Logo
news content
User
Kateqoriyalar

Analitika

İri dövlət şirkətlərinin özəlləşdirilməsi gündəmə gəldi

Pandemiyanın yaratdığı iqtisadi daralma, üstəlik neftin qiymətinin kəskin ucuzlaşması resurs ölkələrində daha ciddi problemlərin yaranmasına gətirib çıxarıb. Bu sırada olan Azərbaycanda hökumət azalan neft gəlirlərini qismən kompensasiya etmək, valyuta ehtiyatlarının sürətlə əriməsinin qarşısını almaqla bərabər, milli valyutanın devalvasiyasını önləmək, habelə əhalinin sosial-iqtisadi problemlərini yüngülləşdirmək istəyir. Amma bu "qızıl orta"nı tapmaq xeyli problematik görünür. Qısa müddətdə hansı addımlar vəziyyəti qismən yüngülləşdirə bilər?

Prezident İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə keçirdiyi videokonfransda əsas mövzu da bu istiqamətdə təkliflərin müzakirəsi olub. AYİB rəhbəri təklif edir ki, rəhbərlik etdiyi qurum Azərbaycanda dövlət müəssisələrinin kommersiyalaşdırılması və özəlləşdirilməsinə keçidə kömək edə bilər:

"Fikrimcə, biz növbəti həftə və ay ərzində dövlət müəssisələrinin orta perspektivdə kommersiyalaşdırılmasına, özəlləşdirilməsinə keçmək istəyirik. Bu, dövlət investisiya holdinqi vasitəsilə edilə bilər. Biz dövlət-özəl tərəfdaşlığı düsturu üzərində hökumətlə qanunvericilik sahəsində artıq işləyirik. Həmçinin, Azərbaycanın yeni İnkişaf Korporasiyasının yaradılması istiqamətində çalışırıq. Bir sözlə, işləri məcrasına salmaq istəyirik. Əlimizdən gələni edirik ki, Azərbaycanda və digər ölkələrdə böhrandan sonra bərpa baş versin və bu, mümkün qədər tez olsun.”

Prezident İlham Əliyev isə ona cavabında deyib ki, Azərbaycanın iqtisadiyyat naziri bu məsələ üzərində çalışır:

"Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə - biz, ola bilsin, bunu sizinlə müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz əslində buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq".

Xatırladaq ki, hökumətin koronavirusun yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı qəbul etdiyi Tədbirlər Planında Azərbaycan İnkişaf Korporasiyasının yaradılması nəzərdə tutulub. Həmin sənəddə deyilir ki, korporasiya tərəfindən aşağıdakı fəaliyyətin həyata keçirilməsinə dair təkliflər hazırlanmalıdır:

– Strateji layihələr portfelinin uzunmüddətli idarə olunması, yeni layihələrin işlənməsi;

– Bu layihələrin maliyyələşməsinə investorların cəlb edilməsi;

– Dövlət tərəfindən yeni tikinti layihələri üçün yerlərin ayrılması və zəruri infrastrukturun yaradılması;

– Multi-funksional tikintini təmin edən pilot layihənin həyata keçirilməsi.

Korporasiyanın qarşısına qoyulan vəzifələrdən biri yeni layihələrə investorların cəlb olunmasıdır. Şübhəsiz ki, burada daxili bazara xarici investisiyanın daxil olması əsas prioritetlərdən biridir. Bu günə qədər həmin sahələr xarici kapitaldan bəhrələnə bilməyib, bu da itirilmiş imkanlardan biridir. Amma bu proses də xeyli mürəkkəbdir, hələlik nə hüquqi baza, nə də prosesin necə aparılacağı ilə bağlı yol xəritəsi müəyyən olunmayıb. AYİB Azərbaycan hökumətinə bu sahədə tələsməyi məsləhət görməklə yanaşı, öz köməyini də təklif edir.

