Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistana enən sirli Rusiya təyyarəsi...

Rusiyaya məxsus “İl-96-300” təyyarəsi bu gün Ermənistana uçub.

Bu barədə uçuşları izləyən “Observer IL” (İsrail) monitorinq resursu və “Flightradar” portalında məlumat verilib.

“Rossiya” xüsusi uçuş dəstəsinə (Специальный лётный отряд «Россия») aid olan RA-96019 bort nömrəli təyyarə oktyabrın 5-də, yerli vaxtla saat 09:14-də Moskvanın “Vnukovo” hava limanından havaya qalxıb və Soçi-Trabzon xətti üzrə Qara dənizi keçərək 2 saat 40 dəqiqə sonra İrəvana enib. Təyyarənin kimləri daşıdığı və hansı məqsədlə Ermənistana getdiyi məlum deyil.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə suala cavabında belə bir məlumata malik olmadığını söyləyib.

“Rossiya” xüsusi uçuş dəstəsi Rusiya prezidentinin İşlər İdarəsinə tabedir. Bu qurum Rusiyanın yüksək vəzifəli dövlət adamlarına – prezidentə, baş nazirə, Federasiya Şurasının, Dövlət Dumasının, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin, İstintaq Komitəsinin sədrlərinə, Baş prokurora, xarici işlər nazirinə və Prezident Administrasiyasının, Silahlı Qüvvələrin, xüsusi xidmət orqanlarının rəhbərlərinə xidmət edir.

Rusiya siyasi rəhbərliyinə daxil olan şəxslərdən kiminsə Ermənistana səfərinə dair hər hansı məlumat yoxdur. Belə bir səfər olsa, yəqin ki, gizli qalmazdı. Ona görə də, güman etmək olar ki, Ermənistana səfər edənlər Rusiya xüsusi xidmət orqanları və ya silahlı qüvvələrinin nümayəndələridir. Hazırda Dağlıq Qarabağ cəbhəsində işğalçı Ermənistan ordusu Azərbaycan Ordusunun zərbələri qarşısında çox çətin anlar yaşayır və geri çəkilməyə məcbur olur. Ötən bir həftənin döyüşləri göstərir ki, Ermənistanın uzun müddət duruş gətirməsi və müqavimət göstərməsi mümkün deyil. Bu səbəblə Ermənistan hökuməti təcili məsləhətləşmələr və yardım üçün Moskvaya müraciət etmiş ola bilər.

Bəs, hökumət təyyarəsi ilə İrəvana səfər edən yüksək vəzifəli kəşfiyyat və ya ordu nümayəndəsi kim ola bilər?

Ehtimal edilən şəxs ilk növbədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) dirtektoru Sergey Narışkindir. O, Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri arasında ən nüfuzlu və qərarların qəbuluna ciddi təsiri olan yüksək rütbəli məmurdur. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin (məşhur QRU) rəisi, Baş Qərargah rəisinin müavini, admiral İqor Kostyukov və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov da İrəvana səfər etməsi ehtimal olunan vəzifəlilərdəndir.

Hər halda, yaxın günlərdə bu məxfi missiyanın iştirakçıları məlum olacaq.

Press Klub