Logo
news content
User
Kateqoriyalar

Analitika

Məmmədyarova DTX zərbəsi

DTX mərkəzi dövlət orqanlarında əməliyyatlar keçirib, vəzifəliləri cinayət məsuliyyətinə cəlb etsə də, bir qayda olaraq, birinci şəxslər kənarda qalır. Belə çıxır ki, həmin strukturlara rəhbərlik edənlər tabeliklərində çalışan adamların cinayət əməllərindən, büdcə vəsaitlərinin mənimsənilməsindən tam xəbərsiz olublar.

Oxşar hadisə son olaraq, Xarici İşlər Nazirliyində yaşandı. DTX-nın bu qurumda keçirdiyi əməliyyat nəticəsində tenderlər vasitəsilə büdcə vəsaitinin mənimsənilməsindən tutmuş, əcnəbilərə Azərbaycana səfər və iş vizası verilməsi üçün rüşvət alınmasına qədər, müxtəlif cinayət əməllərinin üstü açıldı. Ölkənin xarici siyasətini müəyyənləşdirən qurumun da korrupsiyaya bulaşdığı konkret faktlarla təsdiqləndi. Belə görünür ki, digər dövlət orqanlarının rəhbərləri kimi, xarici işlər naziri Elmar Məmmədyarov da toxunulmaz qalır.

Xarici İşlər Nazirliyi dövlətin ən önəmli qurumlarından biridir. Bu nazirlik xarici siyasəti həyata keçirir, ölkəni dünyada təmsil edir. Üstəlik, Qarabağ münaqişəsinin həlli üzrə çox ağır, mürəkkəb, eyni zamanda çox məsuliyyətli bir prosesi də XİN aparır. Belə bir qurumda korrupsiyanın mövcudluğu onun və şəxsən nazirin beynəlxalq miqyasda nüfuzuna xələl gətirən, ölkənin mövqeyini zəiflədən amildir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Press Klub”a açıqlamasında bildirdi ki, E.Məmmədyarovun xarici işlər naziri kimi fəaliyyəti ölkə üçün üçün faydalı deyil. Ekspert bu fikrini əsaslandırarkən ilk növbədə Məmmədyarovun dövlət dilini mükəmməl bilməməsini xatırlatdı:

“Söhbət etdiyim bir necə xarici diplomatdan bu barədə eşidəndə xəcalət çəkmişəm. Soruşurlar ki, necə ola bilər, xarici işlər naziri öz ana dilində danışa bilməsin?! Elə tək bu səbəbə görə Elmar Məmmədyarovun Azərbaycanı dünyada təmsil etməsi doğru deyil”.

Politoloqun fikrincə, Məmmədyarov Dağlıq Qarabağ danışıqlarında da Azərbaycanın mövqeyini lazımınca təmsil edə bilmir:

“Onun danışıqlarda sərt mövqe sərgilədiyini düşünmürəm. Erməni nazir danışıqları uzadır, çünki status-kvonun uzanması işğalçının xeyrinədir. Elmar Məmmədyarov isə buna qarşı tutarlı arqument ortaya qoya bilmir. Münaqişənin həlli bir tərəfə, Minsk Qrupu həmsədrləri ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayonları məskunlaşdırmasına, Şuşa, Kəlbəcər və Laçında müəssisələr açmasına səssizdir. Halbuki, özlərinin hazırladıqları müxtəlif planlara görə, Dağlıq Qarabağın ətrafı boşaldılmalıdır. Məmmədyarov niyə həmsədrlərin “yaxasından yapışmır” ki, erməniləri niyə bu qədər cəsarətləndirmisiniz? Və ya işğalçı dövlətin baş naziri gəlib Şuşada andiçmə mərasimi keçirir. Məmmədyarovun bu məsələ ilə bağlı da həyəcan təbili çaldığını duymadıq”.

E.Məmmədyarovun 2 oğlunun ABŞ vətəndaşı olması və bu ölkədə bahalı mülklər alması barədə məlumatları yada salan politoloq deyir ki, dövlət orqanları bu məsələnin üstündən keçməməli, araşdırma aparmalıdır. Çünki nazir özü övladlarının Nyu-York kimi bahalı şəhərdə milyonlarla dəyəri olan mülkü hansı vəsait hesabına almasına aydınlıq gətirmədi. E.Şahinoğlu hesab edir ki, E.Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulmalıdır. Fikrini də belə əsaslandırır:

“Milli və dövlət maraqlarını müdafiə etməli olan nazirin övladları vətənlərində yaşamaq istəmirsə, bunun özü böyük qüsurdur. Mətbuatda və sosial şəbəkələrdə qaldırılan bu sualara cavab vermək əvəzinə, nazir mətbuat katibi vasitəsilə bu haqda yazanları hədələdi ki, kim bundan sonra onun övladlarının milyon dollarlıq mülkləri barədə yazsa, onları DTX-ya şikayət edəcək. Fikrimcə, Təhlükəsizlik Xidməti nazirin maliyyə imkanlarını araşdıracaq. Xarici İşlər Nazirliyində korrupsiya hallarının aşkarlanması Məmmədyarova ciddi zərbədir. Bundan sonra onun vəzifəsinə davam etməsi doğru deyil. Cənab Məmmədyarov prezidentin qərarını gözləmədən istefa verməlidir. Onun ölkəni tərk etməsinə də icazə verilməməlidir. Dövlət sirlərini bilən şəxsin rəhbərlik etdiyi qurumda korrupsiya faktları varsa, həmin qurumda dövlətə xəyanət də baş verə bilər. Ümumiyyətlə, Xarici İşlər Nazirliyi yenidən qurulmalıdır. Nazirliyə milli ruhlu kadrlar cəlb olunmalıdır. Təəssüf ki, XİN-də uzun illər qohumbazlıq prinsipləri üstün tutulub. Nadir hallarda öz gücünə və savadına güvənən birisinə irəliləmək imkanı veriblər”.

