Logo
news content
User
Kateqoriyalar

Analitika

Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər
Paşinyan İlham Əliyevin bəyanatına münasibət bildirdi: “Gündəliyimizdə başqa məsələlər yoxdur...”

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla sülh sazişinə maneə olan səbəblərdən danışıb. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Onun sözlərinə görə, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir: “Biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.

Prezident ümid etdiyini bildirib ki, sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtləri qəbul ediləcək: “Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri”.

Dövlət başçısı həmçinin Zəngəzur dəhlizinin açılacağını vurğulayıb. Bildirib ki, Ermənistan Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməlidir: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Sərhədlərin delimitasiya və demarkasiyası barədə danışan ölkə başçısı bu zaman bir çox amillərin – təhlükəsizlik, kommunikasiyalar, yaşayış məntəqələri, tarixi, ekoloji amillər və sair - nəzərə alınmalı olduğunu qeyd edib: “Ermənistan ilə Azərbaycan arasında mövcud olan şərti sərhəd, birincisi, ehkam deyil. Bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, bunun üçün mənim dediyim bir çox bu və ya digər amillərin dəqiqləşdirilməsi tələb olunur. Amma bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur. Beləliklə, yaşayıb görərik”.

Azərbaycan Prezidentinin müsahibəsindən bir gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan onun fikirlərinə münasibət bildirib. Paşinyan bildirib ki, İrəvan sülh strategiyasına sadiq qalacaq və sülh gündəmini ardıcıl olaraq davam etdirəcək. Deyib ki, Ermənistan təcavüz deyil, dialoq dilindən istifadə edəcək: “Biz bundan sonra da sərhədlərin demarkasiyası, sülh müqaviləsinin mətninin razılaşdırılması, “Sülh qovşağı” layihəsinin həyata keçirilməsi, humanitar məsələlər, o cümlədən itkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə diqqətimizi davam etdirəcəyik”, - deyə Paşinyan vurğulayıb.

Bakı daha əvvəl bildirmişdi ki, sülh sazişi layihəsinin 17 bəndindən 15-i razılaşdırılıb. Rusiya dövlət mediasına verdiyi müsahibədə İlham Əliyev bildirib ki, İrəvan və Bakı bir-birinə qarşı beynəlxalq məhkəmə çəkişmələrindən çəkinmək və üçüncü dövlətlərin nümayəndələrini sərhəddə yerləşdirməmək bəndləri ilə bağlı hələlik razılığa gəlməyiblər. 

Paşinyan bildirib ki, sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı həll yolları təklif olunub və Azərbaycanın müsbət cavab verəcəyi təqdirdə İrəvan sazişi imzalamağa hazırdır.

İlham Əliyevin “Zəngəzur dəhlizi”nin açılmalı və açılacağı, “nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır” bəyanatına Paşinyan belə cavab verib: “Ermənistan Respublikası “Sülh yollarının kəsişməsi” layihəsini masaya qoyub və həyata keçirmək üçün çalışır. Gündəliyimizdə başqa layihə yoxdur”.

Zəngəzur dəhlizinin açılması barədə İlham Əliyevin fikirlərinə münasibət bildirən Paşinyan xatırladıb ki, Ermənistan Yerasx-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılması ilə bağlı Azərbaycana konkret təklif verib. “Bu, təklifdən daha çox, konkret məsələlərin konkret həllidir və biz Azərbaycanın müsbət cavabını gözləyirik, bundan sonra saziş kağız üzərində yazılacaq və biz dəmir yolunun özümüzə aid hissələrinin tikintisinə başlayacağıq”, - deyə hökumət başçısı bildirib.

İlham Əliyevin “Ermənistan silahlanmağı dayandırmalıdır” bəyanatına Paşinyan belə cavab verib: “Ermənistan Respublikası ordusunun islahat gündəmində qeyri-legitimlik elementi yoxdur”.

Baş nazir xatırladıb ki, Ermənistan Respublikası bütün qonşularının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır və eyni şeyi, yəni Ermənistanın ərazi bütövlüyünün Azərbaycandan aydın və qeyd-şərtsiz tanınmasını gözləyir.

“Mən həmçinin elan etdim ki, biz Ermənistan Respublikasının işğal olunmuş ərazilərinin 200 kvadrat kilometrdən artıq hissəsinin hərbi yolla geri qaytarılması problemini qoymuruq, çünki sərhədlərin delimitasiyası prosesi bu problemi sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə imkan verir”, - Baş nazir bildirib.

Paşinyan təsdiqləyib ki, yanvarda sərhədin demarkasiyası komissiyalarının iclası planlaşdırılır. "Mən əminəm ki, 2024-cü ildə demarkasiyanın müsbət təcrübəsi sakit, iş şəraitində inkişaf etdirilməlidir. Biz belə işə hazırıq", - Baş nazir yekunlaşdırıb.

