Logo
news content
User
Kateqoriyalar

Analitika

Fransa Ermənistan üçün ordu quracaq
İrəvanda imzalanan strateji bəyannamə İrəvan üçün ciddi risklər yaradır, yoxsa...

Fransa Prezidenti Emmanuel Makronun Ermənistana rəsmi səfəri regionun geosiyasi mənzərəsini kökündən dəyişdirməyə hədəflənmiş qərarlarla yadda qaldı. İrəvanda imzalanan "Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə" tərəflər arasındakı münasibətləri diplomatik dəstək müstəvisindən çıxararaq, birbaşa hərbi-strateji müttəfiqlik səviyyəsinə qaldırır. Ekspertlər tərəfindən bu sənəd Ermənistanın xarici siyasətində Rusiyadan uzaqlaşma və Qərbə inteqrasiya xəttinin ən pik nöqtəsi hesab olunur.

Mətbuat konfransında ən diqqətçəkən məqam Emmanuel Makronun Ermənistan Silahlı Qüvvələrinin yenidən qurulmasını Fransanın prioritetlərindən biri kimi elan etməsi oldu. Fransa liderinin ifadələri kifayət qədər sərt və birbaşa idi. O, Ermənistanın "Rusiya orbitindən" uzaqlaşmaq kursunu dəstəklədiyini bildirərək, Parisin bu yolda İrəvana hərbi təminat verəcəyini vurğuladı: "Biz Ermənistanın suverenliyini qorumaq və onun ordusunu modernləşdirmək üçün buradayıq. Bu, münasibətlərimizin əsas sütunudur".

Onu da qeyd edək ki, E.Makron çıxışında ilk dəfə olaraq Fransanın 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Ermənistana yardım göstərdiyini açıq şəkildə etiraf edib. Fransa Prezidenti bildirib ki, Paris həmin dövrdə Ermənistanın yanında olub və ona dəstək verib.

Makron qeyd edib ki, Fransa Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətindədir və İrəvana dəstəyini davam etdirəcək. Fransa liderinin bu açıqlaması diqqət çəkir. Çünki Paris indiyədək 44 günlük müharibə dövründə Ermənistana göstərilən dəstək barədə bu formada açıq bəyanat verməmişdi.

Xatırladaq ki, Azərbaycan uzun müddətdir Fransanı regionda qərəzli siyasət yürütməkdə və Ermənistanı açıq şəkildə dəstəkləməkdə ittiham edib.

Nikol Paşinyan isə bu bəyannaməni "gələcək uğurların başlanğıcı" adlandırmaqla, Ermənistanın artıq yeni bir təhlükəsizlik sisteminə daxil olduğunu nümayiş etdirdi. Birgə bəyannamə çərçivəsində imzalanan hərbi müqavilələr kifayət qədər genişmiqyaslıdır:

Ermənistanın "Airbus" şirkəti ilə nəqliyyat helikopterlərinin alınmasına dair müqavilə bağlaması İrəvanın hərbi-logistik imkanlarını artırmaq niyyətindən xəbər verir;

Süni intellekt, kiber-təhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlıq, eləcə də hərbi texnologiyaların tədqiqi üzrə memorandumlar Ermənistan müdafiə sənayesinin gələcəkdə Fransa texnologiyalarından tam asılı vəziyyətə gələcəyini göstərir;

"Sofema" qrupu ilə imzalanan müqavilə ordunun operativ ehtiyaclarının (geyim, fərdi təchizat və s.) dərhal qarşılanmasını nəzərdə tutur.

Fransa Ermənistanda təkcə silahla deyil, həm də maliyyə və infrastruktur layihələri ilə möhkəmlənir. Belə ki, Fransanın "Vinci Construction" və "Razel-Bec" kimi nəhəngləri tərəfindən inşa ediləcək Bərgüşad tuneli sadəcə nəqliyyat layihəsi deyil. Bu, Ermənistanın cənubundakı (Zəngəzur) kommunikasiya xətlərinə Fransanın birbaşa iştirakı deməkdir.

Bundan başqa, razılaşma çərçivəsində Fransa İnkişaf Agentliyinin Ermənistanın dövlət büdcəsinə birbaşa kredit dəstəyi verməsi və özəl bankları ("Ameriabank", "Evocabank") maliyyələşdirməsi Parisin Ermənistan iqtisadiyyatındakı rıçaqlarını ciddi şəkildə gücləndirir.

Analitik Riçard Kirakosyan hesab edir ki, bu, Ermənistanın təhlükəsizlik arxitekturasının "şaxələndirilməsi" üçün ən uğurlu addımdır. Lakin o xəbərdarlıq edir ki, bu yaxınlaşma Rusiya və Azərbaycanla münasibətlərdə ciddi risklər yaradır.

Müxalifət isə Makronun səfərini Paşinyanın "seçkiqabağı piar kampaniyası" adlandırır. Onlar iddia edirlər ki, Makronun Gümrüyə (Rusiya bazasının olduğu şəhər) səfəri Moskvanı qəzəbləndirməkdən başqa heç bir real təhlükəsizlik zəmanəti vermir.

Beləliklə, Paşinyan bu addımı "tarixi" adlandırsa da, bir çox ekspertlər Fransanın regiona bu qədər dərindən daxil olmasını "təhlükəli oyun" kimi qiymətləndirirlər.

Birincisi, Fransanın Ermənistanı hərbi cəhətdən gücləndirməsi İrəvanda revanşist meyilləri stimullaşdıra və sülh danışıqlarını dalana dirəyə bilər. İkincisi, bu yaxınlaşma regionun digər böyük oyunçuları - Rusiya və İranın maraqları ilə kəskin ziddiyyət təşkil edir. Bu isə Cənubi Qafqazı qlobal güclərin qarşıdurma poliqonuna çevirə bilər.

Prezident Makronun İrəvandan sonra Gümrüyə - Rusiyanın 102-ci bazasının yerləşdiyi şəhərə yola düşməsi isə simvolik olaraq Moskvanın regiondakı hərbi nüfuzuna meydan oxumaq kimi qəbul edilir.

Nəticə etibarilə, Paris-İrəvan oxu yeni bir hərbi-siyasi reallıq yaradır. Lakin bu reallığın regiona sülh, yoxsa yeni bir gərginlik dalğası gətirəcəyi rəsmi Bakının verəcəyi adekvat reaksiyalardan və İrəvanın bu "strateji dəstəyi" hansı məqsədlə istifadə edəcəyindən asılı olacaq.

Turqut