Logo
news content
User
Kateqoriyalar

Analitika

“İdeal”ın həbsdəki keçmiş sahibi Cahangir Əsgərovun xanımına barışıq təklif edib

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov 5 aydır ki, həbsdədir. O, 2011-2017-ci illərdə özünün rəhbərlik etdiyi şirkətdən – “İdeal Company”nin xəzinəsindən 680 min manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur. İş adamı isə deyir ki, bu ittiham saxtadır, onu həbsdə saxlamaqla susdurmaq üçün quraşdırılıb. O, həbsinə görə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbəri Cahangir Əsgərov və onun həyat yoldaşı Zərifə Həmzəyevanı ittiham edir.

İlqar İsmayılov haqqında cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. O, məhkəmədə ifadə verərkən AZAL prezidenti və xanımını günahlandırmasının səbəbini izah edib. İş adamının sözlərinə görə, 1999-cu ildə “İdeal”ı özü yaradıb, illər ötdükcə şirkəti inkişaf etdirib, mağazalarının sayı artıb. 2011-ci ildə qarşı tərəfdən gələn təklifə müsbət cavab verib və şirkətin səhmlərinin 50 faizini Zərifə Həmzəyevaya satıb.

Həmzəyeva 1999-cu ildən Azərbaycanda kosmetik məhsulların istehsalçısı olan “Gazelli” şirkətinin sahibidir. O, eyni zamanda, “Premium Bank”ın (əvvəlki “SilkWay Bank”) əsas səhmdarıdır.

İlqar İsmayılov bildirir ki, digər təsisçi sonradan onda qalan 50 faizi də almaq fikrinə düşüb. Amma o, payını satmaq istəməyib: “Çünki mən o şirkəti təkbaşına yaradıb, inkişaf etdirmişdim...”

İş adamı proseslərin gedişində əlində qalmış 50 faizlik payın 25 faizini də digər təsisçiyə verib: 

“Bununla da kifayətlənmədilər. Əlimdə qalan 25 faizi də istəyirdilər. Mən satmırdım. Könüllü şəkildə satmaq istəmədiyimi görəndə məni çarəsiz vəziyyətə salmaq üçün planlar quruldu. Bizim hər ay toplantımız olurdu, şirkətin fəaliyyətini, gəlirləri müzakirə edirdik. Bəzən toplantılar Zərifə Həmzəyevanın bağ evində olurdu. Müzakirələrin birində təklif elədi ki, rəhbərlik etdiyi bankdan kredit ayrılsın, şirkətin inkişafına, mağazaların sayının artırılmasına yönəldilsin. Razılaşdıq. Sənədləşmə zamanı məlum oldu ki, kredit mənim adıma rəsmiləşdirilib. Belə əsaslandırdılar ki, fiziki şəxsin adına ayrılmalıdır, ona görə belə qərar verilib. Kredit mənim adıma ayrılsa da, mən o vəsaiti götürməmişəm. O kredit şirkətin xəzinəsinə köçürülüb. Sübutlar var ki, bankın inkassatoru vəsaiti bankdan götürüb, elə həmin gün də şirkətin xəzinəsinə mədaxil olunub”.

İlqar İsmayılov deyir ki, əlində qalmış 25 faizlik payı zorla almaq üçün həmin kredit müqaviləsindən istifadə olunub: 

“Sonradan kredit müqaviləsini saxtalaşdırdılar. Devalvasiya dövründə manatla olan krediti dollara çevirdilər, müqavilədə dəyişiklik etdilər. Aylıq 250 min dollar ödəniş tələb etdilər. Məqsəd məni müflis edib, qalan payı əlimdən almaq idi. Ekspertiza da təsdiqləyib ki, o müqavilədə olan imzalar mənim deyil. Mənim adımdan saxta imza ilə müqavilə tərtib ediblər”.