Azərbaycanda bütün rabitə və kommunal sektor dövlət şirkətləri tərəfindən idarə olunur. Telefon, internet, qaz, su, elektrik təchizatı, yanacaq, metro, istilik təminatı büdcədən maliyyələşən təsərrüfat hesablı dövlət qurumlarının sərəncamındadır. Neft gəlirlərindən böyük pay alan, habelə xarici maliyyə qurumlarından dövlət zəmanətli iri kreditlər almış bu sahələrdə davamlı modernləşdirmə tədbirləri həyata keçirilib. Amma hökumətin gözləntiləri özünü doğrultmayıb. Bu gün "Azərsu", Azərenerji", "Azəriqaz" ASC-lər, AZAL Dövlət Konserni, Bakı Metropoliteni, Dövlət Neft Şirkəti büdcəyə yük olaraq qalır. Onların büdcə qarşısında illik öhdəlikləri ilə büdcədən aldıqları investisiya xərcləri arasında kəskin disbalans var. Yəni, bəzən verdiklərindən daha çox vəsaiti investisiya xərci kimi geri alırlar. Əhalidən yığılan kommunal haqların, investisiya layihələrində, xarici kreditlərin xərclənməsində şəffaflığın aşağı səviyyədə olması başlıca problem olaraq qalır. Bu gün Azərbaycanın 10 milyard dollara çatan xarici borcunun əsas hissəsini də bu qurumların aldıqları dövlət zəmanətli xarici kreditlər təşkil edir.

Bu şirkətlərin özəlləşdirilməsi, kommunal sektorda idarəçiliyin yerli və xarici şirkətlərə verilməsi müstəqil ekspertlər tərəfindən dəfələrlə gündəmə gətirilsə də, hökumət bundan imtina edib. Hətta vaxtilə Bakıda elektrik təsərrüfatının Türkiyənin "Barmek" şirkətinə verilməsi pis nümunə kimi təqdim olunur. Hökumətin əsaslandırması bir neçə səbəblə bağlıdır.

Əvvəla, enerji daşıyıcılarının dövlətin nəzarətində saxlanılması qiymətin əhalinin iqtisadi vəziyyətinə uyğun şəkildə tənzimlənməsi ilə izah edilir. Bu sahənin, məsələn, Gürcüstandakı kimi özəl şirkətlərin rəqabətli bazar münasibətlərinə buraxılmasından ehtiyat edilir. Hətta Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasının əsas səbəbi qiymətlərin nəzarətdən çıxmasına yol verməmək niyyəti ilə əsaslandırılır.

İkinci amil budur ki, dövlət şirkətlərinə əhalinin məşğulluğunu təmin edəcək əsas iş yerləri kimi baxılır. Bu sahələrdə çalışanların sayı on minlərlə ölçülür. Müxtəlif vaxtlarda ixtisarlar gündəmə gəlsə də, dövlət müəyyən alətlərlə həmin şirkətlərə dəstək verib, iş yerlərini qorumağa çalışır.

Amma indi vəziyyət kökündən dəyişib. Büdcə hesabına bu qurumları saxlamaq çətinləşir. Ölkəyə valyuta, xarici investisiya gəlməlidir. Buna mane olan səbəblər aradan qaldırılmalıdır. Hökumət də kommunal sektorun mərhələ-mərhələ kommersiyalaşdırılması və qismən özəlləşdirilməsinə nikbin baxır. Bu istiqamətdə AYİB-lə ilkin müzakirələrin başlaması yaxın perspektivdə bu istiqamətdə müəyyən addımların atılacağını göstərir. Yəqin ki, əvvəlcə hüquqi maneələr aradan qaldırılacaq, qanunvercilik bazası təkmilləşdiriləcək. Bu zaman AYİB-in təklif etdiyi şərtlər nəzərə alınacaq. Daha sonra investorların cəlbi və s. məsələlər həllini tapa bilər.

Nazim Bəydəmirli: “İndiki vaxtda dövlət müəssisələrinin satılmasının tərəfdarı deyiləm”

İqtisadçı-alim Nazim Bəydəmirli old.pressklub.az-a şərhində bildirdi ki, hökumətlər özəlləşdirməyə gedərkən qarşılarına əsasən iki məqsəd qoyurlar - xərcləri azaltmaq; büdcə vəsaitlərinə qənaət edib, idarəetməni təkmilləşdirmək. Eyni zamanda, bu sahələrə özəl investisiya imkanları yaratmaq və iqtisadi fəaliyyətlərindən vergi daxilolmalarını artırmaq da əsas məqsədlər sırasına daxildir.

Ekspert mövzuya keçməzdən əvvəl Azərbaycanda özəlləşdirmənin yaxın tarixinə ekskurs etdi: “90-ci illərdə həyata keçirilən özəlləşdirmə zamanı 32 milyard, indiki rəqəmlərlə təxminən 320 milyard dollarlıq dəyəri olan dövlət əmlakı səmərəsiz özəlləşdirildi. Çox ciddi korrupsiya hüquqpozmalarına yol verildi. Nəticədə bu tədbirin ölkə iqtisadiyyatına töhfəsi demək olar ki, olmadı. Zavodların, fabriklərin əmlakları, torpaqları mənimsənildi. Özəlləşdirilən böyük müəssisələrin 90%-dən çoxu bağlandı, onların fəaliyyətlərindən dövlət büdcəsinə vergi daxilolmaları demək olar ki, sıfıra endi. Nəticə etibarilə qarşıya qoyulan məqsədlərə çatılmadı”.

