Logo
news content
User
Kateqoriyalar

Analitika

Hər şey cəbhə üçün

Kənardan baxanda paytaxtda həyat, hər halda, axşam saat doqquza qədər həmişəkindən az fərqlənir. Amma bütün düşüncələrə müharibə, ürəklərə qələbəyə kiçik də olsa, töhfə vermək istəyi hakimdir. Quş dimdiyində yanğını söndürməyə su daşıdığı kimi...

***

Dostlarla söhbət edirik. Aramızdan bir iş adamına zəng gəlir. O aralanır, amma danışığı eşidilir:

  • Hə, hə. Səkkiz pik-ap. Maşınları alıb dərhal gətirin. Sürücü çatmasa, özünüz də sükana oturun. Qalan dördünü də bron edin. Gələn kimi göndərsinlər! Təcili!
O, geri dönəndə bir nəfər soruşur:
  • Bilmirsən ki, pik-apları cəbhə üçün yığırlar?
  • Bəs mən onları neyləyirəm? Elə orduya vermək üçün alıram.
***

Bank işçisi danışır:

  • Tərtərə cəbhəyanı bölgəyə yardım aparmışdıq. Kəndlərdən birinin girişində kişilər yığışmışdı. Ətrafda mərmi partlayışı səsləri eşidilirdi. Maşını saxladıq. “Bura niyə yığışmışınız?”, -  soruşduq.
  • Mərmiləri sayırıq.
  • A kişi, qorxmursunuz?
  • Təki bizə dəysin, əsgərlərimizə dəyməsin. Bura düşən hər mərmi əsgər səngərinə atılan mərmidən gedir.
***

Dostumla taksiyə otururuq. Sürücü deyir:

  • Qazaxdan gəlirəm, yenicə evə girmişdim ki, sifariş aldım, dedim, əldən çıxmasın, xərcimi bir az çıxardım.
  • Siz də qazaxlısınız?
  • Yox, anam Şuşalı, atam Göyçaydandır. Oğlum orada xidmət edir. Görməyə getmişdim.
  • Gördünüz?
  • - Murova aparmışdılar. Baxdım ki, komendant saatı başlayır, qayıda bilməyəcəyəm, maşını kənara çəkib içində yuxuladım. Gecə şüşəni bərk-bərk döydülər. Patrullar idi. Sənədlərimi istədilər. Hamısını verdim. Soruşdular ki, “gecə vaxtı burada neyləyirsiniz”. Dedim, oğlum Qazaxda xidmətdədir. Xəbər yox idi, gəldim görəm, Murova aparıblar”. Sənədlərimi qaytardılar. “Əmi, gedək, sizə yer düzəldək”. Məni yerbəyer elədilər, özləri oğlumun hərbi hissəsi ilə əlaqə saxladılar. “Əmi, - dedilər, narahat olmayın, sağ-salamat döyüşür, hər şey yaxşı olacaq, qələbə ilə dönəcək”. Səhər də yola saldılar.
Hər şey cəbhə üçün. Hər şey qələbə üçün.

Arif Əliyev