Logo
news content
User
Kateqoriyalar

Analitika

Maaşın bir hissəsinin əvəzinə taxıl, kartof, soğan?..

Nazirlər Kabineti "Kənd təsərrüfatı müəssisələrində işçilərin əməkhaqqının normativlərinə dair Tövsiyələr barədə” qərarına dəyişiklik edib. Bundan sonra işçinin razılığı ilə əməkhaqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə tütün məmulatları, narkotik vasitələr, psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, məişətdə işlədilən digər gündəlik tələbat malları ilə əvəz edilərək verilə biləcək.

Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq işəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirən işçilərin əməkhaqqı pul və ya natura formasında ödənilə bilər. Əməyin natura formasında (məhsulla) qiymətləndirilməsi qaydası tətbiq edildikdə, iş norması yerinə yetirilən hər gün üçün işçilərə müqavilədə nəzərdə tutulmuş məhsul (naturada) ödənilməlidir. İstehsal zərurətindən asılı olaraq tərəflərin razılığı əsasında işçilərə pul ifadəsi ilə hesablanmış əməkhaqqının natura (məhsul) şəklində ödənilməsi məqsədəuyğun hesab edildikdə, həmin məhsulların qiymətləndirilməsi hər iki tərəfin birgə razılığı əsasında bazarlarda olan orta pərakəndə satış qiymətləri ilə müəyyənləşdirilməlidir.

Görəsən, belə bir qərar hansı zərurətdən irəli gəlib?

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov “Press Klub”a açıqlamasında qeyd etdi ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə kənd təsərrüfatı sahəsində çalışan işçilərinin əmək haqqlarının 20 faizə qədərinin natural ifadədə həmin işçilərin razılığı ilə ödənilməsinə icazə verilməsi bütövlükdə maliyyə resurslarının amortizasiya xərclərinə, investisiya xərclərinə ayrılmasına şərait yaradacaq. Onun fikrincə, amortizasiya xərclərinin və kapital qoyuluşlarının artırılmasına ciddi ehtiyac var, o cümlədən kənd təsərrüfatı sektorunda:

“Düşünürəm ki, beynəlxalq təcrübədə də istifadə olunan qərarın tətbiqi kənd təsərrüfatı sektorunda iqtisadi səmərəliliyin artırılmasına xidmət edə bilər. Bununla yanaşı, unutmayaq ki, söhbət əmək resurslarının razılığı ilə bu qərarın qəbul olunmasının mümkünlüyündən gedir və bununla yanaşı, bəzi məhdudiyyətlər də var. Spirtli içkilər, 18 yaşına çatmamış əmək resursları, işçi qüvvəsi üçün enerji içkiləri ilə ödənişlərin reallaşdırılmasının mümkünsüzlüyü və s. məsələlər var ki, sosial nöqteyi-nəzərdən olduqca önəmlidir. Nazirlər Kabinetinin qərarında bunlar öz əksini tapıb”.

İqtisadçı hesab edir ki, bütövlükdə bu gün maliyyə resurslarının investisiyalara istiqamətlənməsi və amortizasiya xərclərinə yönləndirilməsi ölkə iqtisadiyyatında olduqca mühüm, aktual və prioritet məsələlərdəndir:

“Ona görə də resursların azad edilməsi və məhz bu istiqamətlərə yönləndirilməsi ölkə iqtisadiyyatının qabaqlayıcı inkişafına müsbət təsir göstərə bilər”.

İqtisadçı ekspert Rəşad Həsənov isə bildirdi ki, qərarda bazar iqtisadiyyatı prinsiplərinin

ciddi şəkildə pozulduğunu demək olmaz:

“Bir çox müəssisələrin fəaliyyətində natura formasında əməkhaqqının ödənilməsi təcrübəsi geniş istifadə olunub. Burada vacib məqam könüllülüyün təmin edilməsidir. Düzdür, başqa bir məsələ də odur ki, Azərbaycanda işçi və işəgötürən arasında əmək münasibətləri o qədər də sivil deyil. Bu qərarın tələblərindən irəli gələn məsələləri sahibkar asan şəkildə işə götürdüyü şəxsə diktə edə bilər. Amma könüllülük prinsipi əsasında istehsal olunan məhsulların natura formasında verilməsi bəzən insanlara əlavə gəlir də yarada bilər. Yəni insanlar onlara təqdim olunan həmin məhsulları bazar dəyərindən aşağı qiymətə sata da bilərlər. Bu da ailə büdcəsinin daha səmərəli istifadəsi üçün imkanlar formalaşdırır. Hətta ölkəmizdə bir vaxtlar buna bənzər qərarlar olub”.

