Logo
news content
User
Kateqoriyalar

Analitika

Masallının “korona” günləri

Müəllif: Zahir Əmənov

Bu günlərdə Masallı rayonu da koronavirus bəlası ilə əlaqədar çətin və qadağalı günlər yaşayır.

Yerli hakimiyyət, inzibati orqanlar, tibb personalı və digər qurumlar gecə-gündüz işləyir. Küçələr, məktəblər, məktəbəqədər müəssisələr, dövlət idarələri, marketlər və bütün obyektlər ardıcıl dezinfeksiya olunur. Ölkə miqyasındakı qadağalar Masallıda da tətbiq edilir. Bütün kəndlərin girişində polis postları qurulub. Bazarlar, eləcə də rayon mərkəzində “Köhnə bazar” adlanan küçəyə giriş-çıxış bağlanıb. İcra Hakimiyyətinin başçısı öz müavinləri, şöbə müdirləri ilə bərabər rayon ərazisini şəxsən gəzir, insanlarla söhbət edir. Əhaliyə maska, spirt paylanır.

Lakin əsas problem sosial yardımların kimlər arasında bölüşdürülməsi məsələsidir.

Kimdir kasıb?

Rayonda yoxsulların konkret kimlər olduğunu müəyyənləşdirmək ciddi problemə çevrilib. Rəsmi sənədlər üzrə kasıb hesab edilənlərlə (ünvanlı yardım, sosial müavinətlər və s.) məscidlərin müvafiq siyahıları arasında kəskin fərq var. Yeri gəlmişkən, vaxtilə “Cənub xəbərləri” qəzetində “Sübut et ki, kasıbsan!” adlı araşdırma yazısında bu məqamları qeyd etmişdik.

Bu məsələni ona görə çox qabardırıq ki, bu gün yardımçı olmaq istəyən şəxslər bəzən yardımları necə bölüşdürəcəklərini bilmirlər. Yerli özünüidarəetmə orqanı kimi bələdiyyə institutunun zəifliyi, səlahiyyətlərinin məhdudluğu, son seçkilərdə yol verilmiş saxtakarlıq da bu gün öz fəsadlarını göstərir. Əksər rayonlarda olduğu kimi, Masallıda da bələdiyyə üzvlərinin əksəriyyəti bir-birini tanımır və olduqca passivdirlər. Eyni sözləri dini icmalar haqqında da demək olar. Adətən bu icmaların rəhbərləri İH tərəfindən “təyin edilir” və onlar da özlərinə uyğun bir “icma” yaradırlar. “İcma üzvləri”nin sırasında hətta ibadət-namaz bilməyənlər, “vuranlar” da olur. Regionlarda barmaqla sayılacaq qədər az olan, bəzi rayonlarda isə ümumiyyətlə, mövcud olmayan qeyri-hökumət təşkilatlarını da əlavə etmək mümkündür. Hələ 90-cı illərin əvvəllərində Masallıda hər ərazinin öz xeyriyyə cəmiyyəti var idi. Sonralar bunlar hamısı mərkəzləşdi və bu sahə də inhisara çevrildi.

Niyə bu məqamların üzərində  çox dayandım? Çünki bələdiyyələrin, icmaların, o cümlədən dini icmaların, xeyriyyə təşkilatlarının fəalları indi ortada olsaydı, yardımları da, digər tədbirləri də daha asan həyata keçirmək mümkün olardı. Amma az da olsa, fərqlənən qurumlar və fərdlər də var ki, ədalət naminə onları qeyd etmək lazımdır. Məsələn, “Ümidim sənsən” adlı QHT bir neçə mağazada imkansızlara pulsuz çörək verilməsi üçün aksiya keçirir. Rayonun Bədəlan kəndində Rabil Abdinov öz təşəbbüsü ilə xeyriyyə aksiyası təşkil edib. Masallının yeni deputatı Məşhur Məmmədov da həm maddi dəstəyi, həm də maraqlı təşəbbüsləri, təşkilati işləri ilə rəğbət qazanıb. O, rayona xeyli spirt və maska da gətizdirib.

Çağrı Mərkəzi ancaq pul “yeyir”

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 142 - Çağrı Mərkəzi yaradılıb. Bir yoxsul vətəndaş deyir ki, “çörəkpulu yox idi, 5-6 dəfə bu xidmətə zəng vurdum, gördüm, elə çörəkpulu qədər kontur gedir, vaz keçdim.” Digər çağrı xidmətləri də eyni gündədir. Yerli sakinlər hesab edir ki, hər rayonun öz çağrı nömrəsi olsa, daha effektli olar.

 

“Ölən” regional mətbuat

Sovet dövründə rayonlarda yerli radiolar var idi. Mərkəzi park və bağlarda gecə-gündüz sakinlər məlumatlandırılırdı. İndi bunlar yoxdur. Hətta İcra Hakimiyyəti elan və çağırışlar üçün məscidin mikrofonun ümidinə qalıb.

Yazılı mətbuat çoxdan “canının tapşırıb.”

Rayonlarda koronavirus qərargahları yaradılsa da, onların mətbuat xidmətləri yoxdur. Məlumat almaq üçün İH-nin 3-4 məsul işçisinə zəng etmək lazım gəlir. Onlar da informasiyaları xəsisliklə - ala-yarımçıq verirlər.

Əlbət, bu çətin günlər də keçib gedəcək...