Logo
news content
User
Kateqoriyalar

Analitika

Karantin həbsləri 

Karantin rejimi tətbiq edildikdən bəri 10 nəfərə yaxın müxalifətçi aktivist saxlanılaraq inzibati həbs cəzalarına məhkum edilib. Onların arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP), Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) üzvləri, gənc fəallar var. Həbs olunanların bir qismi İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə - karantin rejimini pozmaqda günahlandırılır. Digərləri isə polisə müqavimət ittihamıyla (İXM-nin 535.1 maddəsi) cəzalandırılıb.

AXCP sədrinin köməkçisi Faiq Əmirli haqqında 1 aylıq həbs qərarında yazılıb ki, o, “20-ci sahə” adlanan ərazidə - Ş.Allahverdiyev küçəsində gəzəndə saxlanıb. Araşdırma zamanı məlum olub ki, onun gəzmək üçün icazəsi yoxdur. Amma həyat yoldaşı Lalə Əmirli “Press Klub”a bildirdi ki, F.Əmirlini aprelin 8-də axşam saat 20.00 radələrində yaşadıqları evin qarşısından üç maşınla gəlmiş mülki geyimlilər tutub aparıb. Dəfələrlə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etsələr də, aprelin 9-u günorta saatlarında məhkəməyə aparılana qədər onun yeri haqda heç bir məlumat ala bilməyiblər. F.Əmirli özü də məhkəmədə deyib ki, zibili atıb qayıdanda onu evinin qarşısında saxlayıblar. Yaxınlaşanlar öncə adını soruşublar, ev geyimində zorla maşına mindirib, birbaşa polis bölməsinə aparıblar. 

Aprelin 10-da axşam saatlarında Lənkəranda saxlanılan ictimai fəal Nəriman Abdullaya 10 sutka inzibati həbs cəzası verilib. Aprelin 11-də Lənkəran rayon Məhkəməsində onun haqqında qərar çıxarılıb. Gənc fəal İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə günahkar bilinib. Amma o özü aprelin 10-da axşam saatlarında sosial şəbəkələr vasitəsilə xəbər vermişdi ki, polislər onun yaşadığı evə gəlib. Həmin gecəni polis şöbəsində saxlanan N.Abdulla ertəsi gün məhkəmə qarşısına çıxarıldı və barəsində həbs qərarı verildi. Yaxınları onun “Facebook”daki paylaşım və şərhlərinə görə cəzalandırıldığını söyləyirlər. 

Sumqayıtda küçədə söyüş söydüyü, onu intizama dəvət edən polislərin tələbinə tabe olmadığı iddia olunaraq 15 gün inzibati həbsə göndərilən Azərbaycan Demokratiya və Rifah Hərəkatının Ali Məclis üzvü Şakir Məmmədov da “Facebook” paylaşımlarına görə cəzalandırıldığını söyləyir. O, məhkəməsində danışıb ki, SMS-icazə alıb, aptekə getmək üçün binadan çıxanda artıq polislər onu gözləyirdi: “Dedilər ki, rəisin səninlə işi var. Onlarla birlikdə Sumqayıtdakı 1-ci polis bölməsinə getdim. Bir neçə gün əvvəl bir status yazmışdım ki, ağır vəziyyətdə olan əhaliyə kömək eləmək hökumətin borcudur. Rəis o status barədə soruşurdu, silməyimi tələb edirdi...”

Ş.Məmmədovun sözlərinə görə, bölmədə polisə müqavimət haqda protokol tərtib edib, həbs qərarı üçün məhkəməyə göndəriblər. 

ADR Hərəkatının 30 sutkalıq inzibati həbsə göndərilmiş digər üzvü Vəfadar Əliyev də polisə müqavimətdə ittiham olunsa da, məhkəməsində bildirib ki, onu gəlib evindən aparıblar.  

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirov da karantin qaydalarının qaydalarının pozulmasına görə 30 sutka inzibati həbs cəzası alanlardandır. Partiyadan verilən məlumata görə, R.Əmirov saxlanılanda azyaşlı övladıyla birlikdə olub. R.Əmirovun uzun müddətdir sağlamlığında ciddi problemlər olan uşağı xəstəxanaya apararkən tutulduğu bildirilir.

