Logo
news content
User
Kateqoriyalar

Analitika

Həkim: “Bugünkü nəticəni evdə müalicəyə icazənin verilməsinə borcluyuq”

Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi azalma müşahidə olunur. Hətta yoluxma artıq ikirəqəmli sayla ifadə olunur. Birdən-birə bu qədər kəskin azalma insanlar arasında müəyyən çaşqınlıq yaradıb. Bəziləri bunun yenə də bir oyun olduğunu, rəqəmlərin süni şəkildə azaldıldığını düşünür, digərləri isə narahatdır ki, virusun yayılmasında yeni dalğa başlaya bilər. Mövzuya dair suallarımızı COVİD -19 xəstələrinin müalicəsində iştirak edən həkim-pulmonoloq Eldar Zeynalova ünvanladıq.

-Doktor, pandemiya başlayan ilk gündən fəaliyyətiniz nələrdən ibarət olub?

- İlk dəfə Azərbaycanda pandemiyanın yayılması xəbəri gələn zaman bunun məsuliyyətini hiss edirdim. Bilirdim ki, çox ciddi problemlər gözlənilir. Bu zaman iki yolum var idi: ya xəstələrdən imtina etməli, kabinetin qapısını bağlamalı, qaçmalı və evdə oturmalı, ya da qapını açıb, bütün xəstələrə köməklik edib, pandemiyanın qarşısını alan həkimlər sırasında olmalı idim ki, mənim də burada bir rolum olsun. Düşündüm ki, əgər pandemiyadan qaçsam, xəstəlik gəlib, onsuz da evdə məni qarşılayacaq. Evdə oturub, xəstəliyi gözləməkdənsə, döyüşməyi daha üstün hesab etdim.

- Ağırlaşmalar nə zaman baş qaldırdı?

- Ağırlaşmalar pandemiyanın ilk dövrlərində daha çox olurdu.

- Bu ağırlaşmalara səbəb nə idi?