Politoloq Fərhad Məmmədov Azərbaycanın dövlət başçısının mövqeyini şərh edərək, 2025-ci il üçün Ermənistanla münasibətlərin əsas tendensiyalarını qeyd edib. Politoloq sülh müqaviləsi ilə bağlı Azərbaycanın şərtlərinin ötən ilin sonunda ifadə olunduğunu xatırladıb: 

“Burada ilk növbədə danışıqların ancaq ikitərəfli formatda aparılması qeyd olunmalıdır. Həmçinin bunlar; 

- birbaşa mətndə üçüncü qüvvələrin sərhədə yaxınlaşmasına imkan verməmək və beynəlxalq qurumlarda qarşılıqlı iddialardan imtina etmək üçün qarşılıqlı öhdəliklərdir;

- Sülh prosesinə gəlincə, bu, sülh müqaviləsi imzalanana qədər ATƏT-in Minsk qrupunun buraxılması və Konstitusiyaya düzəlişlərin edilməsi deməkdir. Prezident İlham Əliyev bu şərtlərin təfərrüatı üzərində dayanmadı və qeyd etdi ki, mövqe dəyişməyəcək və vəziyyəti dəyişə biləcək heç bir kənar qüvvə yoxdur. Nəticə etibarı ilə bizdə Azərbaycanın yanaşma çərçivəsi var: “...Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Biz bunu imzalamadan da yaşaya və siyasətimizi davam etdirə bilərik”.

Fərhad Məmmədov vurğulayır ki, Prezidentin çıxışında Ermənistanın demilitarizasiyasına geniş yer verilir: “Bu da fövqəladə vəziyyətin göstəricisidir. Eyni şəkildə Prezident İlham Əliyev Fransanın prosesə neqativ təsiri barədə xəbərdarlıq etdi və il yarımdan sonra Fransa prezidenti ilə danışıqların təfərrüatlarını açıqladı. Xatırladım ki, Makron Qarabağda olmayanı tanımaqla hədələmişdi. Bu o deməkdir ki, bu mövzuda da tələlər var... Prinsipcə, onlardan bəzilərini təxmin etmək olar: Qərbdə çoxları deyir ki, Azərbaycanın Ermənistanın demilitarzasiyası tələbi qeyri-adekvatdır. Qeyd olunur ki, Ermənistan suveren dövlətdir və silah almaq hüququna malikdir. Bəli, bu doğrudur... Amma Ermənistanın yaradılması ideologiyası bu ölkənin qurucusu Levon Ter-Petrosyanın dediyi kimi, azərbaycanlılardan təmizlənmiş ölkənin nasist prinsipində yatır. Ermənistan Konstitusiyasında isə ərazi iddiası var. Bu gün Paşinyan hakimiyyətdədir, sabah nə olacaq?! Silahlar Paşinyandan sonra da Ermənistanda qalacaq. İndi gəlin Ermənistan müxalifətinə baxaq, istər rusiyapərəst olsun, istərsə də Qərbpərəst - hamısı revanşistdir, yəni indi əldə edilən silahlar gələcəkdə təhlükə yaradacaq”.

Ekspert bildirir ki, Azərbaycan Prezidenti dünya geosiyasətində baş verən dəyişiklikləri vurğuladı və Ermənistanın hərbiləşdirilməsi kontekstində yeni çalarlara toxundu. Onun sözlərinə görə, Ermənistan 25 ildir ki, Rusiya tərəfindən proksi kimi istifadə olunub, indi isə Fransa, Hindistan, İran və ABŞ-a  istiqamətlənir. Sabah Ermənistandan bu dövlətlər tərəfindən Azərbaycana qarşı istifadə edilməyəcəyinə təminat haradadır?!

F.Məmmədovun sözlərinə görə, Azərbaycan və Ermənistanın hərbi büdcələrinin fərqi ilə bağlı arqumentlər aktual deyil. O, xatırladır ki, Paşinyan bu fərqin daha çox olduğu 2019-cu ildə Qarabağda qışqırırdı.

Politoloq onu da bildirib ki, Aİ-nin Ermənistandakı missiyası Bakını qıcıqlandıran mövzulardan biridir və prezident bunu xüsusi vurğuladı. Belə görünür, Bakı Ermənistandan gələn təhlükəni neytrallaşdırmaq qərarına gəlsə, müəyyən mərhələdə Aİ missiyasının maneə olmadığını göstərməyə hazırdır. Azərbaycan Prezidenti şərti sərhəddə durbinlə şəkil çəkdirən dövlət başçıları ilə bağlı ifadələrdən yayınmadı...

Sərhədlərin dəqiqləşdirilməsi barədə danışan ekspert bildirib ki, hökumət komissiyalarının növbəti iclası gözlənilir və bu, müsbət haldır. Onun sözlərinə görə, Azərbaycanın təklif etdiyi metodologiya İrəvan tərəfindən şifahi şəkildə qəbul edilib. “Prinsipcə, sərhəd komissiyası, əslində, danışıqlar üçün yeganə substantiv platforma olaraq qalır”, - o vurğulayıb.

F.Məmmədov qeyd edib ki, de-fakto sülh yaxın gələcəkdə həll etməli olacağımız bir məsələdir. “Aydın oldu ki, sülh müqaviləsi Ermənistan Konstitusiyası dəyişdirilənə qədər təxirə salınıb. Bu o deməkdir ki, biz faktiki sülh vəziyyətini necə gücləndirəcəyik, bu müddətdən ziddiyyətləri həll etmək üçün istifadə etməliyik: məsələn, ATƏT-in Minsk Qrupunun buraxılması, Aİ-nin Ermənistandakı missiyasının formatının dəyişdirilməsi, sərhədlərin dəqiqləşdirilməsi üçün yeni sahələrin müəyyənləşdirilməsi və hərbçilərin geri çəkilməsi”, - politoloq bildirib.

Turqut