Faciə yarışı və ya ölülərə imkan verin... ölsünlər
Onların tarixə çevrilməsinə imkan vermədikcə, biz də normal yaşaya bilmirik... qismən ölülərə çevrilirik
20 Aprel 2026
1990-cı ilin 20 Yanvar faciəsinə həsr olunmuş adi anım tədbiri keçirilirdi. Ayin xarakterli çıxışlar edildi, ənənəvi sükut dəqiqəsi elan olundu. Heç kim qeyri-adi hadisə gözləmirdi. Lakin...
Görünür, hər şey həlak olanlardan birinin yaxın qohumunun çıxışı ilə başladı. O, ilk olaraq danışdı, morqlara, xəstəxanalara getdiyini, doğmasının cəsədini tapana qədər neçə-neçə meyit gördüyünü nəql etdi: “Allah heç kəsə mənim yaşadığım ağrını yaşatmasın”.
Digər həlak olanların qohumları öz ağrılarını ən dəhşətli, ən unikal, ən təkrarsız ağrı kimi təqdim etmək üçün ilk baxışdan adi görünən bu cümləni sanki çağırış yerinə qəbul etdilər... Və sonra tədbirdə çoxlarını sarsıdan qəribə, ağrılı və anormal “yarış” başladı – faciələrin, ağrıların və ölümlərin yarışması.
Başqa bir həlak olanın qohumu ikinci çıxış edərək, dedi: “Siz heç olmasa doğmanızın cəsədini tapmısınız. Mənim yaxınımın ancaq bir əli tapıldı. Cəsəd tapılmadı. Biz hətta məsciddə nə edəcəyimizi, dini ayinləri necə yerinə yetirəcəyimizi bilmirdik...”
Daha sonra üçüncü həlak olanın qohumu çıxış etdi. Onun sözlərində itkinin ağrısından çox, doğmasının ölümünün “böyük faciə” kimi təqdim olunmasından gizli qürur hiss olunurdu: “Siz heç olmasa əlini tapmısınız. Bizimkinin cəsədi isə ümumiyyətlə yoxa çıxdı. Dənizə atıblar, yandırıblar – bu günə qədər bilmirik. Allah heç kəsə belə faciə yaşatmasın”.
Uzun müddət bu barədə yazıb-yazmamaq üzərində düşünürdüm. Anlayırdım ki, çox həssas mövzuya toxunuram. Lakin hiss edirdim ki, mən özüm də son otuz ildən artıq müddətdə azərbaycanlıların, ermənilərin, gürcülərin yaşadığı, həmçinin bu gün dünyanın müxtəlif yerlərində davam edən saysız-hesabsız faciələrin fonunda formalaşan prosesin içindəyəm. Məhz bu hiss məni bu yazını qələmə almağa vadar etdi. Bu yazı faciələrin özündən yox, bizim onları necə yaşadığımızdan, doğrudan da yaşayıb-yaşamadığımızdan, başqalarına da yaşamağa imkan verib-vermədiyimizdən bəhs edir.
Bibliyanın “izi” ilə getsək, yəqin ki, ilk dəhşətli cinayət kimi Qabilin öz qardaşı Habili öldürməsi göstərilə bilər. Bu hekayənin bütün məğzi ondadır ki, təbiət, dünya, həyat həmin ana qədər “qətl” anlayışı ilə tanış deyildi. Ağaclar sanki bu əməli damğalayırdı, ətrafdakı hər şey törədilmiş əməlin ağırlığından, vəhşiliyindən, qeyri-təbiiliyindən hayqırır, dəhşətə gəlirdi. Bu, təkrar olunmamalı olan ağlasığmaz, bənzərsiz cinayət idi.
Amma sonra... sonra qətllər adi hala çevrildi. Üstəlik, insanlar öz qəddarlıqlarını əsaslandırmaq üçün belə fikirlər irəli sürməyə başladılar: “Aqressiya və şər, əlbəttə, pisdir, amma nə edəsən, insan təbiəti belədir”. Yəni qətl pisdir, lakin artıq o qədər də qeyri-təbii, o qədər də unikal və faciəvi sayılmır. Və proses başladı: qatil varsa, deməli, o cəzalandırılmalıdır. Bu halda “bərabər cəza” isə cinayətkarın həyatına son qoymaq sayıldı. Beləliklə, səlahiyyət sahibi olan bir insanın başqa bir varlığı öldürməsi – edam etməsi – “qətl” anlayışından, ümumilikdə dəhşətli hadisə olmaqdan çıxarıldı. Tarixin erkən dövrlərində hakimiyyət çox vaxt eyni zamanda dini səlahiyyətlərə də malik olduğundan, bu edamlar ayin xarakterli tədbirlərə, bir növ tamaşalara çevrildi. İnsanlar sanki əyləncəyə gedirmiş kimi ailələri, uşaqları ilə birlikdə edamları izləməyə yollanırdılar.
Sonra kütləvi qətllər başladı. Əvvəlcə onlar da dəhşətli, qeyri-təbii hadisə, təkrarlanmamalı olan faciə kimi qəbul olunurdu. Lakin belə qətllərin tez-tez baş verməsi, bəzilərinin hakimiyyət tərəfindən “müharibə” anlayışı ilə rəsmiləşdirilməsi insanları daxilindəki mənəvi dissonansla mübarizə aparmağa məcbur etdi. İnsanlar “insanlıq” anlayışı ilə başqalarının həyatına son qoymağın gündəlik reallığı arasında balans axtarmağa başladılar (bu proses zamanı bəzən özləri də iştirakçıya və ya cinayət şərikinə çevrilirdilər).
