Logo
news content
User
Kateqoriyalar

Analitika

Keyfiyyətli distant təhsil necə təşkil olunmalıdır?

Ekspert: “Dünya ölkələrinin böyük əksəriyyətində onlayn, distant formada təhsilə üstünlük verilir. Biz bunun artan tempdə inkişafını görürük. Ölkəmizdə həmin prosesin özünü təsdiq etməsi ilk növbədə millət olaraq şüurumuzdan asılıdır. Biz bunu qəbul edəcəyikmi? Demək olar ki, artıq qəbuluna doğru gedirik.

Pandemiya dövründə onlayn tədris prosesi günümüzün aktual mövzusu olaraq qalmaqdadır. 2009-cu ildə “Təhsil haqqında” qanunda distant təhsilə yer veriləndə heç ağlımıza da gəlməzdi ki, 11 il keçəcək və bu üsul həyatımızın ayrılmaz hissəsinə çevriləcək. Kimlərsə distant təhsilin daha məqsədəuyğun olduğunu düşünür, bəziləri isə hesab edir ki, bu tədris üsulu heç cür canlı tədrisin yerini vermir. Bütün bunları təhsil ekperti Elçin Əfəndi ilə müzakirə etdik.

Ekspert xatırlatdı ki, ənənəvi təhsilə hər zaman üstünlük verdiyimiz üçün distant təhsilə ölkəmizdə maraq olmayıb:

“Amma təəssüf ki, hazırkı durumda, pandemiya vəziyyəti ilə əlaqədar əlacsızlıqdan biz distant təhsil formasına keçid etdik. Distant təhsilin sırf sağlamlıq – COVİD-ə yoluxmamaq baxımından üstünlükləri olsa da, mənfi tərəfləri də var. Çünki daimi olaraq kompüter qarşısında oturmaq, informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək insan sağlamlığı üçün müəyyən zərər törədir. Gözlər yorulur, şüalanma olur, elektron cihazlardan asılılıq yaranır. Yəni biz bir tərəfdən özümüzü koronavirusdan qorusaq da, digər tərəfdən başqa xəstəliklərə yol açmış oluruq. Amma bununla yanaşı, ən azından müəyyən mövzuların tədrisi həyata keçirilir, şagirdlər nəyisə öyrənə bilirlər. Belə bir tədbir görülməli idi”.

Ekspertin sözlərinə görə, ölkəmiz onlayn dərs metoduna yeni başladığı üçün müəyyən çətinliklər baş verdi, həm şagirdlər, həm də müəllimlər bu prosesi qavramaqda bir sıra çətinliklərlə üzləşdilər:

“Başlanğıcda tele-dərslər bu prosesə kömək oldu. “Microsoft Teams” proqramına, Virtual Məktəb Layihəsinə keçid etdikdən sonra informasiya texnologiyalarından bir qədər uzaq qalmış müəllimlər çətinlik çəkdilər. Hazırkı tədris ilindən öncə Təhsil Nazirliyi tərəfindən onlarla bir az işlənildi, təlimatlar verildi. Bununla çətinliklərin qarşısı müəyyən qədər alındı”.

Şagirdlərin qarşılaşdıqları çətinliklərə toxunan E. Əfəndi əlavə etdi ki, onlarda internetə qoşulmaq, eyni zamanda müvafiq avadanlıqlardan istifadə etməkdə çətinliklər özünü göstərdi. Təhsilin keyfiyyətinə gəldikdə isə o qeyd etdi ki, müəllimlər ənənəvi qaydada dərsləri keçir və qiymətləndirmə aparırdılar. İndi isə problem ondadır ki, əvvəl sinifdə 20-30 şagird, auditoriyada 15-20 tələbə var idisə, onlayn dərslərə qoşulanların sayı daha azdır. Həmin saatda ailədə başqalarının da internetə qoşulması, internetin sürəti və s. məsələlər çətinlik törədir.

Ekspertlərin proqnozlarına əsasən 2025-ci ildə ümumilikdə qlobal onlayn təhsil bazarının həcmi 320 milyard dollar olacaq. Hətta “Microsoft” şirkətinin rəhbəri Bill Geyts vaxtilə deyirdi ki, vaxt gələcək, universitetlər internetlə rəqabət apara bilməyəcəklər. Bu gün dünyada bir çox tanınmış univeristetlər onlayn təhsillə işləyirlər. Yaxın gələcəkdə bu üsul daha geniş yayılacaq. Beynəlxalq təcrübənin Azərbaycanda nə dərəcədə tətbiq olunacağı barədə fikirlərini açıqlayan təhsil eksperti bildirdi ki, distant təhsil formasından yararlanan dünya ölkələrininin təcrübəsi araşdırılır:

“Onların təcrübələri öyrənilir. Demək olar ki, dünya ölkələrinin böyük əksəriyyətində onlayn, distant formada təhsilə üstünlük verilir. Biz bunun artan tempdə inkişafını görürük. Ölkəmizdə həmin prosesin özünü təsdiq etməsi ilk növbədə millət olaraq şüurumuzdan asılıdır. Biz bunu qəbul edəcəyikmi? Demək olar ki, artıq qəbuluna doğru gedirik. Bunun üstün cəhətlərindən biri də ondan ibarətdir ki, məsələn, Azərbaycan Respublikasının ucqar rayonlarından birinin sakini Bakı Dövlət Universitetində təhsil alır. Yol xərclərini, yataqxanada qalmaq və s. məsələləri tələbə ölçüb-biçdiyi zaman artıq düşünür ki, onlayn təhsil daha əlverişlidir. Çünki o, öz evindən rahat, təhlükəsiz şəkildə dərslərə qoşula bilir və biliklər əldə edir. Bütün kontingent onayn təhsildən yararlana bilərsə, əlbəttə ki, bir müddət sonra artıq distant təhsilin üstünlüyünü biz ölkə və xalq olaraq qəbul edəcəyik”.

Distant təhsil formasının təhsildən kənar təsirləri də var. Məsələn, şəhərdə tıxacların qarışısını almağa kömək edir, əhalinin sıxlığını azaldır. Amma bəzi sahələrdə distant təshil ənənəvi təhsilin yerini vermir. Məsələn, rəqs, musiqi dərslərini, tibbə aid olan bəzi ixtisasları (müalicə, stomatologiya), hərbi məktəblərin bəzi təlim-tədris proqramlarını onlayn şəkildə tədris etmək mümkün deyil. Ona görə də bəzi məqamlarda ənənəvi təhsil hələ alternativsizdir.

Ülviyyə Şahin