Logo
news content
User
Kateqoriyalar

Analitika

Krım Platformasına qoşulmamaq bizə nə verəcək? 

Avqustun 23-də Ukraynanın paytaxtı Kiyevdə 46 dövlətin və beynəlxalq təşkilatın iştirakı ilə Krım Platforması təsis olunub. Zirvə toplantısının yekun bəyanatında Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə dəstək ifadə olunub, Rusiyaya Krımın ilhaqından vaz keçmək və ölkənin şərqindəki separatizmi dayandırmaq barədə çağırış edilib. Bəyanatda qeyd olunur ki, tələblər yerinə yetirilməsə, forum iştirakçıları Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi imkanlarını nəzərdən keçirəcəklər. 

Bundan sonra Krım Platforması bölgənin müvəqqəti işğalının sülh yolu ilə sona çatması üçün məşvərətçi və əlaqələndirici format kimi fəaliyyət göstərəcək. Hər ölkədən və təşkilatdan bir nəfər nümayəndə platformada təmsil olunacaq. Bəyannaməni imzalayan ölkələr Moskvanı da forumun işinə qoşulmağa çağırıblar. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Krım Platformasının bəyannaməsi digər dövlətlərin və beynəlxalq təşkilatların qoşulması üçün açıqdır.

Kiyevdə keçirilən beynəlxalq sammitə Moskvanın reaksiyası gecikməyib. Prezident Putinin mətbuat katibi Dmitri Peskov yerli mediaya açıqlamasında bildirib ki, Kreml Krım Platformasını Rusiya əleyhinə bir təşəbbüs hesab edir. O vurğulayıb ki, Moskva forum iştirakçılarının Rusiyanın bölgələri ilə bağlı irəli sürdüyü xətti qəbul etmir.

Siyasi təhlilçi Rauf Mirqədirov "Press Klub"a şərhində bildirdi ki, Krım Platformasının təşkil olunması Ukrayna üçün olduqca zəruri idi: 

"Əgər söhbət ərazi mübahisələrindən, dövlətlərarası, etnik münaqişələrdən gedirsə, özünü əzilmiş, məğlub sayan tərəf bu məsələni gündəmdə saxlamalıdır, hamının yadına salmalıdır. Çalışmalıdır ki, beynəlxalq ictimaiyyət bu məsələni unutmasın. Çünki problem uzandıqca beynəlxalq birlik real vəziyyətlə razılaşmış olur, ona öyrəşir, uzun müddət keçdikdən sonra isə bu faktı real gerçəklik kimi qəbul etməyə başlayır. Ona görə də məsələnin gündəmdə saxlanması real gerçəkliyin mütləq gerçəkliyə çevrilməsinin qarşısını alır. Bu baxımdan, Ukraynanın addımlarını kifayət qədər pozitiv dəyərləndirirəm".

R. Mirqədirov xatırlatdı ki, platformaya dünyanın 50-yə qədər aparıcı ölkəsi və beynəlxalq təşkilatı yüksək səviyyədə qatılıb:

"Prezidentlər, baş nazirlər, parlament sədrləri Kiyevə gəldi. Ən aşağı təmsilçilik nazir səviyyəsi olub. Tədbirdə Rusiya qarşısında ciddi tələblər qoyulub, bu sıraya Ukraynanın şərqindən qoşunların çıxarılması, separatçılara dəstəyin dayandırılması, Krımın anneksiyasından imtina edilməsi və s. daxildir. Bundan başqa, nəzərə almaq lazımdır ki, bu, ictimai forum deyildi, dövlətlərin sammiti idi. Tələblər yerinə yetirilməsə, onlar Rusiyaya qarşı yeni sanksiyaları istisna etmirlər. Yəni bu, təkcə problemi gündəmdə saxlamaq üçün yox, praktiki nəticələrə hesablanmış sammit idi". 

Təhlilçi yaxın gələcəkdə Rusiyanın Ukraynanın şərqindəki işğalı dayandıracağı və Krımdan imtinasının mümkün olub-olmayacağı haqda proqnozlar vermək istəmədi: 

"Bu barədə suala Ukranyanın xarici işlər nazir Kuleba "Allah bilir" cavabını vermişdi. Əsas məsələ ondan ibarətdir ki, bu gün Ukrayna Krımın anneksiyasına son qoyulması, şərqdəki ərazilərin işğaldan azad olunması üçün hər şeyi edir. Bunlar Kiyev tərəfindən həyata keçirilən çox vacib siyasətdir". 

Rauf Mirqədirov Azərbaycanın Krım sammitində iştirak etməməsindən təəssüfləndiyini söylədi:

“Bu, yeganə hal deyil. Xatırlayırsınızsa, AŞPA-da Rusiya nümayəndə heyətinin mandatı məsələsi müzakirə olunanda Azərbaycan həmin mandatın bərpasına səs vermişdi. Bu, çox təəssüfləndirici haldır. Çünki ərazimizdə hazırda ikiqat işğal var - həm erməni separatçılarının, həm də Rusiyanın işğalı davam edir. Belə bir şəraitdə bizə müttəfiq olan ölkənin ərazi bütövlüyünün təsbiti və bərpası ilə bağlı hər hansı tədbirdə iştirak etməmək, bu məsələdə bitərəf qalmaq yanlışdır". 

Ekspert onu da əlavə etdi ki, Azərbaycanın bu cür davranışı Rusiyanı şirnikləndirə bilər. Onun sözlərinə görə, Kremlin Qarabağdakı hərbi imkanlarından istifadə edib, bizdən daha çox şey tələb etməsi mümkündür. 

Turqut