Logo
news content
User
Kateqoriyalar

Analitika

Facebook da koronavirusa “tutuldu”

Facebook sosial şəbəkəsi Covid-19 virusu ilə bağlı yalan məlumatların və konspirativ nəzəriyyələrin yayılmasını əngəlləməyə başlayıb.

Bunu sosial şəbəkənin rəhbəri Mark Zukerberq deyib. O bildirib ki, koronavirusu müalicə etdiyi iddia olunan məhsulların sosial şəbəkədə reklamına da yol verilmir.

Facebook dezinformasiya ilə mübarizədə Dünya Səhiyyə Təşkilatı (WHO) ilə əməkdaşlıq edir. Zukerberq qeyd edib ki, WHO tərəfindən koronavirusla əlaqədar sosial şəbəkədə pulsuz elanların və informasiyaların yerləşdirilməsinə şərait yaradılacaq. Onun sözlərinə görə, istifadəçi bu mövzuda nəsə axtaranda xəbərdarlıq alacaq və Dünya Səhiyyə Təşkilatının, eləcə də ərazi üzrə səhiyyə orqanının səhifələrinə yönləndiriləcək. Beləliklə, xəstəlik haqqında obyektiv məlumatlandırma təmin olunacaq. Əgər istifadəçi virusun insandan insana keçməsinin qeydə alındığı ölkənin ərazisindədirsə, Facebook xəbər lentində müvafiq informasiya görəcək.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus Münhen Təhlükəsizlik Konfransında çıxışında sosial şəbəkələri, axtarış sistemlərini Covid-19 virusu mövzusunda dezinformasiyalara və şayiələrə yol verməməyə çağırmışdı: “Biz təkcə epidemiya ilə deyil, informasiya epidemiyası ilə də mübarizə aparırıq. Yalan məlumatlar koronavirusdan daha tez və asan yayılır və bu, heç də virusdan daha az təhlükəli deyil.”

Bu çağırışdan sonra Silikon vadisində WHO nümayəndəsi Endi Pattison Facebook, Google və Amazon təmsilçiləri ilə görüş keçirib. Pattison texnoloji şirkətlərə koronavirus haqqında informasiyaların yoxlanılması və dəqiqləşdirilməsində kömək təklif edib və tərəflər bu sahədə əməkdaşlığa qərar veriblər.

Qeyd edək ki, bu problem Azərbaycanda da müşahidə olunur. Martın 5-də Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah və Baş Prokurorluq birgə məlumat yayıb. Məlumatda deyilir ki, son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən guya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısı yayılıb.

“1994-cü il təvəllüdlü paytaxt sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı Şəhər Klinik Xəstəxanasında ağciyərlərin pnevmoniyası səbəbindən vəfat etməsi faktı üzrə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. N.Ramazanovanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək onun meyiti xarici və daxili müayinə olunub. Mərhumdan müayinə üçün götürülmüş nümunələrdə hər hansı bir infeksion xəstəlik aşkar edilməyib. Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma davam etdirilir”, - deyə açıqlamada bildirilib. Qeyd olunub ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.

Yaxşı olar ki, Azərbaycan jurnalistləri bu cür həssas mövzuda ehtiyatlı olsunlar və şayiələr deyil, yalnız təsdiqlənmiş məlumatlar yaysınlar.