Logo
news content
User
Kateqoriyalar

Analitika

Krım anti-Rusiya platforması 

Müəllif: Seymur Həzi

Azərbaycan Krım Platformasında iştirak etmədi. Bu addımın ciddi siyasi mənası barədə söhbət açacağıq. İlk növbədə məsələnin mənəvi tərəflərinə baxaq: 

  • Ukrayna 44 günlük müharibədə Azərbaycana qeyd-şərtsiz dəstək verən ölkələrdəndir. Rusiyanın rəsmi, qeyri-rəsmi, qanuni, qeyri-qanuni silahlandırdığı Ermənistana, həm də elə Rusiyanın özünə qarşı Ukrayna Azərbaycana arxa oldu. Bunun müqabilində biz eyni cəsarəti göstərə bilmədik. Bu, Ukrayna xalqı qarşısında mənəvi yenilgimiz oldu; 
  • Azərbaycan xalqı böyük əksəriyyətlə Ukraynanın dəstəklənməsini  istəyir. Siyasətçilərin, politoloqların öz arqumentasiyası var, amma xalq bunu bir vəfa və etibar borcu hesab edir. Hətta ən praqmatik yanaşma ilə desək ki, əjdahanın bizi yeyən başını kəsmişik, təəssüf ki, belə də deyil; 
  • Nəhayət, burada həqiqətə münasibət məsələsi rol oynayır. Azərbaycan hökuməti hətta özünə münasibətdə də bu həqiqəti birbaşa ifadə etməyə çətinlik çəkir, obrazlı ifadə formalarına  müraciət edir. Bu isə Azərbaycanı dünyada etibarsız tərəfdaş kimi tanıdır, onun haqqında təxminən belə fikir yaradır: siz Azərbaycana nə qədər dəstək verirsiniz-verin, amma ondan heç nə gözləməyin. 
Nədir Krım Platforması? 
  • Krım Platforması Ukraynanın ərazi bütövlüyü uğrunda beynəlxalq koalisiyadır. Onunla Ukrayna özünün “müttəfiqlər ordusu”nu bir yerə yığdı, ya da belə bir “ordu” ilə mükafatlandırıldı; 
  • Krım Platforması Qərbin son illərdə ərsəyə gətirdiyi praktik, canlı və məqsədli birliklərdən, mən deyərdim ki, ən öndə duranıdır. Bununla da Qərb cəbhəsində növbəti toparlanma baş verdi; 
  • Nəhayət, bu sammit açıq-aşkar anti-Rusiya koalisiyasıdır. Bu koalisiya təkcə Rusiya ilə deyil, həm də onun ətrafında dövrə vuran peyklərlə də qarşı-qarşıya olacaq. Əgər Azərbaycan bu gün Krım Platformasında ola bilmirsə, sabah Avropa Birliyi ilə Strateji Tərəfdaşlıq Müqaviləsini də imzalaya bilməyəcək. Dünyanın 40-a yaxın ölkəsi bu koalisiyada yer alıb. Və bunlar Qoşulmayanlar Hərəkatının 3-cü dünya ölkələri deyil, Qərbi və  Şərqi Avropanın ən mühüm ölkələri, eyni zamanda ABŞ və NATO nəhəngi Türkiyədir. 
Rusiyanı “balanslaşdırmaq” cəhdi Azərbaycanda ekspert kimi təqdim olunan bir neçə şəxs peyda olub ki, uzun illərdir hakimiyyətin Kremlə yaxınlığını və yaxud Kremldən lazım olduğundan artıq ehtiyat etdiyini Rusiyanı balanslaşdırmaq siyasəti kimi təqdim edir. Onların gəldikləri nəticə hansısa təhlilə əsaslanmır. Bu şəxslər xalqa təlqin etməyə çalışdıqları fikri “təhlilin nəticəsi” adı ilə ortaya qoyurlar. Ona görə ki, biz hələ Rusiyanı balanslaşdırıb, heç nə əldə etməmişik. Əksinə, itirmişik. Müharibə dövründə Ermənistanı  silahlandıran Rusiya bu məğlubiyyətdən sonra Xankəndinin azad olunmasının qarşısını almaq üçün faktiki olaraq Azərbaycana qoşun yeritdi. Azərbaycan hakimiyyəti isə bu addıma, demək olar, razılıq verdi, səssiz qaldı. Uzun müddət dövlət rəsmiləri Rusiyaya müharibədə bizə verdiyi dəstəyə görə təşəkkür etdilər. Bu günlərdə isə Xocalı aeroportunda Rusiya dövlət himninin sədaları altında rus bayrağı qaldırıldı. Necə düşünürsüz, bu da bir balansın nəticəsidir? Axı, sülhməramlıların belə addımı nə BMT-nin müvafiq mandatına, nə də ATƏT-in təməl prinsiplərinə uyğun sayıla bilər. Bu necə balansdır bəs? Bəlkə biz, nəhayət, hər şeyi öz adı ilə deməyə özümüzdə güc tapaq və anti-Rusiya koalisiyasına qoşulaq?