Logo
news content
User
Kateqoriyalar

Analitika

İrəvanda Moskva-Brüssel qarşıdurması: təsir uğrunda yeni mərhələ
Avropa İttifaqı “Moldova uğurunu” Ermənistanda təkrar edə biləcəkmi?

Avropa İttifaqının vəzifəli şəxsləri Moldovanın “uğur hekayəsini” Ermənistanda da təkrarlamağa ümid edirlər. Bu barədə onlar Azadlıq Radiosunun erməni xidmətinə müsahibələrində bildiriblər.

Seçkilər yaxınlaşdıqca hibrid reaksiya qrupunun Ermənistana qayıdıb-qayıtmayacağı məlum deyil, lakin qrup yazın əvvəlində Brüsselin İrəvana münasibətdə gələcək addımlarını müəyyən edəcək hesabat təqdim edəcək.

Bu çərçivədə, 2023-cü ildə Azərbaycanın sərhədinə bitişik Ermənistan ərazilərində sabitliyə dəstək məqsədilə yaradılmış hazırkı Aİ missiyasını (EUMA) əvəz edəcək tammiqyaslı mülki Avropa İttifaqı missiyasının Ermənistanda yerləşdirilməsi də nəzərdən keçirilə bilər. Lakin belə bir missiyanın həyata keçirilməsi üçün Aİ-nin bütün 27 üzv dövlətinin yekdil dəstəyi tələb olunur.

Hibrid reaksiya qrupu ilə paralel olaraq, Aİ-nin diplomatik korpusu və Avropa Xarici Fəaliyyət Xidməti də üzv dövlətlər arasında “Ermənistana dair böhran yanaşması üzrə çərçivə sənədi” (PFCA) adlı daha geniş sənəd yayıblar.

Radiostansiyanın tanış olduğu 28 səhifəlik sənəddə “Ümumi təhlükəsizlik və müdafiə siyasəti” çərçivəsində yeni missiyanın yaradılması təklif olunur. Sənəddə qeyd edilir ki, “Ermənistanla ikitərəfli münasibətlərin inkişafı və daxili, həmçinin regional sabitliyin təşviqi, xüsusilə Ermənistanın qütbləşdirici xarici müdaxilədən azad edilməsi yolu ilə, Aİ-nin həyati maraqlarından irəli gəlir”.

Sənəddə dəqiqləşdirilir ki, Brüsselin Ermənistanda əsas rəqibi Moskva hesab olunur. Qeyd edilir ki, “İrəvanın tədricən Aİ-yə doğru yönəlməsi fonunda Rusiya Ermənistanın dərin iqtisadi asılılığından və regional təhlükəsizlik mühitinin kövrəkliyindən istifadə edərək təzyiq siyasətini gücləndirib”.

Sənəddə sadalanan “stabilliyi pozan taktikalar” sırasına Rusiyanın qaz qiymətlərini artırmaq və seçilmiş ticarəti ləngitmək təhdidləri, dezinformasiya kampaniyaları, kiberhücumlar və “seçkilərə və regional sabitliyə inamı sarsıtmaq məqsədilə psixoloji əməliyyatlar (PSYOP)” daxildir.

Qeyd olunur ki, “Ermənistan təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində hələ də Rusiyadan ciddi dərəcədə asılıdır”. Bundan əlavə, nəzərə alınmalı olan geosiyasi amillər də sadalanır.

İqtisadi baxımdan Moskvanın Ermənistandakı təsirinin hələ də əhəmiyyətli olduğunu göstərən açıq əlamətlər mövcuddur. Ermənistan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvüdür ki, bu da Moskvanı ölkənin əsas enerji təchizatçısı və ən böyük ticarət tərəfdaşı edir. Eyni zamanda, Rusiya şirkətləri Ermənistanda qaz, dəmir yolu və telekommunikasiya infrastrukturuna nəzarət edir.

Sənəddə həmçinin Aİ-nin Ermənistanla əlaqələrini gücləndirmədiyi təqdirdə nə itirə biləcəyi barədə olduqca açıq məlumatlar yer alır. Xəbərdarlıq edilir ki, siyasi dəstək bəyanatları konkret addımlarla müşayiət olunmasa, Brüssel “sülh razılaşmalarının icrası, Ermənistanın təhlükəsizlik sektorunda islahatların formalaşdırılması və onun daha geniş strateji istiqaməti də daxil olmaqla əsas proseslər üzərində təsirini azalda bilər”.

Yenə də qeyd olunur ki, Brüssel bu addımları atmasa, Rusiya müdaxilə edə bilər. Sənədin yekununda deyilir: “Aİ regionda Rusiyanın zəiflədiyi bir dövrdə regional aktorları Moskvanın təsirindən azad etmək üçün tarixi imkanı əldən verə bilər”.

Beləliklə, bu gün Kremlin qarşıdan gələn parlament seçkilərinin gedişinə müdaxilə etməyə cəhd göstərməsi təhlükəsi nə dərəcədə yüksəkdir? Belə müdaxilənin uğur qazanmaq ehtimalı nə qədərdir? Bu səbəbdən Paşinyanın partiyasının məğlub olması riski varmı? Avropa Moskvanın Ermənistandakı destruktiv planlarına qarşı hansı konkret addımlarla çıxış edə bilər?

Tanınmış erməni analitik və publisist İşxan Verdiyan Pressklub.az-a açıqlamasında ilk növbədə qeyd edib ki, Ermənistana göndərilən Avropa missiyalarına səbəbindən asılı olmayaraq hər zaman tənqidi yanaşıb.

Başa düşürəm ki, bir sıra amillər, o cümlədən ölkənin siyasi izolyasiyası səbəbindən bu cür missiyalar vətəndaşlar arasında müəyyən rəğbətlə qarşılanır. Lakin fakt dəyişmir: onlar heç bir şəkildə erməni təşəbbüslərinin həyata keçirilməsinə töhfə verməyib.

Bundan əlavə, hazırda İrəvanda fəaliyyət göstərən Avropa missiyası bu gün Azərbaycan üçün qıcıqlandırıcı amil kimi çıxış edir və bununla da sülh prosesini ləngidir. Deməli, o, bəyan edilmiş məqsədləri yerinə yetirmir.

Buna əsaslanaraq ehtimal etmək olar ki, yeni Avropa missiyası da eyni məntiq üzrə fəaliyyət göstərəcək və ondan hər hansı ciddi irəliləyiş gözləməyə dəyməz”, – ekspert hesab edir.

Onun sözlərinə görə, Moldova ilə aparılan paralellər kifayət qədər şərtidir. “Moldovadan fərqli olaraq, Ermənistanda hakim siyasi qüvvə yüksək legitimlik səviyyəsinə malikdir. Bunu həm Nikol Paşinyanın vətəndaşlarla son görüşləri, həm də gündəlik siyasi praktika təsdiqləyir. Müvafiq olaraq, onun yenidən seçilmək şansları yüksək olaraq qalır, hətta parlamentdə konstitusion çoxluq əldə etmək ehtimalı da var.

Moskvaya gəldikdə, o, Ermənistandakı seçkilərə təsir göstərmək niyyətini açıq şəkildə bəyan edib – bu, sirr deyil. Bu hissədə əlavə ediləsi çox şey yoxdur. Yeganə vacib məqam ondan ibarətdir ki, İrəvan mövcud riskləri anlayır və ehtimal ki, artıq xarici dəstək gözləyən tərəf kimi deyil, siyasi fiqurları özü yerləşdirən müstəqil moderator kimi hərəkət edəcək”, – Verdiyan yekunlaşdırıb.

Rauf Oruco