Logo
news content
User
Kateqoriyalar

Analitika

İran sarsılıb, amma...
Dini rejimin güclə dəyişdirdilməsi mexanizmi yoxdur

ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı hərbi əməliyyatların 11-ci günündə hava zərbələri seyrəlib. Gün ərzində paytaxt Tehrandakı və bəzi şəhərlərdəki hərbi infrastrukturda, SEPAH-a məxsus inzibati binalarda ara-sıra partlayışlar baş verdiyinə dair görünütlər yayılsa da, əməliyyatın ilk günündəki kimi kütləvi zərbələr yoxdur. 

Martın 10-da ABŞ müdafiə (müharibə - red.) naziri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dan Keyn Pentaqonda mətbuat konfransı keçirərək, əməliyyatların davam etdiriləcəyini bəyan ediblər. 

Nazir Heqset bildirib ki, hərbi əməliyyatın ən kritik mərhələsi başlayıb və bu gün İran ərazisinə qarşı hücumların ən intensiv günü olacaq. Heqset çıxışında İran rəhbərliyini sərt tənqid edərək qeyd edib ki, son onilliklər ərzində İran rejimi ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirib. Onun sözlərinə görə, ABŞ ordusu İranın hərbi imkanlarını zəiflətmək məqsədilə genişmiqyaslı əməliyyatlar aparır. Nazir bildirib ki, əsas hədəflərdən biri İranın raket infrastrukturu və hərbi sənaye obyektləridir. O, həmçinin bildirib ki, İranın dəniz qüvvələrinin zərərsizləşdirilməsi də əməliyyatın prioritetlərindən biridir.

Heqset əlavə edib ki, ABŞ ordusu hava üstünlüyünü təmin edərək əməliyyatları davam etdirir və müharibənin necə başa çatacağı ilə bağlı son qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.

Daha sonra general Dan Keyn bildirib ki, ABŞ qüvvələri İranın raket imkanlarının məhdudlaşdırılması istiqamətində ciddi nəticələr əldə edib. Onun sözlərinə görə, əməliyyat çərçivəsində pilotsuz uçuş aparatlarının istehsal olunduğu zavodlar və raket buraxılış platformaları hədəfə alınır. General həmçinin qeyd edib ki, ABŞ qüvvələri İranın dəniz fəaliyyətlərini də məhdudlaşdırmağa çalışır. 

Nazir Heqset müharibəni sonlandırmaq və ya davam etdirmək qərarını Prezident Trampın verəcəyini bildirir. Beynəlxalq media isə ABŞ liderinin hərbi əməliyyatları məhdudlaşdırmaq üçün yollar axtardığını yazır. 

"CBS News”un müxbiri Veycia Cianqın məlumatına görə, Tramp bildirib ki, İranla müharibə “demək olar ki, başa çatıb” və Vaşinqtonun əvvəlcədən proqnozlaşdırdığı 4–5 həftəlik müddətin çoxu geridə qalıb. Cianq X hesabında yazıb ki, Tramp telefon müsahibəsində ona belə deyib: “Düşünürəm ki, müharibə demək olar ki, bitib. Onların donanması yoxdur, rabitələri yoxdur, hava qüvvələri yoxdur”. Cianq həmçinin qeyd edib ki, Tramp İranın yeni dini lideri hesab edilən Müctəba Xamenei barədə danışarkən belə deyib: "Ona çatdıracağım heç bir mesaj yoxdur”. 

ABŞ prezidenti "Fox News" kanalına müsahibəsində isə bildirib ki, İran tərəfi danışıqlara maraq göstərir. “İran çox ciddi şəkildə görüşmək istəyir. Şərtlərdən asılı olaraq görüş mümkün ola bilər. Əslində artıq danışmağa məcbur deyilik, amma bu ehtimal qalır”, - Tramp bildirib.

Lakin bəzi mənbələrə görə, İran tərəfi hazırkı mərhələdə belə bir dialoqda iştirak etməyə maraqlı deyil. Digər mənbələr isə İranın Milli Təhlükəsizlik Şurasında müharibənin dayandırılması ilə bağlı hər hansı danışıqların gündəmdə olmadığını qeyd edib.

ABŞ tərəfindən səsləndirilən bu açıqlamalardan sonra İran parlamentinin sədri Mohammad Baqi Qalibaf ölkəsinin atəşkəs axtarmadığını bildirib.

Gözləntilərin əksinə, İranda mərhum ali dini lider Əli Xameneinin oğlu Müctəba Xamenei yeni dini lider seçilib, ölkədə hakimiyyət əleyhinə proses yoxdur, anti-rejim çıxışlarının baş verəcəyini heç ABŞ-nin Milli Kəşfiyyat Şurası da proqnozlaşdırmır. Qurumun açıqladığı qiymətləndirməyə görə, genişmiqyaslı hava zərbələri və ya uzunmüddətli hərbi kampaniya İranda siyasi rejimin dəyişməsinə, böyük ehtimalla, gətirib çıxarmayacaq.

Hərbi ekspert Aqil Rüstəmzadə Pressklub.az-a ABŞ kəşfiyyat icmasının bu mövzu ilə bağlı əsas nəticələrini şərh edərək bildirib ki, sənəddə bir neçə mühüm məqam xüsusi vurğulanır. Ekspertin sözlərinə görə, ilk növbədə İranın idarəetmə sisteminin davamlılığı diqqət çəkir: “ABŞ kəşfiyyatı hesab edir ki, İran rəhbərliyi hakimiyyətin davamlılığını təmin etmək üçün aydın mexanizmlər və protokollar formalaşdırıb. Bu səbəbdən, hətta ölkənin ali rəhbərliyi – o cümlədən ali dini lider fiziki olaraq aradan götürülsə belə, sistemin tam çökməsi ehtimalı yüksək deyil. Çünki real idarəetmə rıçaqları İran İnqilab Keşikçiləri Korpusu və yüksək dini elitanın əlində qalır”.

A.Rüstəmzadə qeyd edir ki, ABŞ kəşfiyyatının diqqət çəkdiyi digər məqam ölkə daxilində təşkilatlanmış və güclü müxalifətin olmamasıdır. Qiymətləndirməyə görə, İranda hakimiyyət böhranı yaranacağı təqdirdə dərhal hakimiyyəti ələ ala biləcək vahid və güclü müxalif koalisiya mövcud deyil.

Ekspert əlavə edib ki, hesabatda yalnız hava hücumlarının siyasi rejimi dəyişmək üçün yetərli olmadığı da vurğulanır. Analitikin fikrincə, tarixdə təkcə aviazərbələr vasitəsilə hakimiyyət dəyişikliyinə nail olunaraq sabit və Qərbyönlü hökumətin qurulduğu uğurlu nümunə yoxdur. Belə nəticə əldə etmək üçün adətən genişmiqyaslı quru əməliyyatları tələb olunur.

İrana qarşı quru əməliyyatların keçirilməsi isə Birləşmiş Ştatların və İsrailin gündəmində yoxdur. Hücumların ilk günlərində bu məsələ gündəmə gəlsə də, müttəfiqlərin regiondakı silahlı kürd silahlı qruplaşmaları ilə apardığı danışıqlar uğursuzluqla nəticələnib. 

Beləliklə, müttəfiqlərin İrana qarşı keçirdiyi əməliyyatlar bu ölkənin hərbi qüdrətini əhəmiyyətli dərəcədə sarsıtsa da, əsas hədəf-dini rejimin dəyişdirilməsinə nail olunmayıb. Bu hədəfə çatmağın mexanizmi barədə aydın təsəvvür isə hələ yoxdur…

Turqut