- Bir neçə səbəbi var idi. Birinci səbəb insanların xəstəliyə qarşı qorxularının olması idi, insanlara düzgün informasiya verilməmişdi. Xəstəlik haqqında geniş informasiya yox idi. Xəstə olan insanlar arasında karantinə alınmaq qorxusu var idi. Ona görə də həkimə müraciət etməyə, analizlər verməyə meylli deyildilər. Onlar sanki qaçmağa, gizlənməyə çalışırdılar. Xəstəliyə inanmayanlar da var idi. Xəstəliyin ilk əlamətləri başlayanda sadəcə, soyuqlama kimi qiymətləndirib, xəstəliyi ağırlaşdırırdılar, ağırlaşdırdıqca, ətrafa daha çox yaymağa başlayırdılar. Və artıq əlacsız qalan zaman həkimlərə müraciət edirdilər. Həmin ərəfədə artıq pnevmoniya formasında gəlirdilər. Gün ərzində ağır tipli pnevmoniyaları qarşılayırdıq. Bu zaman müxtəlif seçim qarşısında qalırdıq. Xəstəni COVİD 19-un müalicə olunduğu hər hansı mərkəzlərə yerləşdirmək problemimiz var idi. Diaqnozu qoymaq üçünsə testlərin cavabını gözləməli olurduq. Cavabları əldə etmək beş gündən artıq vaxt alırdı. Həmin beş gün ərzində ağır tipli pnevmoniyalara kömək göstərilməsə, xəstəni itirə bilərdik. Bunun ciddiliyinə vararaq, xəstələrə analiz vermələrini tövsiyə edirdim və testlərin cavabı çıxana kimi, önləyici tədbirlərimi almağa başlayırdım, çünki cavabı alana kimi xəstələri itirə bilərdik. Xəstəliyə yoluxanlara xəstəlik şübhəsinin olduğunu bildirirdim, çünki testin nəticəsi olmadan, “siz yoluxmusunuz” demək, etik normalar çərçivəsindən kənardır. Onlara digər insanlardan, ailə üzvlərindən, ətraf mühitdən təcrid olunmalarını ciddi şəkildə tapşırırdıq. Təbii ki, onlar da deyilənlərə, qaydalara əməl etməyə başlayırdılar. Testin cavabı çıxanadək xəstələrdə artıq yüngülləşmələr başlayırdı. Həmin dövrdə ağırlaşmaların əsas səbəblərindən biri də xəstələrə evdə müalicə almalarına icazənin verilməməsi idi. Mən bu qərarı düzgün hesab etmirdim. Hər zaman deyirdim ki, xəstə ev şəraitində müalicə olunmalıdır. Burada böyük bir yoluxmadan söhbət gedirsə və xəstəliyin səksən faizi yüngül keçirsə, onları xəstəxanalara doldurmaq lazım deyildi. Onları COVİD 19-dan müalicə alan mərkəzlərə göndərdikdə, o insanlarda mənfi rəylər formalaşırdı ki, biz sağalmışıq, bizi ora yerləşdirməyə gərək yoxdur. Halbuki onlar asimtomatik, yüngül formalı xəstələr idi, xəstəliyin hər hansı əlaməti də yox idi. Onlar təcrid olunub, evdə müalicə alsaydı, daha yaxşı olardı. Xəstəliklər artdıqdan sonra ilk düzgün qərar xəstələrin evdə müalicə alması ilə bağlı oldu. Evdə xəstələr müalicə olunmağa başlayanda qorxu hissi aradan qalxdı. Onlar test verməyə daha rahat şəkildə gəlirdilər, düşünürdülər ki, testin cavabı müsbət çıxsa belə, onları xəstəxanalara yerləşdirməyəcəklər. O zaman insanlar kütləvi şəkildə analiz verməyə başladılar. Təbii ki, həmin ərəfədə testin cavabı pozitiv çıxanların sayı daha çox oldu, yüklənmə həmin ərəfədə daha çox qeydə alındı. O zaman yoluxanların sayı üçrəqəmliyə çatdı. Fikir versəniz, görərsiniz ki, indi sağalanların sayı üçrəqəmliyə qalxıb. İyirmi gün bundan əvvəl üçrəqəmli pozitivlər artıq sağalmayla evə buraxılır və müalicələri yekunlaşdırılır.

- Doktor, ilk günlə bu gün arasında fərq varmı?

- İlkin dövrlə bugünkü gün arasında böyük bir fərq var.  İlkin, sizin görmədiyiniz tərəf ondan ibarətdir ki, ilk dövrdə koronavirusun müalicəsi ilə məşğul olan həkimlərin sayı çox az idi. İndi isə koronavirusun müalicəsini artıq ev şəraitində, hətta xəstənin özü də edə bilir. Tibb bacıları da müəyyən protokollarla müəyyən məsələləri internetdən götürüb, təyinatı da xəstələr internet vasitəsilə əldə edə bilirlər. O baxımdan müəyyən yüngül xəstələr artıq həkimlərə müraciət etmir və ümumi şəkildə müalicə ala bilir. Nisbətən ağırlaşmış xəstələr isə artıq poliklinika həkimlərinə, terapevtlərə, pulmonoloqlara, infeksionistlərə müraciət edərək, qeydiyyata alınmalaqla ev şəraitində müalicə olunur və vaxtında müalicə olunduğuna görə xəstəliyin yayılma tendensiyası azalır. Bunu da nəzərə almaq lazımdır.

- Çox güman ki, insanların haradan və necə yoluxmaları barədə məlumatınız var. Onlar daha çox haradan yoluxduqlarını iddia edirdilər?

