Logo
news content
User
Kateqoriyalar

Analitika

“Fələstin dövləti”nin sonu? Şeyxlərdən İsrailə tarixi çağırış
Ərəblər artıq müstəqil dövlət ideyasına inanmırlar

Hevron bölgəsindən olan bir qrup şeyx İsrailin iqtisadiyyat naziri Niru Barkata məktub göndərərək Fələstin Administrasiyası ilə əlaqələri kəsmək, müstəqil “əmirlik” yaratmaq, İsraillə birgə yaşamaq və “Avraam Sazişləri”nə qoşulmaq istədiklərini bildiriblər. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Qrup adından açıq şəkildə Əbu Sand kimi tanınan dini lider – şeyx Vadi əl-Cəbari çıxış edib. “Biz İsraillə əməkdaşlıq etmək, birgə yaşamaq istəyirik”, – o bəyan edib. Onun və daha dörd nüfuzlu şeyxin imzaladığı məktub Barkata ünvanlanıb. Nəşrin məlumatına görə, Barkat fevral ayından etibarən bu şeyxlərlə öz evində dəfələrlə görüş keçirib.

Məktubda “Hevron Əmirliyi”nin yaradılması və Fələstin Administrasiyasının tabeliyindən çıxmaq təşəbbüsü yer alır. Şeyxlər məktubun İsrailin baş naziri Benyamin Netanyahunun da diqqətinə çatdırılmasını istəyiblər. Məktubda qeyd edilir: “Hevron Əmirliyi İsraili yəhudi xalqının milli dövləti kimi tanıyacaq, İsrail də əmirliyi Hevron bölgəsinin ərəb sakinlərinin təmsilçisi kimi qəbul edəcək”.

Məktubda həmçinin, “Avraam Sazişlərinə qoşulmaq istəyi və “yalnız ziyan, ölüm, iqtisadi fəlakət və dağıntılar gətirən Oslo sazişlərinə ədalətli alternativin hazırlanması” üçün danışıqlar cədvəlinin müəyyənləşdirilməsi xahiş olunur.

Əl-Cəbari bəyan edib ki, “o, hətta min il sonra belə, Fələstin dövlətinin yaradılacağına inanmır”. Onun sözlərinə görə, 7 oktyabr hadisələrindən sonra İsrail heç vaxt buna imkan verməyəcək. Məktubu imzalayan digər şeyx isə adının açıqlanmasını istəməyib və əlavə edib: “Sadəcə Fələstin dövlətinin yaradılması barədə söhbətlər bizi fəlakətə aparır”.

Şeyxlər, fələstinlilərin İsraildə işləmək icazələrinin dayandırıldığı bir dövrdə alternativ variant təklif ediblər: sınaq dövründə Hevronun əvvəlcə 1000, daha sonra isə daha 5000 sakininə iş üçün giriş icazəsi verilir. Əl-Cəbari və digər yüksək vəzifəli şeyx bildiriblər ki, Barkat bu rəqəmi 50 minə və daha yuxarı qaldırmağa söz verib.

The Wall Street Journalın məlumatına görə, Barkat şeyxlərlə danışıqları İsrail hökuməti ilə koordinasiyada aparıb. İsrailli məmurlardan biri bildirib ki, Netanyahu təşəbbüsü dəstəkləyir, lakin buna ehtiyatla yanaşır və prosesin necə inkişaf edəcəyini gözləyir.

İsrailin “Kolya Hadaşot” Telegram kanalı isə xəbərdarlıq edib ki, bu ideyaya çox ehtiyatla yanaşmaq lazımdır: “Bu, Cənubi Afrika Respublikasındakı bantustanlar ideyasına çox bənzəyir. Orada da müstəqillik elan etmək istəyən qaradərili rəhbərlər vardı, amma heç bir ölkə onları tanımadı və bu layihə təkcə uğursuzluqla nəticələnmədi, həm də Pretoriyaya əlavə beynəlxalq təzyiqə gətirib çıxartdı. Qoy əvvəlcə bu “əmirliyi” Səudiyyə Ərəbistanı, İordaniya və Misir tanısın, ondan sonra biz də danışarıq”.

Ümumilikdə isə çox maraqlı hadisələr cərəyan edir. Belə çıxır ki, bəzi fələstinlilər ya öz təşəbbüsləri, ya da İsrail hakimiyyətinin təşviqi ilə Fələstin Administrasiyasını parçalamağa cəhd edirlər. Bu cəhd uğurlu ola bilərmi? HƏMAS-ın mütləq hakimiyyətini zəiflətmək və təşkilatın daxilində parçalanma yaratmaq üçün bu model Qəzza sektorunda da tətbiq edilə bilərmi? Bu halda, fələstinlilər özləri HƏMAS qruplaşmasını daxildən dağıdacaqlar. 

Məsələ ilə bağlı Pressklub.az-a danışan tanınmış israilli jurnalist və tarixçi Şimon Brimanın sözlərinə görə, bu layihənin arxasında islam və ərəb dünyası üzrə məşhur israilli ekspert, keçmiş hərbi kəşfiyyat əməkdaşı doktor Mordexay Keydar dayanır. 

