Logo
news content
User
Kateqoriyalar

Analitika

Küçə etirazları, yoxsa seçki?

Müəllif: Mete Türksoy

Bütün avtoritar-despotik sistemlərin ən qorxduğu şey küçə etirazları və sərbəst toplaşmalardır. Demokratiyanın da fundamental dayaqları içərisində bu iki hüququn mühüm yeri var.

Küçə etirazları demokratiya baxımından fundamental bir hüquq kimi niyə vacibdir?

Bu haqda çox detallı danışmaq olar. Əvvəla, küçə etirazları xalqın, toplumun öz rəyini, reaksiyasını birbaşa ortaya qoymasıdır. Birbaşa demokratiyalarda olan xalqın öz seçimini, səsverməsini etmək üçün birbaşa iştiraketmə hüququ ilə eyni, əkiz mahiyyətdədir. Küçə etirazlarının gücünü təşkil edən əsas faktor onun imitasiya olunmazlığı ilə paralel, spontanlığa bağlı olmasıdır. Spontanlıq isə despotik rejimlər tərəfindən planlanmanı və idarəetməni müşkül edir. Küçə etirazları mahiyyəti etibarı ilə hesablanan deyil. Hətta nəzərə alanda ki, avtokratik və ümumən despotik sistemlərin elitaları əksərən keyfiyyətsiz olduğundan (sistem nepotizm və kronizm əsaslı qurulduğundan) hesablamaların təxmini aparılması da müşkül işə çevrilir. Həmçinin bütün despotik-tiranik sistemlər, şəxslər, qruplar uzun zaman ərzində hakimiyyətdə qaldıqlarından hakimiyyətin yaratdığı əqli degenerasiya, deqradasiya və hakimiyyətin içində olmaqdan yana yaranan vakuum effekti nəticəsində gerçəklikdən təcrid olunmaları onların hadisələri real qiymətləndirməsinə, anlamağına və çıxarılan adekvat analitik nəticələrə uyğun tədbirlər görməyinə imkan vermir.

Başqa tərəfdən, bu cür sistemlərdə, seçki institutları daxil, bütün demokratik təsisatlar və hətta bu təsisatların rüşeymi olacaq məfhumlar ya tamamən dağıdıldığından, ya da ümumən heç var olmadığından küçə etirazları yeganə yol kimi xalqın idarəetmədə iştirakçılıq payı əldə etməsi üçün, ya da öz sosial istəklərini əldə etmək üçün yaratdığı təzyiq vasitəsidir.

Təzyiq isə bu sistemlərdə çox vacib amildir, çünki heç bir despotik-tiranik sistem öz xoşu ilə hansısa yumşalmalara getməz. Bu, onun təbiətinə ziddir. Həmçinin belə bir yumşalmaya getmək də onun qurub-yaratdığı və əldə saxladığı hakimiyyətin çökməsinin başlanmasına səbəb olar. İstənilən kiçik bir yumşalma hakimiyyətin laxlamasına bəs edər. Çünki qeyri-legitimdir və demokratik-liberal sistemlərin əksinə, təbiəti etibarı ilə azadlıqların, plüralizmin deyil, məhdudiyyətlərin toplusundan yaranan sistemdir. Ona görə də həmin sistemlər yalnız təzyiq vasitəsilə fakt qarşısında, zərurət qarşısında qalaraq hansısa güzəştlərə, kompromislərə gedirlər.

Küçə idarəolunmazdır, fundamental anlamda. Bu, o baxımdan belədir ki, küçə etirazlarına həmin hökumətlərin reaksiyası hər iki istiqamətdə məhz elə özlərinə nəzərən zərərvericidir. Çünki küçə etirazlarının qarşısında onlar üçün iki seçim yaranır: ya müdaxilə edib dağıtmalı, ya da imkan tanımalı. Əgər müdaxilə edib dağıdarsa (əksərən bu olur) nəticədə hər dağıdılma həm aktiv kəsimin daha da radikallaşmasına, bütün qurula biləcək təmas körpülərinin yandırılmasına, həm də apolitik, yaxud bitərəf kütlələrin də müxalif mövqeyə sürüklənməsinə yol açır. Həmçinin küçə etirazlarının imitasiya edilməzliyi ondan qaynaqlıdır ki, sən saxta şəxslərdən istifadə edərək sosial sifarişli hansısa gündəmlə, mövzuyla bağlı etiraz təşkil edib, onu tam nəzarət altında saxlaya bilməzsən. Küçə etirazları texniki baxımdan hər kəsə açıqdır və nə qədər kütlənin qoşulacağı da sual altındadır. Əlavə olaraq da nəzəri-psixoloji aspektdən də yanaşsaq, artan və sayca artıq müqayisəyə gəlməz tərkibə sahib kütlənin içində onun bir homogen üzvünə çevrilən saxta şəxslər də kütlə ilə ahəngdar hissləri bölüşə, oxşar davranışlar sərgiləyə bilərlər, bu da ümumi kütlə psixologiyası ilə bağlı araşdırma nöqteyi-nəzərindən istisna edilməyən ehtimallardandır. Demokratiya ixracatçısı olan Qərb ölkələri, təşkilatları və həmin ölkələrinin də əsas güc, nüfuz sahibi olduğu beynəlxalq təşkilatlarla sıx əlaqədə, geopolitik zərurətlərdən inteqrasiyada olan Azərbaycan kimi ölkələr üçün hər müdaxilə əlavə beynəlxalq ictimai problem, başağrısı, demokratiya və hüquqi azadlıqlar baxımından daha çox xarici təzyiqlərə, sanksiyalara açıqlıq yaradır. İkinci yol müdaxilə etməməkdir. Bu isə ya hadisələrin daha da böyüməsinə və artıq idarəolunmaz hala gəlməsinə, hətta sonrakı zorakı müdaxilələrin də iqtidarın özünü əleyhinə işləməsinə gətirib çıxara bilər. Ya da hadisələr indi bitmiş kimi görünsə də özünə güvənən, uğur əldə edən toplumun daha böyük kütlələrlə növbəti etirazları başlatmasına, etirazlara qatılmasına səbəb olar ki, bu da həmin despotik sistemin birinci mərhələdə ya ciddi islahatlara getməsinə, ya sonradan koalisiya qurmasına, ya seçki keçirməsinə, ya da birbaşa istefaya getməsinə səbəb ola bilər. Ona görə də küçə etirazları dilemmatik prosesdir.

