Logo
news content
User
Kateqoriyalar

Analitika

Həkimlərdən həyəcan siqnalı

Bu gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Rəqəmlərdən də görünür ki, yoluxma sayı da, ölüm halları da sürətlə artır. Səbəb nədir? Yeni xəstələrdə əvvəlki müalicə metodu effekt verirmi? Virusun xüsusiyyətlərində, inkişafında dəyişiklik baş veribmi? Suallarımızı mütəxəssislərə ünvanladıq.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə “Press Klub”a açıqlamasında yeni xəstələr üçün də eyni dərmanların tətbiq olunduğunu bildirdi:

“Dərmanlarda heç bir dəyişiklik yoxdur. Hazırkı COVİD-19-da bir sıra əlamətlər daha kəskin gedir və ağırlaşmalar daha tez baş verir. Payızdakı xəstələrə nisbətən indiki xəstələr müalicəyə çətin tabe olurlar”.

Virusun xüsusiyyətləri və inkişafındakı dəyişikliyə gəldikdə, infeksionist virusun eyni olduğunu, sadəcə, mutasiyaya məruz qalmış variantlarının olduğunu söylədi:

“Ancaq bunun Britaniya ştammı və yaxud da yeni virus olduğunu deyə bilmərəm. Bunu yalnız PCR testi ayırd edə bilər. Onu deyə bilərəm ki, hazırda ölkəmizdə hansı tip virus yayılıbsa, xəstəlik çox kəskin gedir və ağırlaşma daha çox müşahidə olunur, xəstə müalicəyə çətin cavab verir”.

Pulmonoloq İbrahim Əsədli isə müşahidələrinə əsasən müalicə metodunun getdikcə effekt

vermədiyini, daha da çətinləşdiyini vurğuladı:

“Xəstələr yayda daha rahat müalicə olunurdu, qışda daha çətin, indi isə ondan da çətin müalicə baş tutur. Hər növbəti dalğa olduqda eyni dərmanlar hər zamankı effekti vermir. Amma bizim özəl və xüsusi protokollarımız var ki, ora xüsusi dərmanlar əlavə edirik, bunun hesabına hələlik xəstələrimi vəziyyətdən çıxara bilirəm. Lakin ağırlaşmış və gecikmiş xəstələr olanda qarşısını almaq çətin olur”.

İ.Əsədli mikrobioloq olmadığnı, amma kliniki gedişata nəzərən yoluxanların xəstəliyi daha ağır keçirdiyini bildirdi:

“Bu dəfə virusun daha kəskin və daha ölümcül olduğunu müşahidə edirik”.

Həkim-infeksionist Nicat Əzimli qeyd etdi ki, COVİD-19 xəstələrində əvvəlki müalicə metodu hazırda qismən effekt verir:

“Yeni xəstələrdə yeni sürprizlərlə qarşılaşırıq. Nə qədər eyni müalicə tətbiq olunsa da, bəzən effektsizliyini də görürük. Təbii ki, tam effektsizdir də demək olmaz. Həm də, biz genetik yoxlamalar aparmırıq, insanda hansı ştammın olduğunu bilmirik. Biz xəstəni sadəcə olaraq, COVİD-19 diaqnozu ilə qəbul edirik və müalicə edirik. Ola bilsin ki, həmin insanların hansındasa COVİD-19-un ölkəyə yeni daxil olmuş ştammı, yaxuda elə əvvəlki COVİD-19 olsun. Yəni biz o diferensasiyanı apara bilmirik ki, bu, yeni, mutasiya olunmuş virusdur, yoxsa mutasiya olunmamış virus. Fərqi bilmək üçün həmin testi hər bir xəstə üçün aparmalıyıq”.

İnfeksionistin fikrincə, əgər genetik test hər xəstə üçün aparılsa, o zaman bu haqda qəti bir söz demək mümkün olardı:

“Mutant virusun da öz patogenetik xarakteristikası var. Bunu ayırd etmək üçün bütün xəstələrdə həmin test aparılmalıdır. Bu isə hər xəstə üçün edilməsi mümkün olmayan bir prosesdir. Ona görə də, biz sadəcə olaraq, hər bir xəstənin test nəticəsinin neqativ və ya pozitiv olduğuna baxırıq. Əgər şəxsi müşahidələrimiz əsasında danışsaq, deyərdim ki, bəzi xəstələrdə həyata keçirdiyimiz müdaxilələr bəzən heç bir effekt vermir. Xəstənin vəziyyəti daha çox pisləşməyə doğru gedir və maksimal effektiv saydığımız bütün preparatlardan istifadə etməyimizə baxmayaraq, ağırlaşmaların qarşısı bəzən çətinliklə alınır”.

Əzimli öncəki xəstələrlə indiki xəstələr arasında kəskin fərq olduğunu hesab etmir:

“Bir daha qeyd edirəm ki, bunun mutant virus olub-olmadığı barədə genetik test aparılmalıdır. Bu test aparılmadığı üçün şəxsi müşahidələrimiz və müalicə zamanı müşahidə etdiyimiz hallara əsasən deyə bilərəm ki, yeni xəstələrdə xəstəlik daha proqressiv gedir”.

Ülviyyə Şahin