İ.İsmayılovun sözlərinə görə, “İdeal” əmtəə nişanı və 25 faizlik payından imtinaya məcbur etmək məqsədilə 2017-ci ildə şərlənərək həbs olunub. O zaman 3 ay 10 gün həbsdə saxlanıb. Həbsdə olduğu dövrdə “Premium Bank” rəhbərliyinə daxil olan şəxslər vəkillə birlikdə onun yanına gəlib, izah ediblər ki, deyilənə əməl eləməsə, onu uzunmüddətli həbs həyatı gözləyir. Ona görə 25 faizlik payını və əmtəə nişanını verməyə razılaşıb: “Növbəti dəfə notariusla birlikdə gəldilər, mən etibarnamə verdim. Həmin etibarnamə əsasında da özləri imtina məsələsini həll elədilər. Mən də dərhal ev dustaqlığına buraxıldım. Bir müddət sonra isə barəmdəki cinayət işinə xitam verildi”.

İlqar İsmayılov qeyd edib ki, başına gələnlərlə əlaqədar bir müddət sussa da, sonradan hüquqi müstəvidə mübarizəyə başlayıb. Payını və əmtəə nişanını geri tələb edən iş adamı müxtəlif dövlət orqanlarına şikayət məktubları göndərib, mediaya açıqlamalar verib, məhkəmələrdə iddialar qaldırıb: 

“Bundan sonra mənə yenidən həbs olunacağım barədə xəbərdarlıq edildi. Mən geri çəkilmədim. Hədələrini bu ilin aprelində gerçəkləşdirdilər. Məni növbəti dəfə sifarişlə həbs etdirdilər”.

İş adamı bildirib ki, “İdeal”ın xəzinəsindən 680 min manatdan artıq pul götürməsi haqda ittiham da, bunun sübutu kimi iş materiallarına əlavə olunan qəbzlər də saxtadır: 

“Üstündə mənim imzam olmayan kassa-məxaric orderlərini istintaq niyə sübut kimi qəbul edib? Yaxud da bəzi kassa-məxaric orderlərinin üstündə “Adore” şirkətinin möhürü var. O orderlərin 2013-2016-cı illərə aid olduğu iddia edilir. “Adore” şirkəti isə 2020-ci ildə yaradılıb. Bu, necə ola bilər?..”

İlqar İsmayılovun vəkili Nailə Eldarova deyir ki, 2017-ci ilin iyulunda da eyni ittihamla cinayət işi başlanıb, 2018-ci ilin yanvarında həmin cinayət işinə xitam verilmişdi: 

“Cinayət işinə xitam verilməsi barədə qərardan görünür ki, “İdeal Company”nin 25 oktyabr 2011-ci ildən 31 dekabr 2016-cı ilə qədərki fəaliyyəti, İlqar İsmayılovun şirkətin xəzinəsinə mədaxil və məxaric etdiyi vəsaitlərin araşdırılması üçün mütəxəssis yoxlaması təyin edilib. Bu yoxlamanın nəticəsinə dair 15 yanvar 2018-ci il tarixli aktda yazılıb ki, İlqar İsmayılovun mədaxil və məxaric etdiyi məbləğlər arasındakı fərq müsbət olub. Yəni İlqar İsmayılovun adına şirkətin kassasından artıq pul çıxarılması aşkar edilməyib. Məhz bu aktın əsasında da cinayət işinə xitam verilib. İndi yenə də həmin audit şirkəti həmin dövr üzrə yoxlama aparıb. Bu dəfə isə rəy verir ki, fərq mənfidir. Bu dəfə də onun rəyi əsasında ittiham veriblər”.

