Logo
news content
User
Kateqoriyalar

Analitika

Fikrət Qoca: “Hamımız bilirdik ki, nə zamansa müharibə başlayacaq”

Müharibə günlərində növbəti həmsöhbətimiz Azərbaycanın xalq şairi, Yazıçılar Birliyinin birinci katibi Fikrət Qocadır.

  • Fikrət müəllim, Qarabağ müharibəsinin anidən başlaması Sizin üçün gözlənilən idimi?
  • Hamımız bilirdik ki, bu müharibə nə zamansa başlayacaq. Əlbəttə ki, Qarabağ müharibəsi nə zamansa başlamalıydı. Və bu günü də illərdir ki, gözləyirdik. Nəhəyat ki, o vaxt yetişdi.
  • Aparılan əməliyyatlar nəticəsində bir çox yaşayış məntəqələrimiz işğaldan azad olunub. Sizcə, hərbi əməliyyatlar davam etməlidir, yoxsa Minsk Qrupu çərçivəsində danışıqlar prosesi bərpa olunmalıdır?
  • Münaqişənin danışıqlar prosesi yolu ilə həll olunmasını istəyirdim. Amma mən də görürəm ki, ermənilər heç bir danışıqlara məhəl qoymur. Burda çox qəliz və bizim bilmədiyimiz bir çox şeylər var. Bilmədiyimiz şeylər haqqında nələrsə demək bizim üçün qəbahətdir. Mən qoca kişiyəm və mənə heç yaraşmaz. Çünki müharibə gedir və müharibə aparanlar özləri nə etdiklərini bizdən daha yaxşı bilirlər. Biz prezidentimizə inanırıq və bilirik ki, o, müdrikdir, nə edəcəyini bilən adamdır. Prezidentimiz çox səbrli və təmkinlidir.
  • Bölgənin böyük gücü olan Rusiyanın hazırda bu məsələ ilə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
  • Rusiyanın bizimlə olan münasibətini deyil, İrəvanla münasibətlərini qiymətləndirə bilərəm. Rusiyanın əlində imkan olsaydı, ermənilərin tərəfində olardı. Amma İrəvan özünü elə bir vəziyyətə qoydu ki, Rusiya heç bu məsələyə qarışa bilmir. Rusiyanın bu məsələdə tərəfsiz olması, elə bizə tərəf olması kimi bir şeydir. İrəvan ancaq Rusiyaya güvənirdi.
  • Qarabağ müharibəsi mövzusunda əsər yazmaq düşüncəniz varmı?
  • Mənim işim elə yazmaqdır. Bu, mənim sahəmdir. Hər gün, hər saat bununla bağlı düşünürəm.
  • Hazırkı mərhələdə həmvətənlərinizə nə deyə bilərsiniz?
  • Həmvətənlərimə deyirəm ki, hər kəs öz işini yaxşı görsün. Müharibəni də bu işi bilənlər aparır. Allaha çox şükür ki, ordumuz güclüdür. Mütəxəssislərimiz çoxdur, cəngavər oğullarımız var. Ali Baş Komandanımız çox müdrikdir. O, səbrlə, təmkinlə, şahmat üzərində düşünən kimi düşünür, hər bir işi çox dəqiqliklə edir. Biz elə etməliyik ki, bütün məsələlər qanun çərçivəsində həll olunsun, qanundan kənara çıxsaq, bir çox dövlətlər öz zəhərini üstümüzə tökəcəklər. Ona görə də, bütün işlər ehtiyatla aparılır. Bizim işimiz ancaq o ola bilər ki, mane olmaq əvəzinə, köməklik göstərək, onlara ruh yüksəkliyi verək. Hər kəs öz sahəsində öz işi ilə daha yaxşı məşğul olsun. Çünki bu da bir növ müharibəyə kömək deməkdir.
Ülviyyə Şahin