- İlkin günlərdə müraciət edən xəstələrin doxsan faizi kiminləsə kontaktdan deyil, daha çox soyuqlayaraq yoluxduqlarını iddia edirdilər. Bəziləri dondurma yediyini, bəziləri kondisionerin altında özünü soyuğa verdiyini, bəziləri soyuq suda çimdiyini, soyuq su və ya meyvə yedikdən sonra bu əlamətlərin baş qaldırdığını deyirdilər. Əlamətləri görürdülər, lakin nə zaman yoluxduqlarını hiss etmirdilər. Bunları uzun müddət müşahidə etdikdən sonra qərara gəldim ki, koronavirus infeksiyası həddindən artıq virulent bir virusdur və onun yoluxma dərəcəsi çox yuxarıdır. Mən artıq hesab edirəm ki, Azərbaycanda doxsan faiz insan bu virusun daşıyıcısıdır. Bu virus insan orqanizminə daxil olub, bəlkə də bizimlə yaşayır, lakin simptomsuzdur. Münbit bir şərait olan kimi, ağırlaşma və pnevmoniya şəklində özünü göstərmə ehtimalı var.

- Digər ölkələrlə müqayisədə bizdə ölüm və yoluxma sayında xeyli fərq var. Səbəb nədir?

- Digər dövlətlərdən fərqli olaraq, Azərbaycanda bundan artıq zaman kəsiyində pandemiyanın davam edəcəyini gözləmirdim. Səbəb isə ondan ibarət idi ki, Amerika ilə Azərbaycanı müqayisə edəndə Amerika səhiyyəsində hər hansı vətəndaşın sərbəst şəkildə, reseptsiz apteklərdən hər hansı bir antibiotik və digər preparatları alması qeyri-mümkündür. Yəni, onlar ala bilmirlər və əlləri dərmana çatmır. Ona görə də kütləvi şəkildə yoluxmalar, səhiyyədə yüklənmələr daha çox olurdu. Bu, özünü ölüm faizində də göstərdi. Bizdə isə xəstələr həkimə müraciət etmədən belə müəyyən antibiotikləri qəbul etməyə başladılar. Mənim və yaxud digər həkimlərin effektiv müalicələrini bir-birlərinə ötürməklə, həmin müalicə sxemindən istifadə etməklə, həkimə müraciət etmədən sağalan insanlar da oldu. Bunun özü də statistik göstəricilərin aşağıya düşməsində böyük rol oynadı. Hazırkı vəziyyətdə nisbətən ağırlaşmış, həkimsiz müalicəni sevməyən, məsuliyyətli insanlar daha çox müraciət edir.

- Bugünkü nəticəni nəyə borcluyuq?

- Bugünkü nəticəni evdə müalicəyə icazənin verilməsinə borcluyuq. Xəstələr evdə müalicə olunmaqla və bu xəstəliyi normal qəbul etməklə vəziyyətdən çıxmağı bacardı və biz də ağırlaşmanı və xəstəxananın yükünü azaltmış olduq.

- Çimərliklərə girişə icazə verildi, lakin insanların əksəriyyəti çimərliklərdə ara məsafəsinin qorunmamasından şikayət edir. Bununla bağlı nə düşünürsünüz?

- Ümumiyyətlə, karantin rejimi xəstəliyin qarşısını almır. Yəni bu, birmənalı şəkildə qəbul olunmalıdır. Karantin rejiminin tətbiqi xəstəliyin gedişatını ləngitmək üçün idi. Əgər gün ərzində üç yüz, beş yüz yoluxma aşkar edilirsə, bir tərəfdən də üç yüz, beş yüz xəstə sağalması baş verirsə, xəstəxanalar, tənəffüs aparatları, reanimasiyalar çox yüklənmir. Yəni karantin bunlar üçün idi. Müəyyən faiz insan artıq xəstələnib və sağalıb. Bundan artıq böyük bir yüklənmə gözləmirəm. Karantin rejimi aradan qaldırılmalıdır, çünki insanların artıq doxsan faizi yoluxub və sağalıb.

- İkinci dalğa olacaqmı? Payız-qış mövsümü yaxınlaşır və xəstəliyin artacağına dair proqnozlar var.