Vəkillər məhkəməyə İlqar İsmayılovla Zərifə Həmzəyeva arasında elektron poçt yazışmalarını təqdim edib, onların cinayət işinin materiallarına sübut kimi əlavə olunmasını istəyib. Məhkəmədə bəzi yazışmaların mətni elan olunub. Məsələn, məktubların birində İlqar İsmayılov AZAL prezidentinin xanımına 1 milyon xalis gəlir əldə olunması haqda hesabat verir. Başqa bir yazışmada Zərifə Həmzəyeva İlqar İsmayılova bildirir ki, kreditlə bağlı müsbət cavab var, bankda Elçinə yaxınlaşsın, sənədlər rəsmiləşdiriləcək. Bundan sonra onu məlumatlandırsın...

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”nin tərkibinə daxil edilib. Ona görə İlqar İsmayılovla bağlı cinayət işi üzrə məhkəmədə zərərçəkən qismində “Adore Company” tanınıb. Bu şirkəti təmsil edən vəkil də, prokuror da sözügedən yazışmaların sübut kimi qəbul olunmasına etiraz edib. Prokuror bildirib ki, bu yazışmaların İlqar İsmayılova verilən ittihama aidiyyəti yoxdur. Şirkətin vəkili yazışmaların mötəbərliyinin şübhə doğurduğunu, məktublarda təhriflərə yol verildiyini qeyd edib.

İlqar İsmayılovun vəkilləri məhkəməyə məktubların mənbəyi ilə bağlı araşdırma aparmaq üçün kompüteri də təqdim etməyə hazır olduqlarını bildiriblər. Bundan sonra hakimlər o yazışmaları qəbul edib, sənədlərin tədqiqi mərhələsində araşdırıb, qiymət vermək qərarına gəliblər.

İş adamı deyir ki, "İdeal”ı Zərifə Həmzəyeva ilə şərik idarə etdikləri dövrdə AZAL prezidentinin xanımına gəlirlərin çatdırılması məsələsində Fuad Əliyev adlı şəxs vasitəçilik edirdi. Ona görə də bu şəxsin məhkəmədə dindirilməsi və onun vasitəsilə müəyyən məsələlərə aydınlıq gətirilməsi vacibdir.

“Dividend bölgüsü Fuad Əliyevin iştirakıyla aparılıb, istintaq zamanı da ifadələrdə onun adı çəkilib. Əsas şahidlərdən biri olmasına baxmayaraq, istintaq onu dindirməyib. Ona görə də Fuad Əliyevin məhkəmədə dindirilməsini xahiş edirik”, - İlqar İsmayılovun vəkili Gülnar Quluzadə onun dindirilməsi zərurətini belə əsaslandırıb.

Hakimlər bu məsələni baxılmamış saxlayıb. Çünki prosessual qaydalara görə, məhkəmədə öncə ittiham aktına adı daxil edilmiş əsas şahidlər dindirilir. Ondan sonra əlavə şahidlərin dindirilməsi mərhələsi olur. Əgər hakim əlavə kimlərinsə dindirilməsini iş üçün əhəmiyyətli hesab etsə, bu mərhələdə dindirilir.

Fuad Əliyevlə bağlı məsələnin müzakirəsi də əsas şahidlərin dindirilməsi başa çatandan sonraya saxlanılıb.

Sonuncu məhkəmə iclasında İlqar İsmayılov qarşı tərəfə barışıq təklif edib: 

“Biz digər təsisçi ilə (Zərifə Həmzəyevanı nəzərdə tutur) 5 il 3 ay birlikdə işləmişik, çörək kəsmişik. Mənim barışıq qapım həmişə açıqdır. Elə məsələlər var ki, məhz kəsdiyimiz çörəyi nəzərə alaraq, açıqlamaq istəmirəm. Mən 18 illik şirkətimdən heç vaxt heç nə mənimsəməmişəm. Mənim atam fəhlə olub, bizə halal çörək yedirib. Mən əmtəə nişanı və əlimdən alınan 25 faiz təsisçilik payıma görə halallığımı istəyirəm...”

“Adore Company”ni təmsil edən vəkil bu mesajı qarşı tərəfə çatdıracağını bildirib.

İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə)308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gülər