Logo
news content
User
Kateqoriyalar

Analitika

Məmur həbsləri davam edir, amma “dəyirman” öz işindədir

“Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb ediliblər...”

Bu sözləri prezident İlham Əliyev 2020-ci il mayın 1-də baş prokuror Kamran Əliyevi qəbul edərkən demişdi.

Ötən il və bu il vəzifədə olan, eləcə də keçmiş dövlət məmurlarının ifşası davam etdirilib. 2020-ci il dekabrın 7-də Cəlibabad rayonun İcra Hakimiyyəti başçısı Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs olunub. Bu il yanvar ayının 9-da "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov, fevralın 4-də isə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov həbs olunublar. Aprelin 22-də FHN-nin Zığda quraşdırdığı modul tipli ixtisaslaşmış tibb mərkəzinin baş həlkimi İmran Ağayev və köməkçiləri, eləcə də TƏBİB-in nəzarətində olan “Yeni klinika”nın baş həki Pərviz Abbasov saxlanılıb. Onlar koronavirus xəstələrindən rüşvət almaqda təqsirləndirilir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hadisəyə reaksiyası belə olub:

"Həbs edilən baş həkim FHN-nin əməkdaşı deyil. Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin modul tipli hospitalı dövlət maliyyələşdirir. Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur...”

Aprelin 26-da isə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və onun müavinlərinin DTX tərəfindən saxlanılması barədə xəbər yayılıb. Prezident İlham Əliyev bu gün onu tutduğu vəzifədən azad edib.

Xatırladaq ki, 2019-2020-ci illərdə 6 icra başçısı vəzifə başında həbs edilib, XİN və Mədəniyyət Nazirliyinin yüksək rütbəli məmurları da keçirilən əməliyyatla saxlanılıb, nazirlər isə vəzifələrindən kənarlaşdırılıb.

Məsuliyyətə cəlb edilən bütün yüksək vəzifəli məmurlar rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və sair cinayətlərdə ittiham olunurlar. Onların bir qisminin işləri artıq məhkəməyə göndərilib. Maraqlıdır, bu şəxslərin demək olar, heç biri barələrində seçilən həbs-qətimkan tədbirindən, irəli sürülən ittihamlardan apellyasiya şikayəti verməyib. Keçmiş məmurların yeganə müraciəti həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə olub.

Yuxarıda qeyd olunan çıxışında dövlət başçısı belə əməl sahibi olan məmurları könüllü şəkildə istefa verməyə dəvət edir. Amma bu günə qədər hökumət üzvlərinin, aşağı səviyyəli dövlət məmurlarının heç biri istefa verməyib, aparılan həbslər isə onu göstərir ki, onlar korrupsiya əməllərindən çəkinməyiblər də. Həmkarlarının cinayət başında yaxalanması, rüsvayçı görüntülərinin cəmiyyətə nümayiş etdirilməsi məmur korpusunu narahat etmir, onlar əvvəlki qaydalarla işlərinə davam edirlər. Bu, nə ilə bağlıdır?

İlk növbədə bu kadrların keçmişinə, yüksək vəzifələrə təyinatlarında rol oynayan amillərə diqqət yetirməyə ehtiyac var. Həbs edlən icra başçılarının əksəriyyəti dövlət idarəetməsi sahəsinə kənar, aidiyyəti olmayan sahələrdən gətirilib. Onlardan keçmişdə müsiqiçi, tamada, valyuta alverçisi, ofsiant, iş adamı olanları var. Bu şəxslər hakimiyyət olimpində mövqe tutmuş yaxınlarına külli miqdarda rüşvət ötürərək, yaxud bəzi işlərdə onların etimadını doğruldaraq vəzifə pillələrində irəliləyiblər. Onların dövlət idarəçiliyində nəinki təcrübəsi olmayıb, ümumiyyətlə, bu adamlar tutduqları vəzifənin mahiyyətini dərk etməyiblər. Gördükləri iş büdcə vəsaitlərini talayıb, müvafiq yerlərə ötürmək, sahibkarları sıxışdırıb, haqq yığmaq, rayonlarda torpaqları, obyektləri ələ keçirmək, şəxsi biznes yaratmaq, qohum-əqraba şirkətləri quraraq tenderləri udmaqdan ibarət olub.

Bu hallar bütün icra strukturları və təsərrüfat qurumlarında idarəetmə normasına çevrilib. Burada “yetişən”, “bacarıq”ları ilə fərqlənən kadrlar daha mühüm dövlət postlarına irəli çəkiliblər. Məsələn, DTX-nın dünən saxladığı, bu gün vəzifəsindən azad edilən Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov əvvəllər vergi orqanlarında yüksək vəzifələr tutub. Onu keçmiş vergilər naziri Fazil Məmmədov himayə edib. Salyanda, Şəmkirdə, Səbaildə vergi rəisi işləyərkən sahibkarlara qan uddurub, hətta yüksək ranqlı məmurların mənafeyini tapdaladığına görə barəsində cinayət işi açılıb, bir dəfə vergi sistemindən qovulub.  Amma az sonra yenidən bərpa olunanaraq əvvəlcə 2 saylı Vergi İdarəsinə, daha sonra Bakı şəhər Vergilər Departamentinə rəis təyin edilib. İki il sonra isə ölkənin ən böyük rayonlarından birinə icra başçısı göndərilib və 7 il il bu rayonu idarə edib...

Sistem öz tələbatını ödəmək üçün daim belə kadrlara ehtiyac duyub, onların "əməyindən", "qabiliyyətindən" faydalanıb. Bu məmurların qanun və cəmiyyət qarşısında heç bir məsuliyyət hissləri yoxdur. Onların beynində ancaq tabeçilik instinkti var, üzv olduğu sistem onun taleyini həll edəcək. Bu, mükafat, yüksək vəzifə, pul, ya da həbsxana həyatı ola bilər. Ona görə, belə şəxslərin özbaşına istefa verməsi, korrupsiya zəncirindən öz iradəsi ilə çıxması mümkün deyil. Buna nail olmaq üçün bütövlükdə sistem yenilənməlidir, yerli idarəçilik kökündən dəyişdirilməli, əks-mərkəzləşdirmə islahatları aparılmalı və bələdiyyə idarəçiliyi gücləndirilməlidir. İctimai nəzarətin təmin olunması üçün azad seçki nəticəsində formalaşacaq parlamentin, azad medianın, güclü vətəndaş cəmiyyətinin olması zəruridir. Bunun əksi vaxtaşırı hansısa məmurun həbsi, əmlakının əlindən alınması və dəyişməyən sistemdir.

“Çax-çax”ın baş ağrıtmaması üçün “dəyirman”ı dayandırmaq lazımdır.

Turqut