Logo
news content
User
Kateqoriyalar

Analitika

İran dronları Naxçıvana necə düşdü: təsadüf, yoxsa təxribat
Tehran dron zərbəsi ilə Türkiyə və Azərbaycanı sınağa çəkir?

Qonşu ölkədə gedən müharibə ilə əlaqədar Azərbaycan üçün hansısa mənfi ssenariləri proqnozlaşdırmaq arzuolunan deyil. Lakin İran dronlarının Naxçıvan Muxtar Respublikası istiqamətində uçuşları ciddi narahatlıq doğurur.

5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dronlardan biri Naxçıvan Muxtar Respublikasının hava limanı terminalının binasına düşüb, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığında yerə çırpılıb.

Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması (sonradan xəsarət alanların 4 nəfər olduğu məlum olub – red.) ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik.

Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik.

Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, – Azərbaycan XİN-in bəyanatında bildirilir.

Qeyd edək i, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim edilib. 

Maraqlıdır ki, İran tərəfi Naxçıvana endirilən zərbələrlə əlaqəsini inkar edib.

Bundan bir gün əvvəl İran Türkiyəyə qarşı da hərbi xarakterli təxribat törədib. Türkiyənin Xarici İşlər Nazirliyi Ankara səmasında vurulan raket insidentindən sonra İran səfirini nazirliyə çağırıb. 

“İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona bu insidentlə bağlı reaksiyamız və narahatlığımız çatdırılıb”, – jurnalistlərə bildirilib.

Məlumata görə, martın 4-də Türkiyə səmasında ballistik raket vurulub. Raket İran ərazisindən buraxılıb və Türkiyənin hava məkanına doğru istiqamətlənib. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, raket vaxtında aşkarlanıb və Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava hücumundan və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bildirilir ki, raket Türkiyə hava məkanına çatmazdan əvvəl İraq və Suriya üzərindən keçib.

Vurulan raketin qalıqları Hatay vilayətinin Dörtyol rayonuna düşüb. Türkiyə Müdafiə Nazirliyi dağıntı və zərər olmadığını açıqlayıb.

Bundan sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Araqçi ilə telefon danışığı aparıb. Bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, Fidan Araqçi ilə söhbətində Ankara tərəfinin Türkiyə ərazisində vurulan raketlə bağlı reaksiyasını İran tərəfinə çatdırıb.

Bəs, bu hadisələr nəyi göstərir? Tehran həqiqətən də Türkiyə və Azərbaycanı münaqişəyə cəlb etməyə çalışa bilərmi? İran rəhbərliyi bununla hansı məqsədləri güdür? Belə ehtimal varsa, bunun səbəbləri nədir?

Bundan başqa, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi mövcuddur. Bu sənədə əsasən tərəflərdən birinə qarşı hərbi əməliyyatlar başlanarsa, digər tərəf də müttəfiqini dəstəkləməlidir. Bu halda sual yaranır: SEPAH və ayətullahların indi əlavə problemlər axtarmasının mənası nədir?

Baş verən hadisələri Pressklub.az-a şərh edən rusiyalı şərqşünas, Yaxın Şərq üzrə ekspert Ruslan Suleymanovun sözlərinə görə, İran dronlarının Naxçıvan ərazisinə düşməsi həm İran hakimiyyətinin şüurlu təxribatı, həm də hazırda İran dövlətinin, o cümlədən silahlı qüvvələrinin son dərəcə gərgin vəziyyətdə olması səbəbindən baş vermiş təsadüf ola bilər.

Qonşu ölkələrin ərazisinə belə təsadüfi zərbələr istisna deyil.

Lakin ümumilikdə bu hadisə İran hakimiyyətinin davranış məntiqinə uyğun gəlir. Tehran mərmilərin mümkün qədər çox sayda qonşu ölkənin ərazisinə düşməsi üçün hər şeyi edir. Məqsəd odur ki, ABŞ İslam Respublikasının ərazisinə endirdiyi zərbələrə görə daha böyük siyasi və geosiyasi qiymət ödəsin.

Başqa sözlə, İran hakimiyyətinin hesablamasına görə, onlar şüurlu şəkildə Fars körfəzindəki ərəb monarxiyalarının, Kiprin və indi də, ola bilsin, Türkiyə və Azərbaycanın ərazilərinə zərbələr endirirlər və eyni zamanda bu ölkələrin münaqişəyə birbaşa qoşulmayacağına ümid edirlər.

Tehran hesab edir ki, bu dövlətlər cavab zərbələri endirmək əvəzinə öz tərəfdaşlarına, o cümlədən İsrailə təzyiq göstərəcəklər.

Bu, xüsusilə Azərbaycan üçün daha aktualdır, çünki Türkiyənin hazırda İsraillə münasibətləri kifayət qədər gərgindir. İranın baxışına görə, Azərbaycan İsrailə və bəlkə də ABŞ-a təsir göstərərək hərbi əməliyyatların və İrana hücumların dayandırılmasına çalışa bilər.

Tehranın hesablamasına görə, bu halda İran hakimiyyəti region və qonşu ölkələr üçün təhlükə mənbəyi olmaqdan çıxacaq”, – Suleymanov güman edir.

Rauf Orucov