- Bundan sonra özümüzü soyuğa versək və yaxud nəzərə alsaq ki, respirator viruslar əsasən payız mövsümündə yayılır və əksər insanların immuniteti aşağı səviyyədədir (təmiz hava, günəş görmədikləri, müəyyən insanların işləməməsi və qidalanmasının yaxşı olmadığı, stress yaşadıqları üçün), payız mövsümündə xəstəliklər yenidən baş qaldıra bilər. Tək koronavirus deyil, fərqli bir virus formaları da ola bilər. Bütün pnevmoniyalara, respirator viruslara COVİD-19 damğası vurmaq və ya koronavirus diaqnozu qoymaz olmaz. Təbii ki, keçən ilə nisbətən bu il xəstələnmə halları, respirator virusların geniş yayılması daha yüksək olacaq.

- Doktor, xəstələnməmək üçün nə etməliyik?

- Sosial şəbəkələrdə, bəzi həkim tövsiyələrində immuniteti gücləndirmək üçün daha çox D və C vitamini qəbul etməyə çağırırlar ki, bu vitamini qəbul etdikdə xəstəliyə yoluxma daha az olur, xəstəliyi daha yüngül keçirirlər. Təbii ki, immun sistemində onların rolu böyükdür, amma mən bunlara koronavirusdan qoruyucu vasitə kimi baxmıram. Tövsiyə edirəm ki, D vitaminini yay vaxtında çox qəbul etməsinlər. Tövsiyəm ondan ibarətdir ki, bir ay vaxtımız qalır, hələ ki günəş şüaları var, D vitamini dəridə günəş şüaları nəticəsində əmələ gəlir. Bunu təbii formada səhər günəş çıxan zaman, bir-iki saat müddətində günəşin ultrabənövşəyi şüaları vasitəsilə qəbul etsinlər. Günorta saatlarında günəş altında gəzməyi tövsiyə etmirəm, çünki günorta saatlarında birbaşa düşən ultrabənövşəyi şüalar deyil, əsasən ultraqırmızı şüalardır. O da insan orqnizminə o qədər də yaxşı təsir göstərmir. Ona görə də səhər saatlarında və günortadan sonra düşən günəş şüalarını qəbul emək daha məqsədəuyğundur. Yay ərəfəsində çoxlu miqdarda maye qəbul etsinlər. Koronaviruslu, pnevmoniyalı xəstələr arasında daha çox maye qəbul edənlər xəstəliyi daha yüngül keçirirlər. Orqanizmin intoksikasiyadan təmizlənməsi məsələsi də rol oynayır. Normal şəkildə qidalanmaq lazımdır. Xəstəlik yaradacaq hər hansı nüanslardan uzaq durmağa çalışmalıyıq. Hazırda yoluxmaların sayı çox olmasa belə, özünü xəstələndirmə ehtimalı daha çox ola bilər. Bəlkə də virus bizim bədənimizdədir və simptomsuzdur deyə, hiss etmirik, biz onun inkişaf etməsi və baş qaldırması üçün münbit şərait yaratmamalıyıq. Yəni bu xəstəliyin geniş yayılmasının qarşısını almaq üçün hər birimiz bu dediyim tövsiyələrə əməl etməliyik, müəyyən soyuq içkilərdən, yeməklərdən, soyuq suda çimməkdən, soyuqdəymə hallarına səbəb olacaq vasitələrdən uzaq durmağa çalışmalıyıq, özümüzü və ətrafdakıları da qorumalıyıq. Hər hansı ilkin əlamətlər baş verdiyi müddətdə çalışmalıyıq ki, özbaşımıza müəyyən antibiotiklər qəbul etməyək. Bu, əksinə, xəstəliyin dərinləşməsinə və həmin dərmana qarşı rezidentliyin yaranmasına səbəb ola bilər ki, əgər siz yenidən xəstələnsəniz, həmin antibiotiklər infeksiyalara təsir göstərməyə bilər. Buna görə də həkim məsləhəti olmadan çoxlu miqdarda antibiotiklərin qəbulunu dayandırmağı tövsiyə edirəm. Hətta vitaminləri belə özbaşına içməyi məsləhət görməzdim. Meyvə-tərəvəz, göy-göyərti, zəngin vitaminli qidalardan istifadə etməyi tövsiyə edirəm.

Ülviyyə Şahin