Logo
news content
User
Kateqoriyalar

Analitika

Həbsdəki daha bir sabiq icra başçısının səhhəti pisləşib

Bakı İstintaq Təcridxanasında saxlanılan İmişli rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin vəziyyəti pisləşib. Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə iclası keçirilməliydi. Lakin V. Hacıyevi məhkəməyə gətirmək mümkün olmayıb.

Hakim Azər Paşayev məlumat verib ki, sabiq icra başçısının ağciyərində pnevmoniya əlamətləri aşkarlanıb, bədən hərarəti də yüksəkdir: “Bu səbəbdən təqsirləndirilən şəxsin məhkəmədə iştirakı mümkün deyil”.

Məhkəmə prosesi oktyabrın 8-nə təxirə salınıb.

Bakı İstintaq Təcridxanasındakı mənbə bildirib ki, Vilyam Hacıyevin koronavirusa yoluxduğu ehtimal olunur. 

Xatırladaq ki, həbs olunan keçmiş icra başçılarından Nizaməddin Quliyev sentyabrın 8-də koronavirusdan vəfat edib. Əvvəl uzun illər Goranboyda, daha sonra Ağstafa rayonunda icra başçısı işləmiş, 2019-cu ilin dekabrında elə bu vəzifədə olarkən DTX əməkdaşları tərəfindən saxlanılan N.Quliyev Gəncədə COVİD-19 infeksiyasına yoluxanların müalicə olunduğu modul tipli xəstəxanada ölüb. Məhkəmə prosesi ilə əlaqədar Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılan sabiq İH başçısı orada koronavirusa yoluxub. 67 yaşlı N.Quliyev modul tipli xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həbsdəki sabiq icra başçılarından Qoca Səmədovun da səhhətində ciddi problem olduğu bildirilir. Yevlaxın icra başçısı olmuş Q.Səmədov bu səbəbdən sentyabrın 14-də həbsdən buraxılıb. Şəki Ağır Cinayətlər Məhkəməsi keçmiş icra başçısı barəsində həbs qətimkan tədbirini başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri ilə əvəzləyib. Qoca Səmədovun vəkili Elnur Vəliyev bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin ürəyində ciddi problemlər var. O, həm də kəskin hipertoniya və şəkərli diabetdən əziyyət çəkir. Vəkilin sözlərinə görə, sabiq icra başçısı həbs olunmazdan əvvəl onun üzərində açıq ürək əməliyyatı keçirilib və ürəyinə stend qoyulub.

“İstintaq dövründə Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılanda da onun vəziyyəti pisləşmişdi. Ona görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü. Ondan sonra vəziyyəti nisbətən yaxşılaşdı. Hətta deyərdim ki, orada aldığı müalicənin nəticəsi olaraq həyatda qaldı”, - deyə Elnur Vəliyev bildirib.

Qoca Səmədov məhkəməsi başladıqdan sonra Şəkidəki Penitensiar müəssisəyə köçürülüb. Orada saxlanıldığı müddətdə vəziyyəti getdikcə ağırlaşıb: 

“Biz bundan əvvəl də bir neçə dəfə vəsatət qaldırmışdıq ki, həbs qətimkan tədbiri dəyişdirilsin. Amma vəsatətlər təmin olunmurdu. Deyirdilər ki, o, həkim nəzarəti altındadır, problem yoxdur. Amma mən hər dəfə görüşəndə görürdüm ki, vəziyyəti pisləşir. Sonradan durumu kəskin ağırlaşdı. Onu əvvəlcə Şəkidəki Mərkəzi Xəstəxanaya apardılar. Oradan rəy verildi ki, vəziyyəti ciddidir. Bunları nəzərə alaraq, bu dəfə həbs qətimkan tədbiri dəyişdirildi”.

Xatırladaq ki, Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Qoca Səmədov və Nizaməddin Quliyevlə başlayıb. Bundan sonra DTX Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərinin binasında da əməliyyat keçirib və icra başçıları həbs olunub. Onlardan yalnız mərhum Nizaməddin Quliyevin məhkəməsi yekunlaşmışdı. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il 6 ay, birinci müavini olmuş Ramiz Tatarov isə 9 il azadlıqdan məhrum edilib. 

Gülər