Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi”
Gəlir bəyannamələri açıqlandı, Paşinyan komandasında ildə 100 min qazanan yoxdur

Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi siyasi qüvvələrin lider və namizədlərinin gəlir və əmlak bəyannamələri açıqlanıb. Sənədlərdən məlum olur ki, həm hakimiyyət, həm də müxalifət düşərgəsində milyonlarla dollarlıq sərvətə sahib siyasətçilər var.

Erməni mətbuatı yazır ki, Baş nazir Nikol Paşinyan son bir ildə maaş və mükafatlar şəklində ümumilikdə 86 min dollar gəlir əldə edib. Bu isə orta hesabla aylıq 7200 dollar deməkdir.

Bəyannaməyə əsasən, bu il aprelin 1-nə onun bank hesablarında təxminən 11 min dollar ekvivalentində vəsait olub. Maraqlıdır ki, nağdsız ödənişləri fəal şəkildə təbliğ edən Paşinyan özündə təxminən 700 min dram və 2700 dollar həcmində nağd pul saxlayıb.

Mediada yayılan məlumata görə, Baş nazir yaxın vaxtlarda Sünikdə mağazalardan birində alış-veriş zamanı kartla deyil, 20 min dramlıq əsginasla ödəniş edib.

Hakim Vətəndaş Müqaviləsi Partiyasının seçki siyahısında ikinci yerdə qərarlaşan xarici işlər naziri Ararat Mirzoyan bir il ərzində 82 min dollar maaş və mükafat alıb. Bundan başqa, ezamiyyətlər üçün ona əlavə olaraq 16 min dollar ödənilib.

Siyahıda üçüncü olan səhiyyə naziri Anahit Avanesyan isə il ərzində 74 min dollar gəlir əldə edib. Müdafiə naziri Suren Papikyanın gəliri 80 min dollar təşkil edib. O, əlavə olaraq 16 min dollar icarə gəliri də əldə edib. Aprelin 21-nə olan məlumata görə, Papikyanın hesablarında 130 min dollara yaxın vəsait olub.

Hakim partiyanın ilk beşliyini tamamlayan iqtisadiyyat naziri Gevorg Papoyan isə il ərzində 79 min dollar maaş alıb. Universitetdə müəllim kimi fəaliyyət göstərən Papoyan əlavə olaraq 7 min dollar da tədris fəaliyyətindən qazanıb. Onun hesablarında 77 min dollar vəsait olduğu bildirilir.

Müxalif “Güclü Ermənistan” blokunun ilk sırasında yer alan Narek Karapetyanın hesablarında mayın 13-nə olan məlumata görə, 4 milyon 320 min dollar olub. O, üç şirkətin səhmdarıdır. Karapetyanın Ermənistanda mənzili yoxdur, lakin Moskvada ortaq mülkiyyət əsasında mənzilə sahibdir. Bundan əlavə, onun “Mercedes-Maybach” və “Toyota Camry” markalı avtomobilləri var.

Blokun ikincisi, vəkil Aram Vardevanyan son bir ildə hüquqi xidmətlərdən təxminən 200 min dollar gəlir əldə edib. Hazırda onun hesablarında yarım milyon dollara yaxın vəsait var. O, həmçinin “BYD” və “Lexus” markalı iki avtomobilə sahibdir.

“Güclü Ermənistan” siyahısında dördüncü olan David Qazinyan isə 53 min dollar maaş aldığını bəyan edib. Onun hazırkı vəsaitlərinin həcmi 530 min dollara yaxındır. Qazinyan 27 min dollar dəyərində “Breguet Marine” qol saatını da bəyannaməyə daxil edib.

Blokun ilk beşliyini tamamlayan Ruben Mxitaryan bir il ərzində 410 min dollar maaş aldığını göstərib. 33 yaşlı siyasətçinin hesablarında hazırda təxminən yarım milyon dollar olduğu qeyd olunur.

Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” blokunun baş nazirliyə namizədi olan Köçəryan son bir ildə dövlətdən 41 min dollar pensiya aldığını bəyan edib. Onun hesablarında hazırda 1,4 milyon dollar vəsait olduğu göstərilir. Maraqlıdır ki, keçmiş prezident nə avtomobil, nə də bahalı əşyalar bəyan edib.

Blokun ikinci nömrəsi, deputat İşxan Saqatelyan parlamentdən bir il ərzində 32 min dollar maaş aldığını göstərib. Hazırda onun hesablarında 80 min dollar vəsait var. Saqatelyan 22 min dollar dəyərində üzük də bəyan edib.

“Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı Qagik Sarukyanın bəyannaməsi isə ən diqqətçəkən sənədlərdən biri olub. Aprelin 30-na olan məlumata görə, onun şəxsi hesablarında 43,5 milyon dollar vəsait var. Sarukyan ümumilikdə 14,3 milyon dollar dəyərində bahalı əşyalar bəyan edib. Bunlar arasında 3 milyon dollarlıq almaz qaşlı qızıl üzük və təxminən 300 min dollarlıq pərdələr də yer alır.

Bundan başqa, Sarukyan 18 avtomobil və 24 daşınmaz əmlak obyektinə sahib olduğunu göstərib. O, son bir ildə axtarışda olan oğlundan 6,5 milyon dollar hədiyyə aldığını da bəyan edib.

Partiyanın ikinci nömrəsi Andranik Tevanyanın hazırda təxminən 270 min dollar vəsaiti var. O, həmçinin 137 min dollar həcmində nağd pul saxladığını bildirib.

İrəvanın keçmiş meri Hayk Marutyanın rəhbərlik etdiyi “Yeni Güc” blokunun bəyannaməsi də diqqət çəkib. Aprelin 20-nə olan məlumata görə, Marutyanın hesablarında 630 min dollar vəsait olub. O, əksəriyyəti Çexiyada yerləşən 29 daşınmaz əmlak obyektinə sahibdir.

Ən az maliyyə vəsaiti olan siyasətçilər sırasında isə “Milli Demokratik Qütb”ün lideri Gevorq Karapetyan və Xristian-Demokrat Partiyasının ilk nömrəsi Levon Şirinyan yer alıb. Onların bəyannamələrində hesablarda “0” vəsait göstərilib.

Digər siyasi fiqurlarla müqayisədə daha modest maliyyə imkanlarına malik şəxslər arasında isə Erməni Milli Konqresinin nümayəndəsi Levon Zurabyan, Şnorapetakan Partiyasının namizədi Qurgen Simonyan və “Alyans” blokundan Aşot Qalstyanın adları çəkilir.

Turqut