Formatın süqutu: Rusiya nəyə ümid edir?
Moskva “3+3” formatının qorunub saxlanılmasında maraqlı olduğunu bəyan edib
15 May 2026
“Rusiya Cənubi Qafqaz üzrə “3+3” formatında təmasların davam etdirilməsində maraqlıdır və bu platformanın tam fəaliyyətinin tezliklə bərpa olunacağına ümid edir”. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktoru Mixail Kaluqin TASS agentliyinə müsahibəsində bildirib.
O hesab edir ki, “3+3” formatı artıq Azərbaycanı, Ermənistanı, Gürcüstanı, eləcə də Rusiya, İran və Türkiyəni “əhatə edir” və “regional məsuliyyət prinsipi əsasında Cənubi Qafqaz dövlətləri ilə onların ən yaxın qonşuları arasında əməkdaşlığın qurulması üçün mühüm alətdir”.
Bununla yanaşı, Kaluqin vurğulayıb ki, “bir sıra obyektiv səbəblərdən, o cümlədən İran ətrafındakı vəziyyətlə əlaqədar olaraq, “3+3” formatında növbəti nazirlər görüşünün təşkilində müəyyən fasilə yaranıb”.
“Lakin təmasların davam etdirilməsinə maraq qalır. Platformanın tam fəaliyyətinin tezliklə bərpa olunmasını səbirsizliklə gözləyirik”, – o bildirib.
Bəli, məhz “səbirsizliklə” sözünü işlədib.
Ortada yalnız bir sual durur – bu, ümumiyyətlə kimə lazımdır? Rusiya hansısa nəzəri formatlar barədə düşünmək vəziyyətindədir? Məşhur “3+3” formatına İran və Rusiya daxil olmalıdır. Amma bu rejimlər Qafqaz dövlətlərindən hansına lazımdır? Moskvanın Qafqazın hər üç dövləti ilə mürəkkəb münasibətləri barədə hamımız bilirik. Davam edən müharibə fonunda isə İranın ümumiyyətlə heç nəyə vaxtı yoxdur. Bəs onda bu ritorika nəyə lazımdır? Kreml bununla nəyə nail olmağa çalışır?
Tanınmış gürcü politoloq, Rondeli Foundation-un nəzdindəki Avropa Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili Pressklub.az-a açıqlamasında bu suallara aydınlıq gətirib.

O, ilk növbədə xatırladıb ki, Gürcüstan “3+3” formatına hər zaman skeptik yanaşıb və hələ Ukraynada müharibə başlamazdan əvvəl də bu formatda iştirak etmək niyyətində olmayıb.
“Bunun səbəbi Rusiyaya olan etimadsızlıqdır. Bundan əlavə, əvvəlcədən tamamilə aydın idi ki, bu formatın məqsədi Avropa İttifaqı və ABŞ-ı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq, eləcə də formatın böyük iştirakçılarının kiçik iştirakçılar üzərində təsirini gücləndirmək üçün müəyyən koordinasiyaya nail olmaqdır.
Hazırda nə Rusiya, nə də İran Cənubi Qafqaz ölkələri üçün uyğun tərəfdaş hesab oluna bilməz. İqtisadi əlaqələr hər hansı siyasi formatlar və öhdəliklər olmadan da işləyə bilər. Üstəlik, bu mərhələdə həmin ölkələrlə yeni münasibətlərə daxil olmaq zərərli və risklidir.
Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin bəyanatına gəlincə, düşünürəm ki, bu, başlanmış, lakin yarımçıq qalmış layihənin əks-sədasıdır və onun iflasını açıq şəkildə etiraf etmək istəmirlər. Belə diskurs, əlavə qalmaqallar və qarşılıqlı ittihamlar olmadan layihənin tədricən unudulmasını təmin etməli olan strategiyasının bir hissəsi ola bilər”, – Kaxa Qoqolaşvili hesab edir.
Rauf Orucov