Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan Paşinyana qarşı: “bizi oda atma!”
Qərb-İrəvan yaxınlaşmasına ölkə daxilində ciddi müqavimət var

ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda əsas prioritetlərindən biri Ermənistanın Rusiyadan siyasi, iqtisadi, hərbi asılılığını azaltmaq, Azərbaycana qarşı müqavimət potensialını artırmaq və İrəvanın Qərbə inteqrasiya kursuna hərtərəfli dəstək verməkdir. Vaşinqton və Brüssel Azərbaycanla düyünə düşən sülh müqaviləsinin imzalanmasını prosesin əsas hərəkətverici qüvvəsi hesab edir. Bu istiqamətdə diplomatik fəallıq yüksək səviyyəyə qaldırılıb, regionda təsiredici imkanları olan başqa ölkələrin (Türkiyə, Böyük Britaniya) potensialından da istifadə olunur.    

Ermənistan rəhbərliyinin Avropa (Aİ) İttifaqına üzvlüklə bağlı danışıqlara hazır olması barədə bəyanatının, Avropa Parlamentinin Brüsseli prosesə başlamağa çağırmasının ardından ABŞ və Aİ rəhbərliyi İrəvanla strateji planlaşdırma görüşünə qərar verdi. Aprelin 5-də ABŞ Dövlət katibi Entoni Blinken və Ursula Von der Leyen Baş nazir Nikol Paşinyanla Brüsseldə görüşəcəklər. 

Erməni rəsmiləri 5 aprel görüşü barədə nə deyirlər?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, görüşdə üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. Qriqoryanın sözlərinə görə, görüş həm də Ermənistanın müqavimət potensialını gücləndirmək məqsədi daşıyır.

Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bəyan edib ki, Paşinyan-Blinken-Von der Leyen görüşündə siyasi, iqtisadi və ya təhlükəsizlik sahələrində dəstəyin nəzərdən keçiriləcəyi gözlənilir.

Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün jurnalistlərə bildirib ki, hazırda Ermənistan Avropa İttifaqına üzvlük ərizəsinə baxmır. “Bu o demək deyil ki, biz ərizəni verib Aİ-yə namizəd olmağı gözləyirik. Müzakirə edirik, başa düşürük ki, Ermənistanda görüləsi çox işimiz var. Yaxın qonşularımız kimi illərlə gözləmək istəmirik, ona görə də ölkədə bir çox standartlar dəyişdirilməlidir”, - o, əlavə edib.

Ermənistanın “yeni dostları”nın hesabatı və Bakıdan cavab

Bu arada NATO-nun keçmiş baş katibi erməni lobbisi ilə fəal əməkdaşlıq edən Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi”nin yaydığı hesabat diqqət çəkir. Bu təşkilatda lobbi ilə əməkdaşlığa cəlb olunmuş sabiq avropalı diplomatlar və siyasətçilər toplaşıb.

Hesabatda vurğulanır ki, Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu açıq şəkildə bildirməlidir və bu, mühüm siqnal olacaq. Bundan başqa, Avropa diplomatlarının Ermənistanla bağlı daha bir neçə tövsiyəsi var: 

Ermənistana Aİ-yə namizəd statusu təklif edilməlidir;

Avropa Sülh Fondundan Ermənistana vəsait ayrılmalıdır;

Aİ üzv dövlətlərindən ikitərəfli hərbi yardımın artırılması vacibdir;

Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün birgə hərbi təlimlər keçirilməlidir;

Təhlükəsizlik sektorunda islahatlar aparılmalıdır;

Ermənistanın sərhədləri üzərində nəzarətinin gücləndirilməsi vacibdir;

Ermənistanı Avropa Enerji Birliyinə üzv olmağa dəvət edilsin;

İrəvanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlanılsın” və s.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu hesabatı sərt tənqid edib. “Hesabatda bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Bu müddəalar, Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsinə yönəldiyi iddia olunan sözügedən hesabatla bağlı ciddi suallar doğurur. Əslində bu, absurd təbliğatdan başqa bir şey deyil”, - nazirliyin rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bundan əlavə, hesabatın 5 aprel tarixində keçiriləcək ABŞ-Aİ-Ermənistan üçtərəfli konfransı ərəfəsində ictimaiyyətə açıqlanması, sözügedən hesabatın və onu imzalayan sabiq rəsmilərin əsl niyyətlərini üzə çıxarır.   