Hüquqşünas Xalid Bağırov isə dövlət strukturlarına rəhbərlik edən şəxslərin tabeliklərində olanların cinayət əməllərinə görə məsuliyyət daşıyıb-daşımadığını “Press Klub”a şərh edib. Onun sözlərinə görə, belə məsuliyyəti nəzərdə tutan konkret hüquqi norma yoxdur. Bununla belə, X.Bağırov hesab edir ki, Azərbaycanda hansısa nazirlikdə illərlə tenderlər vasitəsilə milyonların rəhbərlikdən xəbərsiz mənimsənilməsi inandırıcı deyil:

“Tenderlərdə yeyinti bir orqanda həll olunası məsələ deyil, bundan nəinki rəhbərliyin, hətta başqa strukturların da məlumatı olur. Konkret hüquqi norma yoxdur ki, rəhbər şəxs mütləq tabeliyindəki işçinin korrupsiya əməlinə görə məsuliyyət daşıyır. Bizdə bəzən rüşvət və korrupsiyanı qarışdırırlar. Müdirin otağında 1000-2000 manat alması rüşvətdir, amma müxtəlif yollarla, xüsusən yalançı tenderlərlə böyük məbləğdə büdcə vəsaitinin mənimsənilməsi artıq korrupsiyadır. Əgər hansısa dövlət orqanında tenderlərdə korrupsiyanın üstü açılıbsa, mütləq araşdırma aparılmalı, rəhbər şəxslərin məsuliyyəti müəyyənləşdirilməlidir ki, əlbirlik olubmu, yoxsa rəhbərliyin səhlənkarlığı nəticəsində başıpozuqluq hökm sürüb? Rəhbərliyin ümumiyyətlə, xəbərinin olmadığı aydınlaşarsa, buna görə də qərar verilməlidir ki, tabeliyindəki şəxslərə nəzarət edə bilməyən adam öz vəzifəsində qalmalıdır, yoxsa yox”.

X.Bağırov qeyd etdi ki, tenderlərdə korrupsiyaya yol verildiyini müəyyənləşdirmək çox asandır. Tenderlərdə əsasən iki üsulla yeyinti olur: görüləcək işin və ya alınacaq avadanlığın dəyərinin sənədlərdə 3-4 dəfə şişirdilməsi, yaxud da işlərin natamam icrası:

“Azərbaycanda dövlət orqanları 80 faiz hallarda tenderlərdə özlərinə, qohumlarına yaxın olan şirkətləri qalib elan edirlər. Məsələn, Bakıda beynəlxalq avtovağzalın tikintisində sifarişçi Nəqliyyat Nazirliyi idi, icraçı da Ziya Məmmədovun qardaşının şirkəti. Belə hallardan rəhbərliyin xəbərinin olmadığını düşünmək sadəlövhlük olar. Çünki burada korrupsiyanı görmək çox bəsitdir. Tenderdə pul yeyintisi olanda ya nəzərdə tutulan işlərin hamısı görülmür, avadanlıqların hamısı alınmır, yaxud da qiymətlər üç-dörd dəfə şişirdilmiş şəkildə göstərilir, büdcədən daha çox vəsait ayrılır, artıq qalan pul mənimsənilir. Vəsaiti ayıran Maliyyə Nazirliyidir. Məgər sənədlərə baxanda görmürlər ki, 10 manatlıq iş üçün 50 manat nəzərdə tutulub?!”

Hüquqşünas onu da qeyd etdi ki, Azərbaycan hökuməti 2012-ci ildə şirkətlərin sahibləri və fəaliyyəti ilə bağlı məlumatları “kommersiya sirri” kateqoriyasına aid edib gizlətməklə, korrupsiya əməllərinə rəvac verdi:

“İlk növbədə tenderin şəffaflığı təmin olunmalıdır. Bilməliyik ki, dövlət orqanlarının elan etdiyi tenderdə hansı şirkət iştirak edir, təklifi nəfir, bu şirkət kimə məxsusdur. Hökumət şirkətlərin kimə məxsusluğunu gizlətməklə korrupsiya proseslərinə yardım etdi. Şirkətin kimə məxsus olması normal ölkələrin heç birində kommersiya sirri sayılmır. Bu məlumat açıq olmalıdır, bilinməlidir ki, məsuliyyətli iş kimə həvalə olunur. Azərbaycanda idarəetmədə yalnız o vaxt cəzalandırırlar ki, hardasa özü yeyib, yuxarı çatdırmayıb”.

Gülər