Məhbuslar və ailələri karantindən əziyyət çəkir
04 May 2020
Azərbaycanda COVİD-19 (koronavirus) pandemiyasına qarşı ilk mübarizə tədbirlərindən biri də təcridxanalara, cəzaçəkmə müəssisələrinə sovqat qəbulunun, eləcə də görüşlərin qadağan edilməsi oldu. Bu qadağa martın 6-dan qüvvədədir. Həbsdə olan şəxslərin yaxınları gileylənir ki, qadağa onların durumunu ağırlaşdırıb. Deyirlər ki, həbs yerlərinin daxilindəki ticarət köşklərində ərzaq və başqa tələbat mallarının qiyməti kəskin bahalaşıb.
32 yaşlı məhbus Bəhruz Əliyevin anası Yeganə Əliyeva “Press Klub”a bildirdi ki, oğlunun saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsində verilən yeməklər çox keyfiyyətsizdir, ona görə də məhbuslar evdən gətirilən ərzaqla qidalanırdı. Amma karantin rejimindən sonra məhbuslar yaxınlarının göndərdiyi pulla cəzaçəkmə müəssisəsindəki dükandan qida məhsulları alıb yeyirlər: “Əvvəl də oranın qiymətləri ilə çöldəki qiymətlər arasında fərq vardı. Karantindən sonra lap ağ elədilər. Bilirlər ki, dustağın başqa çarəsi yoxdur, neçəyə satsalar, məcbur qalıb, o qiymətə alacaq, çünki özlərinin verdiyini yemək olmur. Bir yumurta 25-30 qəpiyə, bir toyuq 10 manata qalxıb. Mən 10 gündən bir 200 manatı necə göndərim türməyə? Necə olur, valideynin gətirdiyi ərzaqdan virusa yoluxmaq ehtimalı var, amma özlərinin çöldən gətirib dükanda satdıqları ərzaqdan yox?!”
Y.Əliyevanın sözlərinə görə, oğlu qiymətlərin bahalaşmasına etiraz etdiyinə görə cəzalandırılıb, ailəsi ilə telefon danışığı hüququ da məhdudlaşdırılıb. Daha sonra onu həmin müəssisədən çıxarıb aparıblar. Amma hara aparılması haqda ailəsinə xəbər verməyiblər: “Üç-dörd gün özümüz başqa adamlardan öyrəndik ki, 2 saylı cəzaçəkmə müəssisəsinə aparıblar, bir gün sonra da “karsa” salıblar. Özünə də deyiblər ki, “sən kimsən, nəyəsə etiraz eləyirsən, ağıllı çıxmısan?!” Hədələyiblər ki, səsini kəsməsə, Qobustandakı qapalı həbsxanaya göndərəcəklər.”
Həbsdə olan dindarlardan Sahil Rzayev də apreldə saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsindəki oxşar problemlə əlaqədar üç gün aclıq aksiyası keçirib. Anası Səidə Rzayeva bildirib ki, məhbuslar pul çatdıra bilmir, müəssisədəki dükan da artıq nisyə ərzaq vermir: “Çox pis vəziyyət yaranmışdı. Xəstə adamdır, yeməyə ehtiyacı var...”
Anasının sözlərinə görə, S.Rzayevin aclıq etməsi barədə məlumat ictimailəşəndən sonra məsul şəxslər ona problemin həll olunacağını söyləyiblər. Bundan sonra oğlu aclığı dayandırıb.
Ay yarım öncə həbsdən buraxılan jurnalist Əfqan Muxtarlı da cəzaçəkmə müəssisələrindəki ticarət köşklərində qiymətlərin çox baha olduğunu deyir. O, saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən danışır: “Karantin müddətinin bir ay artırılması məhbuslara və onların yaxınlarına daha bir ay əlavə zülm deməkdir. 16 saylı cəzaçəkmə müəssisəsində 1 kiloqram ət 16 manat, 3 kartof 1,50 manatdır”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə təcridxanalarda, cəzaçəkmə müəssisələrində yeməklərin keyfiyyətsizliyi, daxili mağazalardakı qiymətlərin bahalığı haqda iddialarla razılaşmır. Onun sözlərinə görə, hər bir məhkum gündə üç dəfə kalorili yeməklə təmin olunur: “Verilən yeməklər məhkumların durumunun, sağlamlığının normal olmasına tam kifayət edir. Cəzaçəkmə müəssisələrindəki ticarət köşklərində qiymətlərin ikiqat baha olması haqda səslənən fikirlər də əsassızdır. Bu köşklərdə məhdud sayda ilkin tələbat malları satılır. Ödəniş nağdsız həyata keçirilir. Hər bir məhkumun şəxsi hesabından ilkin tələbat malları üçün pul köçürülür. Ona görə də baha qiymətlərdən söhbət gedə bilməz”.
Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev mətbuata açıqlamasında bildirib ki, karantin rejimi tətbiq olunandan sonra bir neçə cəzaçəkmə müəssisəsində monitorinq aparıb, virusa qarşı mübarizə tədbirləri, məhbusların sağlıq durumu, qidalanmasıyla maraqlanıblar. Ə.Nuriyev qeyd edib ki, məhbusların qidalanmasında problem yoxdur: “Məhbusların ərzaqla təminatı da yüksək səviyyədə idi. Gündəlik yeməklərdən məhbusların narazılığı yoxdur. Biz də keyfiyyəti yoxlamaq üçün onlardan daddıq, hər şey normal idi”.
Gülər