“Bizi oda atma” xəbərdarlığı

Ermənistanın daxilində ölkənin Qərblə sürətli yaxınlaşma cəhdlərinə münasibət birmənalı deyil. Müxalifətdəki əsas qüvvələr hakim partiyanı ölkəni ciddi təhlükəsizlik riskləri ilə üz-üzə qoymaqda ittiham edirlər.

Eks-prezident Serj Sarkisyanın lideri olduğu “Mənim şərəfim var” partiyasının deputatı Tiqran Abramyan bildirib ki, hakim gücün Ermənistanın Avropa gələcəyi ilə bağlı planı onların sülh proqramına bənzəyir, bunun təhlükəsizliklə heç bir əlaqəsi yoxdur. “Sonrakı illər göstərdi ki, onun Ermənistanla, Ermənistan ətrafında gedən proseslərlə, erməni xalqının başına gələnlərlə, ümumiyyətlə, reallıqla heç bir əlaqəsi yoxdur”, - deputat vurğulayıb. 

Tiqran Abramyan Ermənistanın Avropa İttifaqına doğru atdığı addımların qarşılığında real problemlərin öhdəsindən gəlməyə təminat olmadığı əlavə edib: “Ermənistan hakimiyyətinin bu gün vəd etdiyi şey təhlükəsizlikdir. Amma Aİ ilə mövcud gündəm bu çağırışlara heç bir şəkildə uyğun gəlmir”.

“Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan bildirib ki, hazırda onlar belə bir gündəmi müzakirə etmirlər. “Balanslı siyasət yürütmək Ermənistanın həyati maraqlarına cavab verir”, - o əlavə edib.

Birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Rusiya ilə münasibətlərin pisləşdiyi indiki mərhələdə Ermənistanın Avropa İttifaqına daxil olmaq ərizəsini həm təhlükəsizlik, həm də iqtisadiyyat baxımından riskli hesab edir. 

“Ukrayna, Gürcüstan və Moldovanın təcrübəsi göstərməli idi ki, qeyri-münasib şəraitdə və uyğun olmayan zamanda atılan addımlar nə qədər böyük insan həyatı, ərazi və iqtisadiyyat itkiləri ilə bağlıdır. Qlobal münaqişənin indiki misli görünməmiş vəziyyətində bu risklər çoxalır”, - təşkilat bildirib.

Konqresə görə, hökumət Ermənistanın Avropa İttifaqına üzv olmaq üçün müraciətindən sonra yaranan təhlükələrin hesabını ictimaiyyətə təqdim etməlidir. “Həmin risklərin və çağırışların aradan qaldırılması üçün təminatların əsaslandırılması, təhlükəsizlik və iqtisadiyyat sahəsində bütün çağırışların öhdəsindən gəlmək üçün zəruri olan real tədbirlər proqramından söhbət gedir”, - Erməni Milli Konqresinin bəyanatında deyilir.

 

Bakı: “ABŞ və Aİ Ermənistana görə məsuliyyət daşıyacaqlar” 

Azərbaycan da Ermənistan hakimiyyətinin Qərblə münasibətlərindəki dinamikanı izləyir və prosesin regiondakı sülh imkanlarına zərbə vurğunu bəyan edir.   

“Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır”, - XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. “Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”, - o əlavə edib.

Nazirliyin nümayəndəsi bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

Beləliklə, Ermənistan rəhbərliyi aprelin 5-də Qərb liderləri ilə strateji planlaşdırma görüşü ərəfəsində həm ölkə daxilindən, həm də Azərbaycandan ciddi xəbərdarlıq alıb. İrəvanın əsas “müttəfiqi” Rusiya rəhbərliyinin başı isə hələlik qarışıqdır, yəqin ki, yaxın günlərdə onların reaksiyası olacaq. Paşinyan komandasının bu görüşdən imtina etməsi inandırıcı deyil, amma onun təbliğat-təşviqatını mümkün qədər azaldıb, qıcıq yaratmayan notlar üzərində ritorikaya üstünlük verəcəyi ehtimal olunur. Daha sonra aprelin 5-ə qədər Azərbaycanın işğalda olan 4 kəndinin boşaldılması ilə bağlı real addımlar atıla bilər. Əslində bu məsələnin indiki məqamda gündəmə gətirilməsi təsadüfi deyil, Bakının Qərblə birtərəfli görüşə sərt reaksiyasını yumşaltmaq məqsədi daşıyır.

Turqut