Logo
news content
User
Kateqoriyalar

Analitika

İşğaldakı ərazilərin sərvətlərini talamış xaricilər

Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən şirkətlər və onların rəhbərlərinin cəzalandırılması üçün proses başlanıb. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə müvafiq addımlar atır.

Baş Prokurorluq Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərlə bağlı araşdırmalar aparır. Qurumun İstintaq İdarəsində bununla əlaqədar Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə başlanmış cinayət işi üzrə araşdırmalar gedir.

Baş Prokurorluqdan “Press Klub”a bildirilib ki, işğal edilmiş ərazilərimizdə qanunsuz sahibkarlıq fəaliyyəti faktları ilə əlaqədar iki cinayət işi var. Bu istiqamətdə araşdırmalar bir neçə ildir aparılır. Cinayət işlərindən biri Zəngilan rayonunun Vejnəli kəndi (artıq işğaldan azad edilib) ilə bağlı olub. Bu kənddəki əlvan metal yataqlarını İsveçrədə qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyətinin işlədiyi, 2009-2017-ci illərdə 301 milyon 918 min manat gəlir götürdüyü üzə çıxıb. “Vallex Group”un maliyyə investoru Vartan Sirmakes və rəhbəri Valeri Mejlumyan, həmçinin “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan təqsirləndirilən şəxs qismində tanınıb. Onların haqqında məhkəmə qərarıyla həbs qərarı çıxarılıb. Adları çəkilən şəxslər beynəlxalq axtarışa verilib.

Kənd işğaldan azad ediləndən sonra prokurorluq əməkdaşları orada qızıl yataqlarının yerləşdiyi əraziyə baxış keçiriblər. Həmçinin, məsələ ilə əlaqədar İsveçrənin müvafiq dövlət orqanlarına müraciət olunub.

Vəkil Aqil Layıcov bu məsələdə hüquqi yardım üçün dövlətə köməyini təklif edib. Vəkil “Press Klub”a bildirdi ki, Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən şirkət və sahibkarlara qarşı iddia qaldırıb, təzminat tələb edə bilər. Onun sözlərinə görə, beynəlxalq hüquq buna imkan verir: “İnzibati-hüquqi cəhətdən idarəetmənin zəifliyindən, yaxud ümumiyyətlə, mövcud olmamasından sui-istifadə edən şirkətlər buna görə məsuliyyət daşıyır”.

A.Layıc xatırlatdı ki, BMT işğal altındakı əraziləri Azərbaycan ərazisi kimi tanıyıb. Ona görə də həmin ərazilərdə fəaliyyət göstərmək üçün mütləq Azərbaycan hökumətinin razılığı olmalıydı:

“BMT-nin müəyyənləşdirdiyi qaydalar var. Beynəlxalq korporasiyalar nəzarətsiz, konflikt zonalarında fəaliyyətlə məşğul olmamalıdır. Azərbaycanın icazəsi olmadan oradakı qızıl yataqlarının istismar olunması ölkənin resurslarının talanması anlamına gəlir”.

Hüquqşünas Fərhad Mehdiyev də hesab edir ki, Dağlıq Qarabağda Azərbaycanın icazəsi olmadan fəaliyyət göstərmiş şirkətlərlə bağlı onların qeydiyyatda olduğu ölkələrdə iddia qaldırıla bilər:

“Hər bir ölkədə iqtisadi mübahisələrə baxan kommersiya məhkəmələri var. O məhkəmələrdə Azərbaycan iddia qaldırıb, öz ərazisində qanunsuz sahibkarlıq fəaliyyətinə görə böyük məbləğdə təzminat istəyə bilər”.

Gülər