Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskva görüşünün pərdəarxası

Prezident İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsində işlətdiyi bir cümlə son iki həftədə baş verən hadisələrin mahiyyətinə işıq salır. Prezident deyib: “Paşinyan Putinə minnətdar olsun ki, Rusiya növbəti dəfə Ermənistanı xilas etdi...”

Dövlət başçısının sözləri təsdiq edir ki, müharibənin dayandırılması üçün Rusiyadan Azərbaycana müəyyən təzyiqlər olub və Bakı reallıqları nəzərə almaq məcburiyyətində qalıb.

Moskvada əldə olunan atəşkəs razılaşması ilə bağlı danışıqlar 10 saatdan artıq çəkmişdi. Razılaşma sosial və ənənəvi mediada geniş təhlil olunduğuna görə onun üzərində geniş dayanmağa lüzum görmürük. Amma bir neçə önəmli məsələ var ki, onları vurğulamaq vacibdir.

İlk növbədə ortaya qoyulan 4 maddəlik sənədin girişində yazılıb ki, bu razılaşma Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin iradəsini ifadə edir. Yəni Moskva öhdəlikləri bilavasitə 1-ci şəxslərin üzərinə qoymağa çalışıb ki, şərtlərin pozulmasına görə Kreml qarşısında onlar məsuliyyət daşısınlar.

Razılaşmada Azərbaycanın cəmi bir tələbi nəzərə alınıb: Paşinyanın qondarma Dağlıq Qarabağ rejiminin tərəf kimi həll prosesində iştirakı tələbi qəbul olunmayıb. Qərara alınıb ki, münaqişə tərəfləri kimi danışıqlar Azərbaycan və Ermənistan arasında aparılsın. Problem Minsk Qrupunun vasitəçiliyi ilə baza prinsipləri üzrə həll olunmalıdır.

Məlumdur ki, 27 ildir effektiv iş görməyən vasitəçilərdən Fransa Ermənistanı açıq şəkildə müdafiə edir. Rusiya isə Ermənistanın hərbi müttəfiqidir və onu qoruyur. Yalnız ABŞ neytrallığını saxlayıb, amma bu ölkədə güclü olan erməni lobbisi Ağ Evi, Konqresi müxtəlif yollarla təzyiq altında saxlayır. Ehtimal ki, danışıqlardan əvvəl Azərbaycan Türkiyənin masada əyləşməsinə təşəbbüs edib, amma Rusiya və Ermənistan tərəfindən bu, qəbul olunmayıb.

Şübhəsiz ki, Moskva görüşünün uzun çəkməsi yalnız ortaya qoyulan sənəddə əksini tapan müddəaların razılaşdırılması ilə bağlı olmayıb. Moskva tərəflər - xüsusən Azərbaycan qarşısında bir sıra tələblərlə çıxış edib. Görüşdən sonra baş verən hadisələrin xronologiyası Kremlin istəklərinin nədən ibarət olmasına bir qədər aydınlıq gətirir.

Məlumdur ki, cəbhə xəttində atəşkəs yaranmadı, oktyabrın 10-da və 11-də Azərbaycan Ordusunun Fizuludə, Hadrutda, Madagizdə ələ keçirdiyi mövqelər düşmənin aramsız hücumlarına məruz qaldı. Paralel olaraq, Rusiyadan Ermənistana silah-sursat daşınması davam etdirildi. Hətta Moskva görüşünə gedən xarici işlər naziri Mnatsakanyanın təyyarəsinin də silahla doldurularaq geri göndərildiyi barədə informasiyalar yayıldı. Danışıqların səhəri günü, gecəyarı, Gəncə şəhəri Ermənistan ərazisindən Rusiya istehsallı “Toçka U” ballistik raketi ilə vuruldu. Bu hadisələrin heç birinə Moskvadan hər hansı reaksiya verilmədi. Deməli, hücumların və raket atəşinin arxasında Rusiyanın maraqları və tələbləri dayanır. Güman etmək olar ki, Rusiya danışıqların pərdə arxasında Azərbaycan qarşısında qoyduğu məsələlərin həll olunmasını tələb edir. Bu tələblər nədən ibarət ola bilər?

Azərbaycan Ordusunun azad etdiyi Hadrut və Madagizə aramsız hücumlar göstərir ki, Rusiya qoşunlarımızın həmin ərazilərdən çıxmasını tələb edir. Çünki Hadrut Dağlıq Qarabağın inzibati ərazisinə daxildir və hərbi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir. Madagiz yüksəkliyi də eyni qaydada Azərbaycan Ordusu üçün əlverişli döyüş mövqeləri qazandırır. Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində də Moskvanın tələbi ilə əldə olunan razılaşmalarda ordumuzun əldə etdiyi bəzi yüksəkliklərdən, o cümlədən Talış kəndindən geri çəkilməsi əks olunmuşdu. Ehtimal ki, bu dəfə Bakı Rusiyanın bu tələbini icra etməkdən imtina edib. Rusiya isə öz növbəsində atəşkəs rejiminə baxmayaraq, ermənilər vasitəsilə hücumlar təşkil etməklə mövqeləri geri almağa çalışır. Həmin gün Gəncəyə raket zərbəsi endirilməsi də Azərbaycana bu məqsədlə xəbərdarlıq mesajı sayıla bilər.

Bir qədər əvvələ qayıdaraq oktyabrın 7-də İlham Əliyevlə Vladimir Putin arasında aparılmış telefon danışığından yayılan informasiyada bu təzyiqlərin mahiyyətini aydın görmək olar. Putin bildirib ki, Rusiyada 2 milyona qədər azərbaycanlı, ondan bir qədər çox erməni yaşayır... Yəni, şərtlərə əməl olunmasa, Moskva əlindəki təzyiq rıçaqlarını işə sala bilər. Beləliklə, Azərbaycana şimaldan ardıcıl təzyiqlərin davam edəcəyi, cəbhədə hərbi əməliyyatların ara verməyəcəyi gözləniləndir. Bu, Bakı üçün olduqca mürəkkəb situasiya yaradır. Xüsusən Moskva görüşündən Türkiyənin incik qalması da təhlükəlidir. Xatırladaq ki, Türkiyə rəhbərliyi açıq şəkildə atəşkəs razılaşmasına qarşı çıxış edib, Azərbaycana ən yüksək səviyyədə dəstək vəd olunub ki, indiki mərhələdə danışıqlara getməsin. Məsələn, Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Şentop üçüncü ölkənin müdaxilə edəcəyi halda, Türkiyənin Qarabağa qoşun yeridəcəyini açıqladı. Yəni Azərbaycana mesaj verildi ki, Rusiyanın təzyiqlərindən çəkinməsin, atəşkəs olacaqsa, ancaq Bakının şərtləri əsasında baş tutsun. Amma məlum olduğu kimi, Moskva görüşü keçirildi, nəticədə Türkiyə narazı qaldı...

Bütün bunlardan sonra Azərbaycan diplomatiyası qarşısında duran ən vacib məsələ Türkiyə ilə birgə müdafiə haqqında müqavilə imzalamaqdır. Ordu isə hərbi əməliyyatları davam etdirməlidir. Artıq geriyə yol yoxdur, Moskva Azərbaycanı mənasız danışıqlar seriyasına dəvət edir, həmsədrlərin ikisi açıq şəkildə Ermənistanı müdafiə edirsə, bu şərtlərlə razılaşmaq dövlətin ərazi bütövlüyünü zərbə altında qoya bilər.

Turqut