Bunun üçün yeni kateqoriyalar ortaya çıxdı: əməl ədalətlidir, ya ədalətsiz; qəddardır, ya yox; qəsdən törədilib, yoxsa təsadüfən; şüurlu şəkildə edilib, yoxsa affekt halında. Tədricən hər bir qətlin, hətta kütləvi qətllərin ilkin qeyri-əxlaqi, qəddar və faciəvi mahiyyəti “unuduldu”. Bunun əvəzinə başqa mübarizə başladı: bir tərəfdən, özünün və ya tərəfdarlarının törətdiyi zorakılığı ədalətli və əsaslandırılmış kimi təqdim etmək, digər tərəfdən isə sənə və yaxınlarına qarşı törədilən cinayətlərin qeyri-əxlaqi, qəddar və bənzərsiz olduğunu sübut etmək uğrunda yarış. Ölənlər, qurbanlar hakimiyyət uğrunda mübarizədə, yeni müharibələrin, qisasın, cəzanın, “ilahi qəzəb”in əsaslandırılmasında alətə çevrildi. Terminlərin və anlayışların qarşıdurması qızışdı: “Kütləvi qətl” artıq o qədər də faciəvi səslənmir – bizdə sadəcə qətl deyil, “kütləvi qırğın” baş verib. “Kütləvi qırğın? Bu, bizim faciə ilə müqayisədə çox kiçikdir. Bizə qarşı ən dəhşətli, bənzərsiz cinayət baş verib – soyqırımı”. “Bizdə isə...”
“Sizdə qocaları öldürüblər, bizdə uşaqları. Sizdə sadəcə güllələyiblər, bizdə isə bıçaqla doğrayıblar...”
Və nəticədə elə bir mərhələyə gəlib çatmışıq ki, bu gün dünyanın yarısı qan gölündə boğulur və bu, artıq adi hala çevrilib. Gördüklərimizdən tüklərimiz də əvvəlki kimi biz-biz olmur.
Bəlkə də, yalnız bir dəhşət hissi qalıb – artıq bu mənzərənin heç kəsi dəhşətə gətirməməsi hissi.
Gedənlərə yas tutmaq – hər bir canlı varlığın, cəmiyyətin, xalqın, bütövlükdə bəşəriyyətin haqqıdır. Lakin getdikcə siyasi ritorikada, təbliğatda və əks-təbliğatda, öz ağrısının və faciəsinin “unikallığını” göstərmək cəhdlərində artıq nə hüzn qalır, nə də sakit xatırlama. Bunun əvəzinə ölənlərin adından bu günün həll olunmamış məsələlərini izah etmək, əsaslandırmaq və ya əksinə, bəraət qazandırmaq cəhdləri ortaya çıxır.
“Ölənlər bizi bağışlamaz”,
“Ölənlər tələb edir”,
“Həlak olanlar qisas istəyir”,
“Biz bunu etməsək, ölənlərin ruhu rahatlıq tapmayacaq”.
Gedənlərə bu cür istinadlar çox vaxt yaşayanların real problemlərindən yayınmaq, əvvəlki kütləvi qətllərin, müharibələrin, soyqırımların qurbanlarının ardınca bizi də növbəyə hazırlamaq üçün istifadə olunur...
Doğrudanmı, yaxınların xatirəsini bu şəkildə anmağın çıxılmazlığını və təhlükəsini anlamaq üçün bu “ölüm yarışları”, “faciə rəqabəti” bizi spiralvari şəkildə heç yerə aparmayan yeni, bənzərsiz, qlobal miqyaslı cinayətə – qlobal fəlakətə sürükləməlidir? Elə bir fəlakətə ki, ondan sonra artıq heç kim heç kimə bəraət qazandırmayacaq, ittiham edəcək, qisas alacaq və ya dəhşətə gələcək kimsə qalmayacaq...
Dünyasını dəyişmiş bir sıra tanınmış şəxslər var ki, mən müxtəlif bəhanələrlə onların qəbirlərini ziyarət etmirəm. Yaxınlarım bu davranışımın səbəbini soruşanda isə belə izah edirəm: “Onlara ölməyə imkan vermirlər. İnsanlar onların adı ilə pərdələnərək, onların adından ən ağlasığmaz addımlar atır, ən müxtəlif əməllər törədirlər. Nə vaxt onları rahat buraxacaqlar, nə vaxt dinc şəkildə uyumalarına imkan verəcəklər, onda heç bir xatırlatma və təşviq olmadan özüm gedib məzarlarını ziyarət edəcəyəm, güllər qoyacağam...”
Hansısa məqamda ölənləri buraxmaq lazımdır, onlara rahatlıq tapmaq imkanı vermək lazımdır. Onların ölməsinə, tarixə çevrilməsinə imkan vermədikcə, biz də normal yaşaya bilmirik. Zehni olaraq, düşüncələrimizlə qismən eyni məzarda qalırıq, özümüz də qismən ölülərə çevrilirik.
Ölülərə imkan verin... ölsünlər!
Anar Eyyubov
Foto: Uğur Yıldırım (“Sabah”)