İndi isə gələk seçki məsələsinə.

Seçki bundan fərqlidir. İlk fərqlilik seçkinin hesablana bilən və imitasiya edilə bilən xarakterə malik olmasıdır. Çünki seçki bəlli bir təqvimə, bəlli bir seçici sayına, struktura, imitasiya xarakteri olsa da bəlli hüquqi əsasa, qurumlara, təşkilatlara indekslidir.

Seçki sizə bəlli bir yol cızır, siz də həmin yoldan getməlisiniz. Çünki başqa cür heç bir hadisə nə seçki davranışı sayılır, nə hüquqi çərçivəyə uyğun olur. Həmin sistemlər isə öncədən lazımi formada seçki üçün edə biləcəkləri, yönləndirəcəkləri üsulları müəyyən edib planlayırlar və fors-major hallar üçün də müxtəlif alternativ planlar tərtib edirlər. Digər yandan, seçkinin imitasiyası və uzun müddət seçkili institutların gözdən salınaraq etimadsızlaşdırılması, narazılığı olsa da belə, passiv xarakterli böyük, apolitik, ümidsiz insanlar kütləsinin yaranmasına səbəb olur. Hətta seçki kampaniyaları zamanı yalnız həmin hökumətlər deyil, məhz həmin apolitik kütlələr də seçkini gözdən salacaq, qeyri-şüuri, spontan və individual təbliğatlar edirlər, hətta əslində faktiki sistemdən zərərçəkmiş olsalar belə. Nəticədə aparılan seçki kampaniyasının önündə iki əngəl dayanır: despotik hökumətin inzibati-sistematik əngəlləri, xalqın özünün bivecliyi və anlaqsızlığından yaranan adekvat düşünə bilməməyi nəticəsində zərərverici əks təbliğatı.

Daha böyük bir əngəl də elektoratın - seçicilərin keyfiyyətsiz olmasındadır. Əlbəttə, bu, belə də olmalı idi. Uzun zaman ərzində manqurtlaşdırılmağa, rahat idarəedilməyə hesablanmış təhsilin, təbliğin, idarəetmənin tətbiqi nəticəsində və yuxarıda qeyd etdiyimiz seçki təzyiqləri və imitasiya ilə etimadsızlaşdırmaya görə seçici keyfiyyətsiz olmalı idi. Seçici siyasi şüur baxımından yetkin deyil, təfəkkürü çox məhduddur, tez manipulyasiya edilə biləndir, demokratiya və insan haqları dəyərini anlamır, korrupsiya başda olmaqla hökumətin cinayətkar davranışları ilə faktiki siyasi-sosial durumunu tam əlaqələndirə bilmir və s. Qısaca, demokratik oyunçular üçün gərəkli olan siyasi yetkin və maariflənmiş elektoratın olmaması, əldə olan elektoratın da onların təbliğatını anlamaması nəticəsində seçki tam effektsizliklə nəticələnir, bu özü də özlüyündə növbəti seçkiyə qədər olan dövrdə apolitikliyi, kütləvi siyasi travmanı, anlaqsızlığı daha da dərinləşdirir. Həmçinin seçki komissiyalarının hüquqi don geyindirilmiş planlı saxtakarlıqlarının önünü almaq üçün plüralistik şəkildə təşkil olunan komissiya üzvlərinin olmaması da buna yol açır və həmin hökumətlər də heç zaman xoşluqla komissiya üzvlərinin müstəqilləşməsi daxil seçki islahatlarına getməzlər.

Nəticə: Despotik avtoritar-totalitar sistemləri istər islahata, istər istefaya məcbur edəcək tək şey həqiqi təzyiqlərin təşkilidir. Bu zəruri təzyiqlərin ən önəmli ünsürü hesablana bilməyən küçə etirazlarıdır, sərbəst toplaşmalardır. Hətta seçki nəticələrinin saxtalaşdırılmasının önünü almaq da seçki sonrası küçə etirazları ilə mümkündür. Küçə etirazlarının, mitinqlərin daha effektiv alınması prosesə partiya və təşkilatların sosial sifarişli mövzular əsasında, düzgün zaman və məkanda, yeni qüvvə və simalar tərəfindən yön verilməsinə də bağlıdır. Yaxud xalqın özünün spontan başlatdığı etirazlardırsa, etirazın ardıcıllığı olmalı və bu müddətdə siyasi partiyaların da, toplumun ziyalı, nüfuzlu, tanınmış kəsiminin də dəstəyi zəruridir. Şablon şüarlarla bəzədilmiş, birbaşa isti hadisələrə söykənməyən, sosial sifariş şərtlərinə tam uyğun olmadan, əlaqəsiz təqvim günlərinə elan edilən, sosial mühəndisliyi qurulmayan və s. fundamental effektiv, dayanıqlı konstruksiya şərtləri nəzərə alınmadan baş verən aksiyalar impotentdir.