Logo
news content
User
Kateqoriyalar

Analitika

“KİVDF işi” üzrə komendant da məsuliyyətə cəlb edildi  

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) fəaliyyətindəki əyintilərlə bağlı cinayət işi üzrə təqib olunanların sayı artır. Jurnalistlərin binasının komendantı Binyamin İsmayılov da bu cinayət işi üzrə məsuliyyətə cəlb olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən “Press Klub”un sorğusuna cavab olaraq, B. İsmayılovun təqsirləndirilən şəxs qismində tanındığı təsdiqlənib. İstintaq dövrü üçün onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılır. Fondun keçmiş rəhbəri Vüqar Səfərli də bu iş üzrə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) maddələri ilə ittihamlar irəli sürülüb. Cinayət işində başqa pozuntu hallarıyla yanaşı, həm də jurnalistlər üçün binaların tikintisində yeyintilərdən bəhs olunur. Ona görə, Vüqar Səfərli ilə yanaşı, binanı inşa etmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov da həbs edilib. 

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müraciəti əsasında, Binəqədi rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin, xüsusən Vüqar Səfərlinin xeyli əmlakına həbs qoyulub. V. Səfərlinin bank hesabının, özünə və yaxınlarına məxsus evlərin, qeyri-yaşayış sahələrinin və avtomobillərin üzərində həbs var.

“Press Klub”un əldə etdiyi məlumata görə, istintaq araşdırmaları başa çatmaq üzrədir. Yaxın vaxtlarda istintaq yekunlaşacaq və daha sonra iş materialları araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Cinayət işinin materiallarında göstərilib ki, V.Səfərli 2013-2019-cu illər ərzində mətbuat işçiləri üçün yaşayış binalarının tikintisi məqsədilə KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində şişirdib, işlərin və materialların dəyərini artıq göstərib. Bundan başqa o, Fond üçün daha ağır şərtlərlə icarə müqaviləsi bağlamaqda, öz ailə üzvünün adına təsis olunmuş “Futbol+qol” qəzetinə 2015-2019-cu illər ərzində 300 min manat vəsait ayırmaqda və başqa əməllərdə ittiham olunur.

V.Səfərlinin ittiham olunduğu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

62 yaşlı V.Səfərli 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə bu vəzifədən azad edilib. O, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini olub. Həbsindən sonra bu vəzifədən də çıxarılıb.

Gülər