Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan əvvəlki mövqeyinə qayıdır? 

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutunyanla görüş keçirib. Bu, Paşinyanın Ermənistandakı parlament seçkilərindən və Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından sonra Arutunyanla ilk görüşü idi. 

Ermənistan baş nazirinin ofisi iyulun 9-da yaydığı məlumatda qeyd edib ki, Paşinyan həmsöhbətinə hazırkı vəziyyətlə bağlı ətraflı məlumat verib. Paşinyan deyib:

“Bizim gündəliyimizdə Artsaxın statusunun dəqiqləşdirilməsi ən mühüm vəzifə olaraq qalır. Biz deməliyik ki, 9 noyabrdan sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat verməklə, faktiki, bu gündəliyi işçi gündəlik kimi irəli sürüblər. Biz də sonrakı hərəkətlərimizi dəqiqləşdirməli, yeni situasiyada müəyyən strategiya qəbul etməli, məqsədlərimizə çatmağın yollarını müəyyənləşdirməliyik”.

  1. Arutunyan isə hazırda Qarabağda həyata keçirilən sosial yönümlü işlərdən danışıb:
“Bugünkü sosial siyasət qətiyyətlə deməyə imkan verir ki, indi diqqət mərkəzində olmayan bir ailə də yoxdur və bütün bu işlər birmənalı şəkildə yalnız Ermənistan hökuməti tərəfindən verilən vəsaitlər hesabına görülür. “Hayastan” ümumerməni fondunun topladığı vəsaitlər isə yaşayış evlərinin tikintisinə və infrastrukturun inkişafına xərclənir. Bu gün Artsax böyük tikinti meydançasıdır...” 

Arutunyan da Qarabağın statusu məsələsində ümidini ATƏT-in Minsk Qrupuna bağladığını söyləyib: 

“Xoşbəxtlikdən status prinsipi ATƏT-in Minsk Qrupunun gündəliyində müharibədən əvvəl olduğu kimi qalır. Biz bu məsələnin gündəlikdə qalmasına çalışmalıyıq”.

Separatçıların başçısı deyib ki, “Artsaxın müstəqilliyə gedən yolu” müzakirə mövzusu deyil:

“Təhlükəsizliyə gəlincə isə deməliyəm ki, müdafiə ordusu sülhməramlılarla birlikdə vəziyyətə nəzarət edir”. 

Bu görüşdə müzakirə olunan bir neçə məsələ Azərbaycanı narahat etməyə bilməz. 

Əvvəla, gözləntilərin əksinə olaraq, İrəvan Qarabağ problemində müharibədən əvvəl tutduğu mövqeyə qayıtdığını nümayiş etdirir. Paşinyan Qarabağın “müstəqilliyə gedən yolu” ilə bağlı yeni strategiyanın işlənməsinin vacibliyindən danışır. Bu məsələdə separatçıların başçısı ilə onun arasında həmrəylik var. Onlar ATƏT-in Minsk Qrupunun müharibədən əvvəlki mövqeyini davam etdirməsini məmnunluqla qeyd ediblər. Bu durum Kremli də qane edir. Çünki bu, o deməkdir ki, problem olduğu kimi qalır, tərəflərin mövqeləri antoqonistdir və Rusiyanın sülhməramlı qüvvələrinə ciddi ehtiyac var. Yəni idarəolunan gərginlik Moskvanın maraqlarına uyğundur.

İkinci vacib məqam İrəvanın Qarabağ ermənilərinə siyasi və iqtisadi dəstəyini davam etdirməsidir. Bunu Paşinyan bir daha təkrarlayıb, Arutunyan isə bütün sosial-iqtisadi, infrastruktur layihələrinin Ermənistan tərəfindən həyata keçrildiyini xüsusi vurğulayıb. Bu məsələdə də Rusiyanın marağı var. Çünki Qarabağ ermənilərinin dirçəldilməsi üçün maddi yardımların davam etdirilməsi Rusiyanı əlavə yükdən azad etmiş olur. 

Təhlükəsizlik məsələri üzrə ekspert İlham İsmayıl “Press Klub”a şərhində bildirdi ki, separatçı rejimin rəhbəri Araik Arutunyan faktiki olaraq Paşinyanın komandasının üzvü hesab olunur. Ekspert xatırladır ki, seçkilərdən sonra başda Vitali Balasanyan olmaqla Qarabağ klanının Koçaryana yaxın üzvləri Arutunyana qarşı mitinqlər təşkil etdilər, amma nəticəsi olmadı: 

“Bu görüş həm Arutunyana, həm də Paşinyana təbliğat baxımından lazım idi. Paşinyan siyasətində Qarabağın öndə dayandığı və oranın əhalisini diqqət mərkəzində saxladığı mesajını verdi, Arutunyan da Paşinyanın yanında olduğunu Qarabağ ermənilərinə bir daha göstərib, rəsmi İrəvanla isti münasibətini nümayiş etdirmiş oldu. Əlbəttə ki, Qarabağ mövzusu görüşün əsas müzakirə mövzusu idi. Onlar Qarabağın statusunun ön planda olduğunu, həmsədrlərin də “işgüzar gündəmi”ndə dayandığını və bu istiqamətdə yeni strategiya müəyyənləşdirməyin vacibliyini qeyd ediblər. Bu, o deməkdir ki, düşmən böyük qüvvələrə arxalanıb, iddiasını davam etdirir. Üstəlik, Qarabağ ermənilərinin bölgəni tərk etməməsi üçün sosial-iqtisadi problemlərin birgə həllindən, yeni mənzillərin tikintisindən danışılıb və İrəvanın qayğısı vurğulanıb. Məqsəd yerli əhalinin Xankəndini tərk etməməsinə nail olmaqdır”.

İ. İsmayıl hesab edir ki, bizim diqqətimizi çəkən və təbii ki, narahat edən məsələ yenə də “Artsaxın müstəqilliyinin müzakirə predmeti olmadığının” bir daha Arutunyanın və Paşinyanın dilindən səslənməsidir: 

“Bu məsələdə həmsədrlərin mövqeyinin dəyişmədiyini deməklə, düşmən liderlər yenə də “öz müqəddaratını təyinetmə” kimi köhnə havanı səsləndiriblər və qeyd ediblər ki, bu məsələdə mübarizə davam edir”. 

Ekspertin sözlərinə görə, təhlükəsizliyin erməni silahlı birləşmələri və Rusiya sülhməramlıları tərəfindən qorunmasının qeyd edilməsi isə reallıqdır:

“Biz o ərazilərə nə hərbi, nə siyasi yolla müdaxilə edə bilirik. Hələ ki... Yaxın perspektivdə 8 ay davam edən siyasət dəyişməzsə, Qarabağ problemi yenidən beynəlxalq güclərin təsiri altına düşə bilər və o zaman nəticələrin bizim maraqlara uyğun olacağı da şübhəli ola bilər. İndiki situasiyada 10 noyabr bəyanatının vacib müddəalarının reallaşması istiqamətində fəal diplomatik gedişlərə ehtiyac var. Erməni silahlı birləşmələri çıxarılmalı, keçmiş Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının yurdlarına qaytarılması prosesinə start verilməli, Qarabağdaxili yolların maneələrini qaldırılıb, təhlükəsizliyi təmin olunmalıdır”.

Turqut