Logo
news content
User
Kateqoriyalar

Analitika

Kamal Abdulla: “Müharibəni hər an gözləyirdim”

Müharibə günlərində növbəti həmsöhbətimiz xalq yazıçısı, əməkdar elm xadimi, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulladır.

  • Kamal müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?
  • Qarabağ müharibəsini biz hər an gözləyirdik. Ürəyimiz bunun həsrətini çəkirdi. Və mən bütün Azərbaycan ziyalıları kimi, cənab prezidentin nə zamansa bu əmri verəcəyini gözləyirdim. O da baş verdi.
  • Aparılan əməliyyatlar nəticəsində bir çox yaşayış məntəqələrimiz işğaldan azad olunub. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa Minsk Qrupu çərçivəsində danışıqlar prosesi bərpa olunmalıdır?
  • Qarabağ Cəmiyyətinin üzvü kimi, mən bir dəfə Minsk Qrupunun həmsədrləri ilə görüşdüm. Orda belə bir fikir söylədim ki, əgər sabah Azərbaycanla Ermənistan öz aralarında razılığa gəlsələr və Qarabağın qaytarılmasını öz aralarında həll etmiş olsalar, Minsk Qrupu deyəcək ki, bu olmaz. Bu qrup bütün fəaliyyəti boyu münaqişənin soyumamasına can atırdı ki, ona da 30 il ərzində nail olurdu. Cənab prezidentin əzmi və qətiyyəti nəticəsində buna son qoyuldu.
  • Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
  • Rusiyanın təmkinli davranışını yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, Azərbaycanla Rusiya arasındakı bir-birinə hörmət əsasında yaranmış özəl münasibətlər, ziyalıların bir-birinə olan münasibəti, sadə xalqın bir-birinə münasibəti, liderlərin bir-birinə münasibəti Rusiyanın bu gün belə təmkinli davranışına gətirib çıxarmışdır ki, bunu yüksək qiymətləndirmək lazımdır.
  • Qarabağ müharibəsi mövzusunda əsər yazmaq düşüncəniz varmı?
  • Mən heç zaman heç bir əsərimi plan əsasında yazmamışam. Amma mənim bəzi hekayələrim var ki, orda Qarabağ məsələləri də təsvir olunub. Yəqin ki, nə zamansa, gələcəkdə belə bir fikrim olacaq. Gərək gedib, o yerləri görəsən, o torpağın üstündə addımlayasan, o havanı ciyərlərinə çəkəsən, əlini o şehə vurasan, ağacı tumarlayasan, ondan sonra nələrsə yarana bilər. Uzaqdan durub Qarabağ haqqında yazanları mən o qədər də başa düşə bilmirəm. Biz gərək gedək o yerlərə, o yerlərdən keçək, minalardan təmizlənmiş yerlərdən, sahələrdən, evlərdən keçək, bax, ondan sonra tək məndə yox, bütün yazıçılarda nəsə yarana bilər.
  • Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?
  • Səbr, təmkin və iradə! Qalan hər bir şey, bu gün bizim öz əlimizdədir. Bayrağın, Himnin və prezidentimizin ətrafında sıx birləşməliyik.
Ülviyyə Şahin