Gürcüstan təcrübəsinə baxılmasını təklif edən N. Bəydəmirli qonşu ölkədə hətta dəyəri yüz milyonlarla olan dövlət əmlakının simvolik rəqmələrlə özəlləşdirilməsinə diqqət çəkir:

“Orada özəlləşdirilən müəssisələrin qarşısına qoyulan məqsəd ondan ibarət idi ki, dövlət büdcəsinə daha çox vergi cəlb edilsin, fəaliyyətləri daha şəffaf olsun. Azərbaycanda isə özəlləşdirmənin tarixinə baxdıqda görürük ki, həm özəlləşdirmədən birbaşa gəlirlər olmadı, həm də sonradan həmin müəssisələrin mütləq əksəriyyəti öz fəaliyyətini dayandırdı. Çünki onların özəlləşdirilməsi üçün ödənilən qeyri-rəsmi pullardan sonra sahibkarların əllərində müəssisələri dirçəltmək üçün vəsait qalmadı. Beləliklə, müəssisələrin günün tələblərinə, müasir standartlara cavab verməsi üçün heç bir addım ata bilmədilər. Azərbaycanda bank faizləri yüksək olduğu üçün bank kreditləri də cəlb etmək mümkün olmadı. Bu mənada Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinin fiaskoya uğraması hamıya məlumdur”.

Bu təcrübədən sıxış edən ekspert indiki dövrdə, iqtisadi fəaliyyətin məhdud olduğu, investorların çətin tapıldığı vaxtda, dövlət müəssisələrinin satılmasının tərəfdarı olmadığını vurğuladı. O qeyd etdi ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycanda təcrübəsi böyükdür: “AYİB Azərbaycanda vaxtilə müxtəlif bankların səhmlərini alıb. Azərbaycanın xaricdə saxladıqları vəsaitlərin bir hissəsi onların vasitəsilə daha bahalı şəkildə ölkəyə qayıdıb. AYİB bəzi bankların 20, bəzilərinin isə 25-30 faiz səhmlərini alıb. Qərbdə 1-2 faizi keçməyən vəsaitləri Azərbaycana gətirməklə burada çox pullar qazanıblar. Azərbaycanın neftdən əldə etdiyi vəsaitlərin xaricdə çox az gəlirlə saxlanılması həm də AYİB-in vasitəsilə baş tutub. Bu mənada mən onların səmimiyyətinə inanmıram”.

Bəydəmirli ölkənin daxilində bu müəssisələri daha yaxşı idarə etməyin mümkün olduğunu deyir: “Onların menecerləri üzərində müşahidə şuraları yaratmaq olar. Yəni ictimai nəzarəti təmin etməklə şəffaf idarəetməni təmin etmək mümkündür. Bu təklif bütün iri vergi ödəyicilərinə aiddir. Beləliklə, kommunal sektorda olan heç bir şirkətin indiki dövrdə özəlləşdirməyə açılmasının tərəfdarı deyiləm. Amma onların idarəçiliyinə ictimai şuralar təsis etməklə, çox ciddi ictimai nəzarətin təmin olunmasını arzu edərdim. Ona görə ki, bu müəssisələr onlara rəhbərlik edənlərin istədikləri kimi idarə olunmasın, xərcləri süni şəkildə artırılmasın, məhsulların maya dəyəri şişirdilməsin, dövlət investisiya xərcləri ilə bağlı keçirilən tenderlər kağız üzərində olmasın. Bunları həyata keçirmiş olsaydıq, heç bir özəlləşməyə də ehtiyac qalmazdı”.

İqtisadçının fikrincə, hazırki çətin situasiyada ortaya atılan bu təklifdə əsasən iki məqsəd var: əmlakın satışından büdcəyə gələn gəlirləri artırmaq və iqtisadiyyata investisiya cəlb etmək. “İndiki dövrdə bu yöndə investisiyaların cəlbediciliyi görünmür. Satsaq da, çox cüzi vəsait gələcək. Bu da uzun illər ərzində formalaşdırılmış infrastrukturun çox ucuz qiymətə başqa əllərə keçməsinə səbəb olacaq”, - deyə N.Bəydəmirli fikrini tamamladı.

Turqut