Logo
news content
User
Kateqoriyalar

Analitika

Kremlin Bakıya “helikopter hücumu”

Müəllif: Seymur Həzi

Noyabrın 9-da Naxçıvanda, Ermənistan və Azərbaycanın dövlət sərhədində Rusiya hərbi helikopterinin vurulması ilə əlaqədar aparılan istintaq işinin yönü bir neçə dəfə dəyişdirilib. İlk günlərdə Kreml yüksək səviyyədə bildirmişdi ki, Azərbaycan rəsmən üzrxahlıq edib və bu çevik reaksiya Moskvada rəğbətlə qarşılanıb. Bunun ardınca Rusiyadan fərqli mövqelər səsləndirilməyə başlandı. Son məlumatda isə bu iş üzrə istintaqın daha ağır maddələrlə (həmin maddələr üzrə ömürlük həbs cəzası da nəzərdə tutulur) dəyşdirildiyi xəbər verilir.

Putin bununla nə demək istəyir? Suala cavab verməzdən öncə 2020-ci ilin “Putinli tablosuna” qısa nəzər salaq.

Hüquqa qarşı “fakt”

Demokratik dünya ilə münasibətlərini kəskin pisləşdirmiş Moskva həm Şanxay Əməkdaşlıq Təşkilatının, həm də Avrasiya İqtisadi İttifaqı, MDB və KTMT-nin daxilində bir sıra ziddiyyətli addımları ilə ötən ilin, demək olar, ən fəal siyasi mərkəzi oldu. Amma bu fəallığı müsbət qiymətləndirmək çətindir. Çünki Rusiya istər Belarusda, istər Qarabağda baş verən hadisələrdə dünyanın legitim saydığı tərəflərin yanında olmadı. Bir çox bəyanatlarda ikibaşlı mövqe nümayiş etdirdi. “Beynəlxalq hüquq Qarabağı Azərbaycanın ərazisi sayır” dedi, amma özü faktiki olaraq bu hüququ gözardı etdi və beləliklə, münaqişədə “vasitəçi” adı altında çıxış edən ayrıca tərəf olduğunu təsdiqlədi. Putin Rusiyanın da üzvü olduğu BMT TŞ-nın bəyan etdiyi hüquqa qarşı özünün yaratdığı faktı ortaya qoydu.

Helikopteri kim və niyə vursun? 

NMR geniş cəbhə xəttimizin elə bir hissəsidir ki, orada atəş açmaq nisbətən dinc dövrdə də, fəal müharibə dövründə də ciddi məsuliyyət tələb edir. Qarabağ münaqişəsinin ötən 30 ili ərzində digər ərazilərdəki hərbi fəallıq heç vaxt Naxçıvan bölgəsində müşahidə edilməyib. Deyə bilərsiniz: ora dövlət sərhədi idi, Qarabağ bölgəsi isə təmas xətti. Lakin bu arqument keçərli deyil. Çünki o zaman biz də bütün Naxçıvan bölgəsini Tovuzun Əlibəyli kəndi ilə müqayisə edə bilərik və məlum olar ki, bu kiçik kənd daha sürəkli hərbi əməliyyatlara meydan olub. Fikrimcə, burada başlıca səbəb Naxçıvan qoşun birləşməsinin məşhur komandanının “atəşkəs”ə  əlahiddə sədaqət göstərməsindədir. (“Atəşkəs” sözünü ona görə dırnaq arasında yazıram ki, onu ermənilər həmişə pozublar.) O zaman sual olunur: bizim sədaqətli generalımız  erməni “Niva”sına “daş atmaq”dan çəkindiyi halda, helikopteri niyə vursun? Üstəlik, Rusiyanın, bizə rəsmən hücum etməmiş üçüncü ölkənin helikopterini?

İnsidentin bütün sirri, bax, bu “atəş” əmrinin arxasında yatır. Bunu araşdırmaq kifayət edəcək. Hadisələrin gedişindən məlum olur ki, belə əməliyyat hamıdan çox Rusiyaya lazım imiş.  Olayın üstündən gün keçməmiş Azərbaycanın Qarabağ bölgəsinə rus qoşunları yeridi. İndi isə daha ciddi təzyiqlər etmək üçün istintaqın rəngi “tündləşdirilir”. Deməli, Rusiya içimizdəki “minalar”ının təyinatını əvvəlcədən düşünüb.

Rəsmi Bakının reaksiyası necə olmalıdır?

Rəsmi Bakı baş verənləri dəqiq araşdırmaqdan çəkinməməldir. Bununla o, vəziyyətin Rusiyanın diktəsi altında dəyişməsi təhdidindən xilas ola bilər. Əgər həqiqətən cəzalandırılmalı kimsələr varsa, bundan da çəkinmək lazım deyil. Bu, dövlətin gələcəyi və Rusiyaya olan təhlükəli “bağı” kəsmək üçün vacibdir.