Logo
news content
User
Kateqoriyalar

Analitika

Hüquqşünas: “Tarif Şurası qanunu pozur”

Azərbaycan əhalisi yeni ilin başlanğıcında qiymət artımı ilə üzləşməyə vərdiş edib. 2021-ci ilin startı da bu baxımdan istisna olmadı. İlin ilk rəsmi iş günündə - yanvarın 4-dən 5-nə keçən gecə məlum oldu ki, Aİ-92 markalı benzinin qiyməti 90 qəpikdən 1 manata, dizelin qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Bahalaşma yanvarın 5-dən qüvvəyə minib.

Qərarı “Press Klub”a şərh edən hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, Tarif Şurası bu cür davranışla qanunu pozur. Onun sözlərinə görə, “İnformasiya əldə etmək haqqında” qanunun 29.1.25 maddəsində yazılıb ki, əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə, onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları dəyişikliyə azı 30 gün qalmış açıqlamalıdır:

“Qanunun bu tələbinə əməl olunmayıb. Tarif Şurası dövlətin formalaşdırdığı kollegial qurumdur, o, dövlətin təkbaşına monopolist olduğu, yaxud da xidmət sektorunun dövlətə aid sahəsində qiymətləri müəyyənləşdirir. İndiki halda, rəsmi açıqlama belədir ki, Tarif Şurası SOCAR-ın təkliflərini nəzərə alaraq benzin və dizelin qiymətini artırıb. Hər ikisi təbii inhisar subyektidir. Konkret olaraq, bu sahədə nə başqa dövlət qurumu, nə də özəl sektor fəaliyyət göstərir. Yalnız SOCAR bu işlə məşğul olur. “İnformasiya əldə etmək haqqında” qanuna əsasən qiymət dəyişiklikliyi ehtimalı vardısa, SOCAR bunu Tarif Şurasına təqdim etmişdisə, bir ay öncədən cəmiyyət də xəbərdar edilməliydi. Onda xəbərdar etməyiblər və Tarif Şurası indi qərarını açıqlayırsa, o zaman həmin qərar bir ay sonra qüvvəyə minməliydi. Çünki cəmiyyət bu məsələdən tam xəbərsiz olub”.

Hüquqşünas deyir ki, qanunun bu tələbinin məqsədi insanların baş verəcək dəyişikliyə hazırlaşması, planlarını ona uyğun qurmasıdır. Əks halda, qəfil bahalaşma vətəndaşları çətin vəziyyətə salır: “Məsələn, 50 hektar torpaq sahəsi olan bir əkinçi qış şumuna gedir ki, şumu arata qoysun. Fikirləşir ki, ən yaxşı halda, fevralda ona növbə gələcək. İşlərini də ona görə planlaşdırır. Hər hektara 100 litr dizel sərf olunurdusa və buna 60 manat xərcləyirdisə, indi hər hektara görə 20 manat artıq xərcləməlidir. 50 hektarda 1000 manat əlavə xərc deməkdir. Əkinçi bunu öncədən bilməlidir ki, işini də ona uyğun planlaşdırsın, sistemləşdirsin. Bu halda, özü planlı şəkildə məhsulunun maya dəyərini 1000 manat aşağı sala bilərdi. Bu misal kənd təsərrüfatına aiddir. Amma başqa sahələrə də eyni şəkildə təsir göstərir”.

Ə.Məmmədli qeyd etdi ki, ictimai müzakirəyə çıxarılmadan, maraqlı tərəfləri təmsil edən qrupların, o cümlədən vətəndaş cəmiyyətinin rəyi öyrənilmədən, sadəcə, SOCAR istəyir deyə, qiymətin artırılması doğru deyil. Çünki yanacağın bahalaşması kənd təsərrüfatından tutmuş, sərnişindaşımaya qədər xeyli sahədə qiymətlərə də təsir göstərəcək:

“iqtisadçılar hesablayıb ki, kənd təsərrüfatı sektorunda bir ildə 305 min ton dizel yanacağı istehlak olunub. Əvvəlki qiymətlə bu, 183 milyon manat idi. Artımdan sonra 244 milyon manat edir. Yəni təkcə kənd təsərrüfatı sahəsində 60 milyon manat əlavə xərc deməkdir. Qiyməti bahalaşdıranda Kənd Təsərrüfatı Nazirliyinin rəyi alınıbmı, yoxsa elə SOCAR “keyfiyyəti artıracam” deyib, bahalaşma istədi deyə, kassanı doldurmaq düşüncəsi ilə verilib bu qərar? Bahalaşma ilə bağlı rəsmi açıqlamada heç bir qanuni, hüquqi əsaslandırma yoxdur. 8 ölkənin adı çəkilir, heç biri də neft ölkəsi deyil. Hamısı nefti bizim kimi ölkələrdən alır. Belə olan halda, onlarla bizim qiymətimiz, onların alıcılıq gücü ilə bizim alıcılıq gücümüz arasındakı fərqi nəzərə almadan, bundan necə daxili bazarda istifadə etmək olar?”

Hüquqşünas vurğuladı ki, istənilən vətəndaş və ya vətəndaşlardan ibarət qrup, həmçinin media qanunvericiliyin tələbinin pozulması ilə əlaqədar məhkəməyə müraciət edə bilər.

Beynəlxalq təcrübədən danışan Ə.Məmmədli bildirdi ki, xarici ölkələrin bir çoxunda liberal qiymət tənzimlənməsi var. Yəni dövlət qurumu hansısa inhisarçının istəyi ilə ona münbit şərait yaratmaq üçün şərtləri müəyyənləşdirmir:

“Xarici ölkələrin bir çoxunda dizelin, benzinin qiyməti bazar şərtlərinə görə dəyişir. Bazar liberal tənzimləmə gətirir. Bu, normal yanaşmadır. Dövlət qiymət müəyyənləşdirirsə, bu halda, nəinki bir ay əvvəldən xəbərdar edilir, hətta bahalaşma məsələsi sonrakı ilin planlamasına salınır, tərəflər bunu müzakirə edir. Hökumətin əsaslandırması legitim əsaslandırma olmalıdır. Ukraynada qiymət belədir, mən də artırıram – bu, əsaslandırma deyil, bəhanədir. Ukrayna iqtisadiyyatı ilə Azərbaycan iqtisadiyyatı, idarəetmə fərqlidir. Orada kənd təsərrüfatı məhsulları ucuzdur, bizdə daha bahadır. Dizel də onlarda daha baha, bizdə daha ucuz ola bilər. Biz neft ölkəsiyik, özümüz istehsal edirik, onlar isə kənardan alır. Əgər SOCAR 2023-cü ildə keyfiyyəti artıracaqsa, zəhmət çəksin, getsin, bank krediti alsın, işini görsün. Vətəndaşdan niyə keyfiyyəti aşağı olan dizelə görə pulu bəri başdan alır? Keyfiyyəti artırmadan niyə artıq pul alır?!”

Gülər