Logo
news content
User
Kateqoriyalar

Analitika

“Hacıbala Abutalıbovun müavin təyin etdirmək istədiyi şəxslər savadsız idi”

2010-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri olmuş Rasim Quliyevin məhkəməsi davam edir. O, sentyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Rasim Quliyev 2018-ci ilin mayında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini müvəqqəti icra edən şəxs qismində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi-141 ünvanındakı yerli əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verməkdə təqsirləndirilir. O, məhkəmədə bildirib ki, Dilarə Əliyeva-141-145 ünvanlarındakı binaların sökülməsi barədə sərəncamı ondan xeyli əvvəl Hacıbala Abutalıbov imzalamışdı: “Həmin sərəncamda göstərilib ki, bu ünvanlarda söküntü-abadlaşdrma işləri aparılsın. O sərəncam məndən qabaq olub. Sərəncamda göstərilib ki, həmin ərazilər firmanın şəxsi vəsaiti hesabına sökülüb, abadlaşdırılsın. Amma bu gün də Dilarə Əliyeva küçəsi 141 ünvanı sökülməyib”.

Rasim Quliyevin sözlərinə görə, icazə sərəncamı və digər sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı: 

“Hacıbala Abutalıbov icra başçısı vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunandan sonra mən bu idarə tərəfindən hazırlanan və rəhbərliklə razılaşdırılmış sərəncama qol çəkmişəm. İcra başçısı əvəzi kimi gələn məktublara, sənədlərə baxmışam. Bu isə Əsasnaməyə uyğun idi. Mən sərəncamı ekstremal şəraitdə imzalamışam. Çünki həmin vaxt icra başçısı başqa vəzifəyə təyin olunmuşdu, müavin Rauf Pənahov isə dünyasını dəyişmişdi. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə məktubda göstərilmişdi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün tikintiyə nəzarət və icazə rəhbərliklə razılaşdırılmaqla, Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri Rasim Quliyevə həvalə olunub. Yəni mən özbaşına heç bir sənədə imza atıb, icazə verə bilməzdim. Demək istədiyim odur ki, mən bütün sənədləri rəhbərliklə razılaşdırmalıydım, belə də eləmişəm”.

Rauf Pənahovun vəfatından sonra müavin səlahiyyətlərinin ona həvalə edilməsi barədə Hacıbala Abutalıbovun icra başçısının blankında sərəncam imzaladığını deyən keçmiş aparat rəhbəri qeyd edib ki, həmin sərəncamı araşdıranda düzgün tərtib olunmadığını görüb. Çünki hüquqi baxımdan Abutalıbovun buna səlahiyyəti yox idi. İcra başçısının müavini səlahiyyətlərinin icrası üçün mütləq Prezident Administrasiyasının razılığı və göstərişi olmalıdır.

“Rauf Pənahovdan sonra onun rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Komissiyaya və Fövqəladə Hallar Komissiyasına mən rəhbərlik etmişəm. Bu vəzifələri isə maaşla yox, ictimai əsaslarla həyata keçirmişəm. Həmin vaxt mən ərizə yazıb işdən çıxa da bilmirdim, çünki başçı və müavin postu boş idi. Eldar Əzizov birinci müavin təyin olunandan sonra mən ərizəmi yazıb, işdən azad olundum. Mən öz ərizəmlə aparat rəhbəri vəzifəsindən azad olunmuşam, müavin vəzifəsindən yox. Belə çıxır ki, mən hələ də müavin vəzifəsində işləyirəm? Bu vaxta qədər o qurumdan müavin maaşı almamışam. Mənim müavin səlahiyyətlərini icra etməyimi Ramiz Mehdiyev də bilirdi, digər aidiyyəti şəxslər də. Eyni zamanda, mənim icra başçısı səlahiyyətlərini icra etməyim barədə nə sərəncam var, nə də başqa bir sənəd”, - deyə Rasim Quliyev bildirib.

O, əlavə edib ki, Rauf Pənahovun vəfatından sonra Hacıbala Abutalıbov onun yerinə müavin postuna üç nəfəri namizəd görüb. Onların üçü də Bakı şəhər İcra Hakimiyyətinin idarə rəisləri olub. Amma onların heç biri ərizə belə yazmaq qabiliyyətinə sahib olmayıb: 

“Hacıbala Abutalıbov mənə tapşırıq verdi ki, üç nəfər idarə rəisinin müavin vəzifəsi üçün təqdimatını hazırlayım. Həmin üç nəfərin arasında mənim adım yox idi. Təqdimatlar üçün onlardan ərizə almalıydım. Lakin ala bilmədim. Çünki onlar ərizə yaza biləcək savadda deyildilər. Mən bu barədə Hacıbala Abutalıbova məlumat verdim. Bundan sonra Hacıbala Abutalıbov müavin vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etməyi mənə həvalə elədi...”

Xatırladaq ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Rasim Quliyev 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra R.Quliyev aparat rəhbəri vəzifəsindən azad edilib.

Gülər