Logo
news content
User
Kateqoriyalar

Analitika

Maska atılır, metro açılır, normallaşma başlayır…

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlarını elan etdi. Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov keçirilən brifinqdə bildirdi ki, Azərbaycanda epidemioloji durumun sabitləşməsi, gündəlik yoluxmaların azalması nəzərə alınaraq bir sıra qərarlar qəbul edilib. Belə ki, mayın 31-dən Bakı Metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir. Eyni gündən etibarən açıq havada tibbi maskadan istifadə məcburiyyəti ləğv olunur. Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti də bərpa edilir.

Növbəti qərarlara əsasən iyunun 10-dan ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq, iri ticarət mərkəzlərinin, çimərliklərin fəaliyyətinə icazə veriləcək. Qaydalara əməl etməklə, 10 iyun tarixindən idman sağlamlıq obyektlərinin fəaliyyəti də bərpa olunacaq. 

Brifinqdə Azərbaycanda “COVİD pasportu” tətbiq olunacağı da açıqlandı. Bildirildi ki, 2 doza peyvənd qəbul edənlərə vaksin sertifikatı veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib, sağalanlara təqdim olunacaq. Sertifikatlar bir yerdə “COVİD pasportu” adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman-sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylar üçün də tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənliklərdə iştirak etmək istəyənlər də “COVİD pasportu” təqdim etməli olacaq.

Ortaya sual çıxır: peyvənd olunmayan və COVİD-ə yoluxmayan şəxslərin aqibəti necə olacaq? Onlar idman zallarında məşğul ola, konsert, teatr və şənliklərdə iştirak edə bilməyəcəklərmi? Bu və ümumən qəbul edilən qərarlarla bağlı mütəxəssislərin rəyini öyrəndik. 

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə “Press Klub”a açıqlamasında qərarı düzgün hesab etdiyini vurğuladı:

“Burada bir neçə nüans var. Birincisi, peyvənd olunan şəxs hər iki dozanı alıbsa, onun adı portalda qeyd olunub. Həmin insana “COVİD pasportu” verilir. İkincisi, əgər insan xəstələnibsə, PCR testi veribsə, yenə adı portala düşür ki, həmin insan COVİD-19-dan xəstələnib və bu barədə məlumat verərək və yaxud qandan analiz verərək antitellerin olub-olmadığını yoxlatdırmaqla pasport ala bilər”.

Həkimin sözlərinə görə, vətəndaş qanda antitellərin olub-olmadığını yoxlatdırmalıdır:

“Əgər antitellər yoxdursa, deməli, həmin insan xəstəliyi keçirməyib. Əgər antitellər varsa, deməli, xəstəliyi keçirib və ya xəstəliyi keçirib, amma nə zaman xəstələndiyini xatırlamır. Xəstəliyi keçirməyənlər vaksin olunmayıbsa, o insanlar qapalı məkanlara - konsert, teatr, idman zallarnaı, toylara buraxılmayacaq. O zaman həmin insanlar məcbur olub, peyvənd olunmağa gedəcəklər”. 

Həkim-farmokoloq Müşfiq Hüseynov isə qeyd etdi ki, bütün verilən qərarlar kimi, bu qərar da yarımçıqdır:

“Əsas yarımçıqlığı onda görürəm ki, bazar günü Nizami küçəsinə on minlərlə insan maskasız çıxa biləcək. Yaydır və bu cür halın olması normaldır. Pandemiyanın üçüncü dalğası bitdikdən sonra təhlükə kifayət qədər sovuşacaq. Dəniz, istirahət mərkəzləri açıq olacaq, amma hər hansı tədbirin keçirilməsinə icazənin verilməməsi həm bir qədər gülməli, həm də yarımçıq qərardır. Dənizə getmək olar, amma dənizdəki restoranda və ya hər hansı məkanda 50-60 nəfərlik tədbirin keçirilməsinə icazə verilməməsi bir qədər məntiqsiz təsir bağışlayır”.

“COVİD pasportu”na gəldikdə, həkim vaksinasiyadan qaçışın olmadığını bildirdi:

“Bu haqda dəfələrlə deyilib, yazılıb. Sonuncu vətəndaş ya peyvəndlənənə, ya da xəstələnib, sağalana qədər bu problem çözüləsi deyil. Ona görə də, bu qərarı düzgün hesab edirəm. Çünki qərarı tək bizim ölkə deyil, bütün dünya verəcək. Çox böyük ehtimalla bu ilin sonlarından başlayaraq Avropaya getmək üçün hamıdan “COVİD pasportu” tələb edəcəklər. Bu barədə məlumatlar da yayıldı”.

M. Hüseynovun fikrincə, burada məqsəd vətəndaşın qorunmasıdır:

“Hər bir ölkə öz vətəndaşını qorumağa çalışır. Ona görə də, peyvəndlənmək şərtə çevrilib. Kimlər vaksinlənibsə, “COVİD pasportu”na sahib olur, kimlərsə vaksinlənməyibsə, bunu etməlidir. Xəstələnib sağalmaq da insanı virusdan qorumur. Çünki həmin şəxs uzağı 5-6 ay immunitetə sahib olur. Ona görə də bu məsələni kütləvi şəkildə həll etmək lazımdır. Hər halda sentyabr-oktyabr aylarına qədər peyvəndlənməni başa çatdırmaq lazımdır ki, payız ağırlaşmaları baş verməsin”.

Ülviyyə Şahin