vasitəsilə Fars körfəzinə, oradan isə Hind okeanına çıxış əldə etmək istəyir. Lakin Rusiyaya qarşı yönəlmiş siyasətin məqsədi məhz onu bu imkandan məhrum etməkdir”, – ekspert izah edib.

O əmindir ki, ötən əsrdə İranda baş vermiş böyük siyasi dəyişikliklərin səbəblərindən biri də Rusiyanın İran vasitəsilə “isti sulara” çıxış perspektivinin qarşısını almaq olub. “Eyni məqam fevralın 28-də İsrail–ABŞ birgə hərbi müdaxiləsinin başlamasına da ciddi təsir göstərib. Qərb analitik mərkəzlərinin araşdırmalarını diqqətlə oxusaq və Qərb siyasi dairələrinin bəyanatlarında sətrlərarası fikirlərə baxsaq, orada Rusiyanın İran vasitəsilə “isti sulara” çıxış imkanından nə qədər narahat olduqlarını görmək mümkündür. Bu imkanın qarşısını almaq qətiyyəti Qərb siyasi qərarlarında, analitik mərkəzlərin hesabat və tədqiqatlarında da açıq şəkildə sezilir. Məncə, rəsmi Bakı bu məqamı nəzərə almalıdır. Əks halda, Azərbaycan barədə mənfi rəy formalaşa və arzuolunmaz proseslər başlaya bilər.

Xatırlatmaq istərdim ki, 9/10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat regionda nəqliyyat kommunikasiyalarının açılmasını və Rusiyanın bu prosesə nəzarət edəcəyini nəzərdə tuturdu. O vaxt Azərbaycan mediasında bunu alqışlayan çoxsaylı şərhlər dərc olunmuşdu. Mənim mövqeyim isə ondan ibarət idi ki, bu bənd reallaşmayacaq. Çünki Rusiyanı dünya iqtisadiyyatından və beynəlxalq münasibətlərdən təcrid etməyə çalışan “siyasi və maliyyə gücü” buna imkan verməyəcək. Tarix mənim haqlı olduğumu göstərdi.

Görünür, “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlar aparan Rusiya 9/10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatını faktiki olaraq lazımsız kağız parçasına çevirən siyasi proseslərin başa çatmadığını, əksinə daha geniş miqyas aldığını dərk etmir.

İranın hərbi müdaxilədən sağ çıxmaq şansının hər gün azaldığı bir şəraitdə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizini müzakirə etmək faydasızdır və hətta zərərli ola bilər. Şübhə etmirəm ki, zaman bu dəfə də mənim haqlı olduğumu göstərəcək”, – Cəfərli bildirib.

Rauf Orucov