Logo
news content
User
Kateqoriyalar

Analitika

“İnsanlar qaydalara əməl etməsə, müsbətə doğru heç nə dəyişməyəcək”

Xüsusi karantin rejimi növbəti dəfə uzadıldı. Operativ Qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejiminin 20 iyul, saat 06:00-dək uzadılması ilə bağlı qərar qəbul etdi.

Gündəlik aşkarlanan yoluxma sayı 600-ə yaxın olduğundan, qərar gözlənilən idi. İndi hər kəsi bir sual düşündürür: bu addım vəziyyəti stabilləşdirməyə imkan verəcəkmi? Bu sualı müsahiblərimizə ünvanladıq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Jalə Əliyeva ümid etdiyini bildirdi ki, bu tədbirlər müsbət nəticə verəcək:

“Müsbət nəticənin əldə olunması, əlbəttə ki, hamımızdan asılıdır. Bizim sağlamlığmız bu gün öz əlimizdədir. Dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. İnanırıq ki, vətəndaşımız anlayışla qarşılayacaq. Həqiqətən də vəziyyət çox kritikdir. Biz qorxu yaratmaq, hər şeyi qara rəngdə göstərmək istəmirik. Amma ortada bir həqiqət var. Həqiqət də ondan ibarətdir ki, yoluxanların sayı durmadan artır, ölüm sayı artır, xəstəxanalar xəstələrlə doludur. Modul tibli xəstəxanalar da durmadan açılır. Xəstəlik olmasa, bu xəstəxanaların açılmasına gərək olmazdı”.

J.Əliyeva xatırlatdı ki, Azərbaycan birinci mərhələni çox yaxşı başa vurmuşdu:

“Təəssüflər olsun ki, vətəndaşlarımız çox tez arxayınlaşdı. Ona görə də, vətəndaşlarımıza səslənirik, xahiş edirik ki, diqqətli olsunlar, elementar qaydalara riayət etsinlər. Mənə elə gəlir ki, bir neçə gün küçəyə çıxmamaqla dünya dağılmaz. Hər halda, evə qapanmaq həyatımızı, əzizlərimizi itirməkdən daha pis deyil. İnsanlar evdə otursunlar, qaydalara əməl etsinlər, maskadan, əlcəkdən istifadə etsinlər, əllərini tez-tez spirtləsinlər. Yəni, maksimum nə bacarırlarsa, özləri xəstəliklə mübarizə aparsınlar, qalan məsələləri isə dövlət həll edir, yoluna qoyur. Yenə də bu tribunadan, sizin vasitənizlə səslənərək demək istəyirəm ki, heç bir qanun və qadağa insanı özü-özünü qoruduğu kimi qoruya bilməz. Ona görə də, gəlin, laqeydliyi ataq bir kənara və çağırışlara əməl edək, inanaq ki, əgər qaydalara və deyilənlərə əməl etsək, problem tezliklə azalacaq”.

Baş infeksionist Cəlal İsayev qeyd etdi ki, növbəti dəfə uzadılan karantin rejimində bir qədər fərqli qərarlar var:

“Güman olunur ki, bu, yoluxma sayının azalmasına kömək edəcək. Çünki artıq on nəfərin deyil, beş nəfərin bir araya toplaşmasına icazə verilməyəcək. Qapalı məkanda insanların karantin qaydalarına əməl etməsinə, maskadan istifadə olunmasına, ara məsafənin saxlanılmasına xüsusi nəzarət olunacaq, şənbə-bazar günləri ictimai nəqliyyatın, metronun fəaliyyəti dayandırılacaq. Əvvəl qərar verilmişdi ki, maskadan istifadə etməyənlər cərimə olunacaqlar, bu, artıq nəzarət sistemi şəklində tətbiq ediləcək. Maskadan istifadəyə xüsusi nəzarət olunacaq”.

İnfeksionist hesab edir ki, bu tədbirlər tam tətbiq edilib, həyata keçirilərsə, yoluxma hallarının azalmasına gətirib çıxaran faktorlardan biri olacaq:

“Burada əsas olan insan faktorudur. İnsanlarımızın bu tədbirlərə ciddi surətdə əməl etməsi çox vacibdir. İnsanlar qaydalara əməl etməsə, müsbətə doğru heç nə dəyişməyəcək. Fikir vermisinizsə, insanlarımızın çoxu artıq bu qaydalara əməl edir.  Lakin cavanlar arasında bir saymamazlıq, özünə güvənmə var. Məhz gənclər arasında maskadan istifadə olunmaması halları daha çox müşahidə edilir.  Cavanları ziyalı insanlar, böyüklər başa salmalıdırlar ki, maskadan istifadə etmək vacib şərtdir. Yadınızdadırsa, xəstəliyin yayılmağa başladığı ilk vaxtlar nə qədər yaxşı nəticələr əldə etmişdik. Amma indi həmin nəticələrin üzərindən xətt çəkirik”.

İsayev xatırlatdı ki, dünyada 11 milyona yaxın yoluxma halı, 500 mindən artıq ölüm faktı var:

“Digər ölkələrlə müqayisədə yenə də ölkəmizdə vəziyyət qənaətbəxşdir. Amma bu, bizi qane etmir. Çünki artıma meyllilik var. Əgər xəstələrin sayı artarsa, reanimasiya şöbələrində yerimiz olmaz. Hətta tibb işçilərimiz arasında ölənlər var. Xəstələnən həkimlər də artıq xəstələrə qulluq edə bilmirlər. Belə getsə, tibbi personal, avandanlıq, çarpayı çatışmazlığı ilə üzləşə bilərik. Bunu da insanlarımız başa düşməli və bizə kömək etməlidirlər. Bizə kömək etməklə, özlərinə kömək etmiş olurlar”.

Həkim Müşfiq Hüseynov isə iki həftəlik yenidən gücləndirilmiş karantin rejiminin bitmək üzrə olduğunu xatırlatdı:

“Say azaldımı? Azalmadı. Azala bilməzdi də… Çünki virus artıq küçədə yox, evlərdədir. Sayını təsəvvür edə bilməyəcəyiniz qədər insan evlərdə müalicə alır. Bunun üçün aptekə gedib, gündəlik alınan dərmanların sayına baxmaq kifayətdir. İnsanlar xəstəxanaya getməyə qorxur, xüsusilə “Semaşko” adlandırdığımız xəstəxanada olanlardan sonra insanlar öləcəklərindən qorxaraq, xəstəxanalara getmək istəmirlər. Əslində bu sərtləşməni indi yox, apreldə etsəydilər, mən çox əminliklə buna tərəfdar çıxar və “xeyiri olacaq” deyərdim. Çünki ilk gündən sərt karantin tərəfdarı olmuşam. Amma indi gecikiblər”.

M.Hüseynovun fikrincə, metronun bağlanması və 6 günlük tam qapanmalar çox güman ki, nəticəsini göstərəcək:

“Amma bu nəticə dövlət büdcəsinin, insanların maddi, fiziki və mənəvi durumunun pisləşməsi, stess, yayın ən isti günlərində evdə oturmaq hesabına qazanılan müvəqqəti qələbə olacaq. Əhali dənizsiz, havasız, günəşsiz və əsəbi halda olan-qalan immunitetini də itirəcək. Çox ümid etmək istəyirəm ki, biz ehtimal olunan payız dalğasına düşməyəcəyik, yoxsa, olacaqları təsəvvür belə etmək istəmirəm...”

Ülviyyə Şahin