Ekspertin fikrincə, belə bir qərarın verilməsi müəyyən hədəflərə əsaslanır:

“Kənd təsərrüfatı müəssisələri məhsullarının realizə edilməsində bəzi hallarda çətinliklərlə üzləşirlər. Bu mexanizm vasitəsilə məhsulların realizə edilməsi üçün müəyyən bir imkan yaradılır. Bu, həm də əməyin natura formasında əvəzləşdirilməsidir. Müəssisənin fəaliyyətinin davam etdirilməsi üçün lazım olan həmin vəsaitin müəyyən bir qismini bu yolla kompensasiya etmək mümkündür. Yəni onun maliyyə yükü müvəqqəti olsa da, azalır. Burada məqsədin biri də ondan ibarətdir ki, müəssisə öz istehsal etdiyi məhsulları çoxlu işçilərə paylamaqla üzərində olan realizə yükünü azaldır, digər tərəfdən də maliyyə-təəssərüfat fəaliyyətinin nəticələrini nisbətən yaxşılaşdırır”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmli qərara münasibət bildirərkən vurğuladı ki, ölkədə kifayət qədər iri fermer təsərrüfatları, aqroparklar yaradılıb:

“Əməkhaqqı istənilən halda mal və ya məhsulla əvəz edilə biməz. İşçi ilə işəgötürən arasında müqavilə bağlananda əməkhaqqı nəzərdə tutulur və ondan vergi də ödənilir. Belə olan halda, vergini natura şəklində taxıl və ya digər məhsulla verəsi deyil ki… Düşünürəm ki, bu, ümumi qayda-qanunlara ziddir. Dünyanın heç bir ölkəsində belə bir qərar yoxdur. Çox güman ki, bu, məmur və ya oliqarxların sifarişidir. Yoxsa, baş nazir qərarda belə bir dəyişiklik etməzdi”.

Ekspertin sözlərinə görə, belə bir dəyişikliyi ona görə edirlər ki, hər hansı işçi buna etiraz etsə, müqaviləni imzalamasa, qanunu əsas götürsünlər:

“Məsələn, işçi özü heyvan saxlamır, amma ona maaşının 20 faizi həcmində natura formasında taxıl verirlər. O, həmin taxılı nə edəcək? Yəqin ki, bazara çıxaracaq. Əgər bazarda həmin məhsuldan çox olacaqsa, şəxs ya məhsulunu sata bilməyəcək, ya da çox ucuz qiymətə satacaq. Bu isə daha bir problem ortaya çıxaracaq. Elə insanlar var ki, işləyir və öz fərdi təsərrüfatında eyni adla məhsulun istehsalı ilə məşğuldur. Bu da onun işində əalvə problem yaradacaq”.

V.Məhərrəmli hesab edir ki, dəyişikliyə bu formada ehtiyac yox idi:

“Biz guya bazar iqtisadiyyatı şəraitində sivil ölkə qurmağa çalışırıq. Əslində isə feodalizm dövrünə qayıdırıq. Həmin dönəmlərdə də insanlara işlədiklərinin əvəzi natura şəklində verilirdi. Ola bilər ki, əməkhaqqının 20 faizi həcmində məhsul verilərkən insanları həm çəkidə aldatsınlar, həm də keyfiyyətsiz mal versinlər. Vətəndaş necə müəyyən edəcək ki, onun əldə etdiyi buğda hansı sortdur? Bununla manipulyasiya imkanı yaradırlar. Yenə deyirəm, bunu yalnız yüksək vəzifəli məmurların tapşırığı ilə ediblər. Ölkədə aqro-parklar onlarındır, işçiləri onlar götürür”.

Ülviyyə Şahin