“O, artıq 20 ildən çoxdur “əmirliklər” konsepsiyasını – Fələstin Administrasiyasını ayrı-ayrı əmirliklərə bölmək və İsrailin hər əmirliklə fərdi münasibətlər qurmaq ideyasını təklif edir. Keydarın əsas tezisi odur ki, Yaxın Şərqdə yalnız ailə və tayfa sistemi əsasında qurulmuş strukturlar uğurludur. Məsələn, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və başqaları. Onların hamısında hakimiyyət bir tayfanın əlindədir. Digər dövlət formaları – millətçilik və ya dini ideologiyalar əsasında qurulan sistemlər isə sabit deyil və çökür. Məsələn, İraqın Səddam Hüseyn dövrü, Suriyanın hər iki Əsəd rejimi dövrü.

Keydar təklif edir ki, İudey və Samariyada yaşayan ərəblər arasında şeyxlərin başçılıq etdiyi “xamula”lara – tayfa klanlarına arxalanmaq lazımdır. Bu cür xamulalar (tayfa birlikləri) bir neçə yüz ailədən və ya on minlərlə nəfərdən ibarət ola bilər. Onları uzaq qohumluq əlaqələri və eyni ailə-klana mənsubiyyət hissi birləşdirir. Xamulanın daxilində əlaqələr sabitdir və ideoloji dəyişkənliklərə məruz qalmır, bu klan daxilində hakimiyyət nərdivanı isə yüzillər boyu formalaşmış tarixə söykənir”– mütəxəssis bildirib.

O vurğulayıb ki, Mordexay Keydar böyük şəhərlərdəki iri xamulaların şeyxlərinə – tayfa başçılarına özlərini suveren əmir elan etməyi təklif edir. “Onun çağırışı ən güclü tayfa olan Əl-Cəbari xamulasının şeyxləri tərəfindən eşidildi. Bu klan Yerusəlimin cənubundakı Hevron şəhərində ən nüfuzlu tayfa sayılır. Ərəb Hevronuna faktiki olaraq rəhbərlik edən bu klanın liderləri İsrailə Fələstin Administrasiyasından asılı olmayan müstəqil əmirlik yaratmaq təşəbbüsü ilə müraciət ediblər. Bu bəyanatın səbəbi həm də ondadır ki, Hevron şeyxləri Ramallahda – Yerusəlimim şimalında yerləşən, tamamilə korrupsiyalaşmış və fəaliyyətsiz Fələstin Administrasiyası rəhbərliyinə tabe olmaq istəmirlər. Hevron ərəbləri hesab edirlər ki, Ramallahdakı ərəb rəhbərliyi onları idarə etmək haqqına malik deyil. Burada yerli şəhər ənənələri və tayfa qaydaları “fələstin xalqı” adlı mifdən güclüdür – bu mif isə vaxtilə SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və “KQB” tərəfindən hazırlanmışdı.

Hevrondakı əmirlik modeli Erixon, Tulkərəm və Nablus kimi iri şəhərlərdəki xamula və şeyxlər üçün də nümunəyə çevrilə bilər. Bu şəhərlərin tayfa başçıları da müstəqillik istəyə bilər ki, bu da mərkəzi Ramallah olan Fələstin Administrasiyasının tamamilə dağılmasına gətirib çıxarar. Bu regiondakı ərəblərin “əmirlikləşdirilməsi” 1993-cü ildə bütün ərəb şəhərlərini Tunis mənşəli Yasər Ərafatın terror dəstəsinin idarəçiliyinə verən, amma 32 il ərzində uğursuz nəticələnən Oslo sazişləri eksperimentinə son qoyacaq.

Əmirliklər sistemi İsrailə də sərfəlidir: hər şeyx və ya əmir İsrailə qarşı terror aktlarının qarşısının alınacağına şəxsən zəmanət verəcək, əvəzində isə iqtisadi güzəştlər və digər imtiyazlar əldə edəcək. Məsələn, İsrail Hevron yaxınlığında Əl-Cəbari tayfasının üzvləri üçün minlərlə iş yerinin açılacağı sənaye zonası qura bilər. Bu zaman şeyx onun tayfasının üzvlərinin terrorla məşğul olmayaraq maaş almasında şəxsən maraqlı olacaq. Amma bu əmirlik modelinin reallaşdırılması hələ çox uzaqdır – çünki onun qarşısında çoxlu opponentlər olacaq: on illər ərzində beynəlxalq yardımların milyardlarla dollarını talamağa öyrəşmiş Ramallahdakı korrupsioner Fələstin Administrasiyası rəhbərliyi, eləcə də HƏMAS, FƏTH kimi terror təşkilatları. Çünki şeyxlərin təhlükəsizlik zəmanəti verdiyi əmirliklər sistemi onların qanlı fəaliyyətinin sonu olacaq”, – Birman bəyan edib.

Rauf Orucov