Logo
news content
User
Kateqoriyalar

Analitika

“Hikmət Mirzəyevin adının siyahıda olması göstərir ki...”
ABŞ Konqresinə təklif olunan sanksiya layihəsi kimlərin “xidmət”idir?

Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə rəsmi Bakı ilə İrəvan arasında razılaşma əldə edildikdən dərhal sonra ABŞ Konqresinə müzakirə üçün Azərbaycanın, əsasən güc strukturlarında təmsil olunan bir neçə məmuruna qarşı sanksiya tətbiq edilməsi ilə bağlı layihə hazırlanması barədə xəbər yayıldı. Məlumatda bildirilir ki, ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya tətbiq edilməsi barədə layihə təqdim edilib.

Sanksiya siyahısında Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları Komandanı, Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandanı, general Hikmət Mirzəyevin da adının olduğu bildirilir. 

ABŞ və Azərbaycan münasibətlərinin normallaşmağa doğru getdiyi, Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin müəyyənləşdirilməsi üzrə ilk addımların atıldığı bir zamanda Konqresə təklif olunan bu layihəsi nəyin göstəricisidir? Amerika Konqresi, Senat və nəhayətdə, Bayden administrasiyası diplomatik münasibətləri zədələyərək, sanksiya layihəsini qəbul edə bilərmi? 

“ABŞ-dəki erməni diasporunun, Amerika Erməni Milli Komitəsinin Amerika siyasi elitasına, Konqresinə, hətta prezidentinə təsir imkanları genişdir və hər zaman Türkiyə və Azərbaycan əleyhinə qərarların qəbul edilməsində böyük rolları olub”. 

Bu sözləri təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Pressklub.az-a açıqlamasında billdirib. 

İ.İsmayılın sözlərinə görə, 24 aprel qondarma “soyqırımı” ərəfəsində, başda konqresmen Dina Titsu olmaqla, bir qrup konqresmen Azərbaycan məmurlarına sanksiya tətbiq edilməsi üçün layihə təqdim ediblər. Konqresmen Dina Titsu ana tərəfdən yunandır. Hər zaman Kiprin birləşməsi uğrunda ABŞ hakimiyyətinin Türkiyəyə təzyiq göstərməsi üçün tədbirlər təşkil edib. İndi də Amerika Erməni Milli Komitəsinin maliyyəsi müqabilində ermənilərin və bəzi beynəlxalq təşkilatların verdiyi siyahı əsasında Azərbaycana qarşı sanksiya layihəsi təqdim edib. Siyahıda general Hikmət Mirzəyevin adının başda olması absurdluğu ilə bərabər, onun adının məhz ermənilər tərəfindən ora salınmasına heç bir şübhə qalmır.

“Həm Şuşanın alınmasında, həm də lokal xarakterli anti-terror əməliyyatında böyük xidmətləri olmuş generalımızın ermənilərin hədəfində olduğu çoxdan məlumdur. İnsan haqlarını bəhanə edən konqresmenlər bir nəfər hərbçi, azərbaycanlı göstərsinlər ki, Hikmət Mirzəyevdən şikayət etmiş olsun. Eyni zamanda, Azərbaycan cəmiyyətində nümunəvi bir struktur kimi qəbul olunan, dövlətin təhlükəsizliyini təmin edən DTX-nin rəisinin adının siyahıda olması da daha bir absurdluqdan xəbər verir. Digər şəxslərin də əsas göstərilmədən siyahıya alınması layihənin qərəzli olduğuna sübutdur. 

Hesab edirəm ki, 180 gün müddət verilən bu layihə Konqresdə qəbul olunmayacaq. ABŞ bu cür qərəzli layihələrə görə Azərbaycanla münasibətlərini pozmaq istəməz. Bu addım ABŞ dövlətinin deyil, erməni diasporunun qondarma “soyqırımı” günü ərəfəsində konqresmenləri ələ almaq cəhdlərindən biridir”.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı saytımıza verdiyi açıqlamada bildirib ki, ABŞ Konqresinin Azərbaycan əleyhinə hazırladığı növbəti ədalətsiz sənəd göstərdi ki, bu 30 ildə onların anti-Azərbaycan siyasətində heç bir dəyişiklik olmayıb. 

Şahinoğlu xatırladır ki, 1992-ci ildə Konqres Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edib. Həmin dövrdə Azərbaycan torpaqları işğal altında ola-ola bizim əleyhimizə qətnamə qəbul etdilər ki, guya Azərbaycan Ermənistanı mühasirədə saxlayıb. Bu hadisənin üzərindən 30 il keçdikdən sonra Azərbaycan hərbçilərinə qarşı növbəti ədalətsiz qətnamə ilə üz-üzəyik. 

“Hazırda Azərbaycanla Ermənistan arasında uğurlu danışıqlar gedir. ABŞ Konqresi bu prosesə dəstək olmaq əvəzinə, prosesi pozmağa çalışır. Əlbəttə, sanksiya məsələsinin kökündə Amerikadakı erməni lobbisi dayanır. Amma bu qətnamənin heç bir əhəmiyyəti və təsiri olmayacaq. Sadəcə, Amerika-Azərbaycan münasibətlərinə növbəti dəfə kölgə sala bilər. Ağ ev və Dövlət Departamenti Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. ABŞ ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığımız var. Ağ ev və Dövlət Departamenti Azərbaycana qoyulan sanksiyaya qarşı çıxış etməsələr, deməli, onlar da ABŞ Konqres kimi düşünürlər. Bu isə sadəcə, iki dövlət arasındaki bütün münasibətlərə xələl gətirəcək” - deyə, Elxan Şahinoğlu sonda bildirdi.

Mədinə Useynova