Logo
news content
User
Kateqoriyalar

Analitika

KİVDF üçün Əli Həsənovun binasından baha qiymətə ofis götürülüb

Sentyabrın 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olmuş Vüqar Səfərli və onunla birlikdə mühakimə edilən daha 10 nəfərin işi üzrə məhkəmədə dindirmələr başlayacaq. Məhkəmə araşdırmaları zamanı hazırda yüksək vəzifədə təmsil olunan və yaxud vaxtilə mühüm postlar tutmuş şəxslərin adlarının hallanacağı istisna olunmur. İstintaq zamanı verilən ifadələr bunu deməyə əsas verir. Üstəlik, məhkəmə prosesi başlayan kimi, prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyevanın məhkəməyə çağırılması barədə vəsatətlərin qaldırılması da bu fikri möhkəmləndirir.

Vüqar Səfərliyə qarşı irəli sürülmüş ittihamlardan biri də rəhbərlik etdiyi Fond üçün əlverişsiz şərtlərlə icarə müqaviləsi bağlaması və nəticədə xeyli büdcə vəsaitinin israf olunmasıdır. İttihama əsasən Əli Həsənovun oğluna əlavə gəlir qazandırmaq məqsədilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu Mətbuat prospekti-23L ünvanında yerləşən 6 mərtəbəli binada ofis götürüb. Çünki həmin binanın sahibi məhz Həsənovlar ailəsidir. Əvvəl bina “Azərmətbuatyayım” ASC-nin balansında olub. “Azərmətbuatyayım” ASC-nin təsisçisi isə “Kaspi Az” MMC-dir. Bu şirkət də Həsənovlar ailəsinə məxsusdur. Bu ilin əvvəlində ailəyə məxsus bir neçə şirkət, o cümlədən “Kaspi Az” ləğv olunduğunu elan edib.

Sonradan binanın mülkiyyətçisi rəsmi qaydada Şamxal Həsənov olub. İcarə müqaviləsi də əvvəl “Azərmətbuatyayım”la, sonralar isə Şamxal Həsənovla bağlanıb.

İttiham aktında yazılıb ki, həmin ərazidə ofis kirayələmək üçün 1 kvadratmetrə görə 12 manat nəzərdə tutulsa da, Vüqar Səfərli icarə müqaviləsini hər kvadratmetrə görə 18 manatdan bağlayıb. Üstəlik, “Azərmətbuatyayım” və “Kaspi Az”a görə bağlanan icarə müqaviləsinin pulu da Fondun hesabına ödənilib. Bundan başqa, prezident yanında Bilik Fondu 2019-cu ildə ləğv edilsə də, bu qurum üçün həmin binadan götürülmüş 419 kvadratmetrlik ofisə görə bundan sonra da 8 ay KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun hesabına icarə haqqı ödənilib.

Vüqar Səfərli bu ittihamla əlaqədar istintaqa ifadəsində bildirib ki, Şamxal Həsənovun mülkiyyəti olan binada ofisi Əli Həsənovun oğluna məxsus olduğuna görə yox, şəraiti və yerinin əlverişli olmasına görə götürmüşdülər. Onun sözlərinə görə, hər il rəhbərlik etdiyi Fondun büdcəsi formalaşdırılanda icarə üçün nəzərdə tutulan məbləğ də orada əksini tapırdı. Maliyyə Nazirliyi də buna diqqət yetirirdi. Keçmiş icraçı direktor qeyd edib ki, Maliyyə Nazirliyi heç vaxt icarə haqqı məsələsinə görə onlara irad tutmayıb.

Vüqar Səfərli bildirib ki, 2011-ci ildən o binada ofis icarəyə götürüblər. Fond yaranandan sonra 2 il əlverişsiz şəraitdə fəaliyyət göstəriblər. Çünki 2009-cu ildə bu qurum yarananda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi onlara “8-ci kilometr”də bir zirzəmini təklif edib, lakin razılaşmayıblar. Müvəqqəti olaraq bir müddət metronun “İçərişəhər” stansiyasının yaxınlığında, Lermontov küçəsində yerləşən mənzildə fəaliyyət göstəriblər. Oranın ərazisi isə kiçik olub. Ona görə də 2011-ci ildə bir daha Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət ediblər. Eyni zamanda, Fonda kuratorluq edən Əli Həsənovun kabinetində bu məsələni onunla müzakirə ediblər. Əli Həsənov Mətbuat prospektindəki binanı təklif edib.

Vüqar Səfərlinin dediyinə görə, o, təklif olunan binaya baxdıqdan sonra oranı Fondun fəaliyyəti üçün münasib görüb. Ona görə də 3-cü mərtəbədə 371 kvadrat metrlik ofis icarəyə götürülüb.

2019-cu ildə icarə müqaviləsinə dəyişiklik edilib. Vüqar Səfərli ifadəsində təsdiqləyib ki, əvvəllər Bilik Fondunun yerləşdiyi 421 kvadrat metrlik ofis üçün 2019-cu ildə icarə müqaviləsi bağlayıb. Onun sözlərinə görə, bu addımı özbaşına atmayıb. Məsələdən Əli Həsənovun, hətta Prezident Administrasiyasının o vaxtkı rəhbəri, hazırda isə Milli Elmlər Akademiyasının prezidenti olan Ramiz Mehdiyev də xəbərdar olub: 

“Oranı icarəyə götürməyi mənə Əli Həsənov tapşırdı. Bildirdi ki, məsələdən Ramiz Mehdiyev də məlumatlıdır. Mənə tapşırmışdı ki, Ramiz Mehdiyevin adına bu barədə məktub yazım. Əli Həsənov demişdi ki, yeni icarəyə götürülən yerdə internet blogerləri oturub, fəaliyyət göstərəcək. Həqiqətən də bir neçə bloger oradakı otaqlarda oturub, qeyri-rəsmi formada fəaliyyət göstərirdi”.

Xatırladaq ki, Vüqar Səfərliyə qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1 (cinayət yolu ilə əldə olunmuş vəsait və ya əmlakı leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittiham irəli sürülüb. V.Səfərli və digərləri məhkəmədə ittiham aktı elan olunanda özlərini təqsirli bilmədiklərini deyiblər.

2020-ci ilin aprelində Vüqar Səfərli vəzifəsindən azad edilib, iki ay sonra isə həbs olunub. 2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb.

Gülər