Partiyanın başqa bir üzvü Nicat Abdullazadə haqqında həm karantin qaydalarını pozma, həm də polisə müqavimətə görə protokol tərtib olunub. Hər iki əmələ görə cəzalandırılması üçün polis onu məhkəməyə aparıb. Amma məhkəmə ancaq İXM-in 535.1 maddəsilə - polisin qanuni tələbinə tabe olmamağa görə cəza kəsib. “Kontur almaq üçün evin yanındakı mağazaya çıxmışdı. Ancaq yenə də SMS-siz çıxmamışdı, icazəsi vardı. Bir gün əvvəlki həbslərdən sonra gözləyirdi ki, onu da tutacaqlar. Elə evdən çıxmağıyla xəbər gəlməyi bir oldu. Bildik ki, onu tutub aparıblar”, - deyə N.Abdullazadənin yaxınları “Press Klub”a bildirib.

Bugünlərdə sosial şəbəkələrdə Məşğulluq İdarəsinin qarşısında ağlayan gənc ananın görüntüləri yayılmışdı. Ana karantin rejimindən əvvəl günəmuzd işləyib, uşaqlarını dolandırdığını, kirayə haqqını ödədiyini deyirdi. Onun sözlərinə görə, karantin rejimindən sonra iş yeri bağlanıb, uşaqları aclıq və küçədə qalmaq təhlükəsilə üzləşib. Həmin görüntüləri lentə alıb, sosial şəbəkələrdə yayımlayan “7gün.az” saytının əməkdaşı Natiq İsbatov da polisə müqavimətə görə 30 sutkalıq inzibati həbslə cəzalandırılanlar sırasındadır.

Saxlanılarlən N.İsbatovun yanında olduğunu söyləyən başqa bir jurnalist – azel.tv saytının müxbiri Sevinc Sadıqovanın dediyinə görə, onlar Xırdalanda sosial durumla əlaqədar narazılıqlarını ifadə edən vətəndaşlardan videomüsahibə alarkən polislər müdaxilə edib: “Biz çəkiliş aparanda polislər tutub, Abşeron Rayon Polis Şöbəsinə gətirdilər. Orada jurnalist vəsiqlərimizi təqdim etdik. Mənə şifahi xəbərdarlıq edib, sərbəst buraxdılar. Natiq İsbatovu isə saxladılar”.

Cəlilabadda AXCP üzvü Anar Məlikov da eyni ittihamla 10 gün inzibati həbs cəzası alıb. 

Martın 30-da isə AXCP-nin Xəzər şöbəsinin fəalı Aqil Hümbətov Maştağadakı Respublika Psixiatriya Klinikasına aparılıb. İddia olunurdu ki, A.Hümbətov yaşadığı Zirə qəsəbəsində çılpaq gəzib, ətrafdakılar ondan şikayət edib, bu üzdən xəstəxanaya salınıb. Amma aprelin 1-də xəstəxanadan buraxılandan sonra o, sosial şəbəkədə yazdı ki, nalayiq hərəkətlər etməsi haqda deyilənlər yalandır: “Məni işlədiyim yerdə başqa fəhlələrin gözü qarşısında polislər gəlib aparıblar. Demirlər ki, hökumətdən uşaqpulu tələb etdiyimə görə tutub ora salıblar, deyirlər ki, çılpaq gəzmişəm...”

A.Hümbətov aprelin 1-də Sabunçu rayon Məhkəməsinin qərarıyla xəstəxanadan buraxılıb. Orada yazılıb ki, xəstəxananın baş həkimi Ağahəsən Rəsulov A.Hümbətovun iradəsindən kənar məcburi müalicəyə cəlb olunmasına razılıq üçün məhkəməyə ərizə verib. Amma məhkəmə baş həkimin ərizəsini təmin etməyib, onun qeyri-könüllü müalicəyə cəlb olunması üçün yetərincə əsas olmadığı vurğulanıb. Bu qərardan cəmi bir gün sonra - aprelin 2-də A.Hümbətov yenidən həmin xəstəxanaya salınıb. Bu dəfə məhkəmə onun  məcburi müalicəsi haqda qərar çıxarıb. Həyat yoldaşı Aygün Hümbətova isə deyir ki, aprelin 1-də buraxılandan sonra başına gələnləri ictimailəşdirdiyinə, hökuməti yenə tənqid etdiyinə görə onu cəzalandırıblar.

Müxalif qüvvələr baş verənləri “göz qorxutma” siyasəti hesab edir. Daxili İşlər Nazirliyi isə xüsusi karantin rejimi çərçivəsində müxalifət nümayəndələrinin təqibi olunması haqda fikirlərin əsassız olduğunu bildirib: “Obyektivlikdən sözsüz ki, kənar olan həmin iddiaların heç bir əsası yoxdur. Bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil. Əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq, cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır.”

Nazirlik bəyan edib ki, təkcə martda xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb edilib: “154 nəfər inzibati qaydada həbs olunub. 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülüb”.